Məhkəmə qərarları › İş №2(060)-2684/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2684/2023

08.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2684/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən fərdi yaşayış evinə xidmət edən və onun adına olan **********07579 koda NDM- 031385 nömrəli xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1180,78 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həyat yoldaşı ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində 2015-ci ildən yay aylarında yaşayır və digər mövsümlərdə isə arabir gedib-gəlir. xx.xx.2023-cü ildə həmin evə quraşdırılan işıq xəttində qapanma olmuş və qəfildən cavabdeh təşkilat tərəfindən quraşdırılmış sayğac yanmışdır. İddiaçı həmin an H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən işıq idarəsinə zəng vurmuş və həmin idarənin rəisi digər işçilərlə birlikdə bu əraziyə gələrək baxış keçirmiş və təhlükənin qarşısını almaq üçün tədbirlər görüb getmişlər. Həmin vaxt müvəqqəti olaraq naqillər onlar tərəfindən birləşdirilmişdir. İddiaçıya 3 gün ərzində yeni sayğac gətirib quraşdıracaqlarını bildirmişlər. Ona hələlik ielektrik enerjisindən bu şəkildə istifadə etməsi bildirilmişdir. Həmin gün isə cavabdeh təşkilatın nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixli, R- 287583 saylı akt da tərtib olunmuşdur. 3 gündən sonra, yəni xx.xx.2023-cü ildə evə yeni sayğac quraşdırılmışdır. İddiaçı sayğac göstəricisi əsasında işıq pulunu ödəmiş, lakin artıq pulların çıxıldığını gördükdə o bunun səbəbini araşdırmışdır. Cavabdeh təşkilatdan məlum olmuşdur ki, iddiaçının xəbəri və iştirakı olmadan həmin sayğac quraşdırılmamasından 1 neçə saat qabaq, gecə vaxtlarında həmin əraziyə Bakı Nəzarət Departamentindən nümayəndələr gələrək guya iddiaçı tərəfdən işığın şəbəkəyə birbaşa qoşulmasını aşkar edərək NDM-031385 saylı akt yazmış və bu akt əsasında da 1180,78 manat cərimə borcu hesablanmışdır. Həmin hesabat yüksək gərginlikli qeyri-yaşayış sahələrinə sərf olunan enerji sərfiyyatı hesablaması ilə aparılmışdır. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 06 fevral 2023-cü il tarixdə əməkdaşlar tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, mənzilə məxsus elektrik sayğacı yanaraq kül olmuşdur. Belə ki, işlədicilər şəbəkəyə birbaşa qoşulması halı aşkar edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən isdifadə olunmasını bir daha sübut edir. Bununla bağlı 1173,90 manat itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı qeyd edilən akta əsasən ona məxsus mənzilə 1180,78 manat hesablaşma aparıldığını bilərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1978-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, Dəvəçi rayonu, Uzunboyad kəndindi ərazisində qeydiyyatdadır. 23 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 308 saylı arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivi yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İddiaçının yaşadığı fərdi yaşayış evinə dair cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 287583 nömrəli aktda göstərilmişdir ki, sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilə məxsus elektrik sayğacı yanaraq tam yararsız vəziyyətə düşmüşdür. E.E.İ.Q-na uyğun olaraq mənzilə “SMART” tipli sayğac quraşdırılması tələb olunmuşdur. İddiaçının yaşadığı fərdi yaşayış evinə cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 031385 nömrəli aktda göstərilmişdir ki, E.E.İ.Q-na uyğun elektrik sayğacına baxış zamanı məlum oldu ki, sayğac tamamilə yanaraq kül olmuşdur. Belə ki, işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. **********07579 saylı abunə hesabından görünür ki, xx.xx.2023-cü il tarixli akt əsasında iddiaçının yaşadığı fərdi yaşayış evinə 1173,90 manat əlavə sərfiyyat hesablanmışdır. İş materiallarına video-disk əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixində iddiaçının yaşadığı fərdi yaşayış evinin elektrik sayğacında yanğın baş vermiş və sayğac yanaraq yararsız vəziyyətə düşmüşdür. Cavabdehin əməkdaşları həmin vaxt ünvanda yoxlama aparmış və bu halı təsdiq edən akt tərtib etmişlər. İddiaçı həmin vaxta qədər onun evində sayğacdan kənar elektrik xətti olmadığını, həmin vaxt cavabdehin əməkdaşları tərəfindən onun mənzilinin elektrik xətinin birbaşa şəbəkəyə qoşulduğunu və 3 gün müddətində yeni sayğacın quraşdırılacağının bildirildiyini qeyd etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş əlavə sərfiyyatın hesablanması barədə qərardan görünür ki, iddiaçıya sutkanın 24 saatında elektrik enerjisindən istifadə etməsi nəzərə alınmaqla, 74 hesabat günü üçün ümumilikdə 9272 kilovat əlavə sərfiyyat hesablanmışdır. Həmin sərfiyyatın 436 kilovatı 0,08 manatdan, 244 kolovatı 0,09 manatdan, 8592 kolovatı isə 0,13 manatdan hesablanmaqla, cəmi 1173,90 manat əlavə sərfiyyat üçün borc yazılmışdır. Qeyd edilməlidir ki, iddiaçının yaşadığı evə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda evdə sayğacdan kənar elektrik xəttindən istifadə edilməsi barədə heç bir qeyd yoxdur. Bundan iki gün sonra, yəni xx.xx.2023-cü il tarixli aktda isə evdə sayğacdan kənar xətt olduğu qeyd edilir. Yəni, iddiaçının evində sayğacdan kənar xətt olduğu halda, xx.xx.2023-cü ildə həmin hal cavabdehin əməkdaşları tərəfindən aşkar edilməli idi. Qeyd edilənlər isə evdə sayğacdan kənar xəttin məhz xx.xx.2023-cü ildə çəkilməsi qənaətinə gəlməyə imkan verir. Məhkəmə hesab edir ki, iddiaçıya əlavə sərfiyyat yalnız sayğacdan kənar elektrik xəttindən istifadə edildiyi xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər, yəni 2 gün üçün hesablana bilər. Cavabdehin 74 gün üçün hesabladığı sərfiyyatın 9272 kilovat olması nəzərə alınmaqla, 2 gün üçün hesablanmalı olan sərfiyyat təqribən 251 kilovat təşkil edir. Həmin sərfiyyat hər kilovat üçün 0,13 manatdan götürülərsə, iddiaçıya hesablanmalı olan dəymiş ziyan məbləği 32,5 manat təşkil edir. Həmin məbləğ isə iddiaçıya hesablanmış 1173,90 manatdan çıxıldıqda silinməli olan məbləğ 1141,4 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Ona görə də iddia qismən təmin edilməli və iddiaçıya hesablanmış 1141,4 manat borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus abonent koduna xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1141 (min yüz qırx bir) manat 40 (qırx) qəpik borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar