Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2689/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, onun tərəfindən qaz sağacına müdaxilə kimi qiymətləndirilən, buna görə də itirilmiş qaz sərfiyyatı kimi qiymətləndirilən 777,60 manat dəyərində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, 27 oktyabr 2023-cü il tarixdə gecə saatlarında güclü külək nəticəsində ona məxsus olan Sumqayıt şəhəri, Katec yaşayış massivi, 17-ci məhəllə, 29 nömrəli evinin divarına bərkidilmiş qaz sayğacının üzərinə ətrafdakı tikililərdən taxta parçası düşmüş və sayğacın plasmas qapağı şüşəsi çatlamışdır. Sayğacın mexaniki hissəsi heç bir zərər görməmiş, plombu qırılmamış və belə vəziyyətdə işini davam etdirmişdir. Bununla əlaqədar olaraq dərhal o, Cavabdeh İB Sumqayıt QİS-nə və Sumqayıt şəhər İcra hakimiyyətinə müraciət etmişdir. Müraciəti əsasında 19 dekabr 2023cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçiləri əraziyə gələrək sayğaca baxış keçirərək akt tərtib etmiş və sayğacın yenisi ilə əvəz olunmasının zəruri olduğunu qeyd etmişdirlər. Eyni zamanda Cavabdeh İB qaz istismar sahəsinin nümayəndələri 09 yanvar 2024-cü il tarixdə evə gələrək ona aid olan Elster tipli, G-6 markalı, ******* nömrəli üzərində 19253 kub metr göstəricisi və 228009 nömrəli plombu olan mexaniki qaz sayğacının plombunu komissiya tərəfindən qıraraq götürmüş və yerinə yeni Elster tipli, G- 4 markalı, 10579191 nömrəli, göstəricisi 01391 kub metr olan, 13670801 nömrəli plombla plomblanmış mexaniki qaz sayğacı quraşdırıb ona təhvil vermişdirlər. Sayğacın (plombun) çıxarılmasına səbəb kimi növbəti dövlət yoxlaması göstərilmişdir. Bu barədə ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və bir nüsxəsi ona verilmişdir. Aktın digər qeydlər bölməsində sayğacın ekranı şüşəsinin kənar təsir nəticəsində qırılması göstərilmişdir. Köhnə sayğac çıxarılmamışdan öncə və yeni sayğac quraşdırılandan sonra borularda olan qaynaq və yivli birləşmələr sabun köpüyü ilə yoxlanılmış və onlarda qaz sızması müşahidə edilməmişdir. Sonrakı mərhələdə ona məlumat verilmədən və iştirakı təmin edilmədən, köhnə ******* nömrəli qaz sayğacı Sumqayıt QİS tərəfindən 26 yanvar 2024-cü il tarixdə Azərbaycan Metrologiya İnstutu PHŞ “Kommulal laboratoriyalara” aparılmış və 31 yanvar 2024-cü il tarixdə ona baxış keçirilmişdir. Baxış zamanı göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağı şüşəsi fiziki təsir nəticəsində sınmışdır. Sayğacın hesablama mexanizminə maneə törədilməsi mümkündür. 13 fevral 2024-cü il tarixdə Cavabdeh İB Sumqayıt DİS-nin məsul işçiləri tərəfindən ******* saylı akt tərtib edilmiş və Metrologiya İnstitutu PHŞ “Kommunal labaratoriyalar”nın rəyi əsasında sayğacın fiziki təsir nəticəsində sındırılması və hesablama mexanizminə maneə törədilməsi mümkünlüyünü göstərmişdirlər. Aktda sayğacın qoruyucu qapağının şüşəsinin sınma səbəbinin aydınlaşdırılmadığı, sayğacın hesablama mexanizminə maneə törədilməsi və ya zədələnməsi faktının aşkarlanıbaşkarlanmadığı dəqiq göstərilmədiyindən “hesablama mexanizminə maneə törədilməsi mümkündür” ifadəsi qeyd edilərək mülahizələr yürüdüldüyündən onu imzalamaqdan imtina etmişdir. 13 fevral 2024-cü ildə Cavabdeh İB Sumqayıt DJS nümayəndələrinin tərtib etdiyi və onun imza etmədiyi ******* saylı akt əsasında elə həmin gün, yəni 13 fevral 2024cü il tarixdə dəymiş ziyanın bərpası barəsində akt tərtib edilmişdir. Bu vaxt dəymiş ziyanın həcminin hesablanması qaz sayğacının nominal 6 m3/saat qaz sərfi, 12 saat iş rejimi və hesabat müddətinin 90 gün olması qəbul edilərək ona 6480 m3 əlavə qaz sərfiyyatmın qiymətinin ödənilməsi göstərilmişdir. Bu hesabat əsasında ona aid olan **********00000 abanent saldosunda 2024-cü ilin fevral ayı üçün 6480 m3 qaz sərfi və bunun üçün 777,6 manat əlavə qaz sərfıyyatı üçün borc göstərilmişdir. Yuxarıda qeyd etdiyi heç bir tərtib edilmiş akt və sənədlərdə qaz sayğacının qapaq şüşəsinin qəsdən və məqsədli şəkildə sındırılması müəyyən edilməmişdir. Yalnız mülahizələr qeyd edilmişdir. Bu mülahizələri qəti şəkildə təkzib edir. Heç bir sənəddə sayğacın qapaq şüşəsinin sınmasının məhz onun və ailə üzvlərinin tərəfindən məqsədli şəkildə edildiyi sübut olunmamışdır. Sayğac Azərbaycan Meterologiya İnstitunun PHŞ kommunal laboratoriyalara baxış üçün göndərilərkən ona bu barədə məlumat verilməmişdir. O, sınaqlara dəvət olunmamışdır. Belə olan halda sınaqların nəticəsi obyektiv ola bilməz və mötəbər sübut kimi qəbul edilə bilməz. Ən azı ona görə ki, sınaq zamanı iştirakı təmin olunmadığından sınağı keçirən şəxslər tərəfindən də qaz sayğacına qəsdən müdaxilələr oluna bilər. İstehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyar ki, qaz paylayıcı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh məhz onun tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsaslandırmamış və hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda itirilmiş qazın dəyərinin ödənilməsinin ondan tələb olunması absurddur. Əslinə qalsa qaz sayğacının qapağının şüşəsi bir müddət qırıq (çat) vəziyyətdə qalsa da, mexaniki hissəsi zərər görməmiş və əvvəlki kimi normal qaydada qaz sərfiyyatını qeyd etmişdir. Sayğacdan və onun qaynaq edilmiş yerləri və yivli birləşmələrindən qaz sızıntısı baş verməmiş və beləliklə də qaz itkisi olmamışdır. Qaz sərfiyyatına görə qaz paylayıcıya, yəni Cavabdeh Sumqayıt QJS-nə zərər vurulmamışdır. Qaz sayğacının yenisi ilə əvəz edilməsində əsas səbəb ******* saylı, xx.xx.2024-cü il tarixli aktda göstərildiyi kimi növbəti dövlət yoxlaması kimi qeyd edilmişdir. Sübut üçün ona aid olan **********00000 nömrəli abonent saldosundakı 2020, 2021, 2022 və 2023-cü illər üçün abonent saldosuna nəzər salmaq kifayətdir. İ ümumi qaz sərfiyyatı 2020-ci il - 794 kub metr, o cümlədən yanvar ayı 104 kub metr, 2021- ci il - 669 kub metr, o cümlədən yanvar ayı 102 kub metrdir. 2022-ci il – 666 kub metr, o cümlədən yanvar ayı 108 kub metr, 2023-cü il – 688 kubmetr, o cümlədən yanvar ayı 102 kub metr-dir. Bu rəqəmlər göstərir ki, sayğacın qapaq şüşəsinin qırılmasında onun hesablayıcı mexanizmi zərər görməmiş və o, öz işini normal davam etdirmişdir. Araşdırılmalar aparılmadan 2024-cü ilin fevral ayında qaz sərfiyyatının hesabatlar apararaq 6480 kub metr qeyd edilməsini qəti şəkildə qəbul etmir. Belə ki, əgər qaz itkisi olsaydı belə onun həcminin hesablanma qaydası Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarına” uyğun şəkildə aparılmalı idi. Bu qaydaların 6.5-1.2-ci bəndində göstərilir ki, itirilmiş qaz həcminin miqdarı “əvvəlki dövrün orta gündəlik qaz sərfi” nəzərə alınmaqla hesabat aparılmalı idi. Lakin hesabatda bu qaydalardan istifadə edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd olunan borc ilə razı deyildir. Hesab edir ki, bu borc silinməldir. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, demək olar ki, həmin evdə yaşayış olmur. Dəvəçi rayonunda yaşayırlar. Həftə sonları Dəvəçi rayonunda olurlar. Həftə içi isə oğlu və gəlini işdə olur. Oğlu və gəlini həmin evdə cəmi həftədə 2 dəfə qalır. 5-6 il əvvəl qaz sobası ola bilər, indi isə yoxdur. 27 oktyabr tarixində gecə saatında güclü külək nəticəsində ətraf tikililərdən sayğaca zərbə dəymişdir. Üzərinə tikinti materialı düşməsi nəticəsində sayğacın plastmas qabağı sınmışdır. Qeyd olunan hal barədə İdarəyə məlumat vermişdir. Sayğacın mexaniki hissəsinə heçnə olmamışdır. Plombu yerində idi. Dekabr ayının 19-u köhnə sayğacı yenisi ilə əvəzləmişdirlər. 1-2 ay keçdikdən sonra 790 manat məbləğində borc yazılmışdır. Yazılmış borcun səbəbini soruşmuş, cərimə yazıldığını bildirmişdirlər. Halbuki sayğac çıxarılan zaman qaz turbaları sabun köpüyü ilə yoxlanılmış, sayğac mexanizmi işlək vəziyyətdə idi. Sadəcə sayğacın üzərindəki plastmas biraz qırılmışdır. Sayğac laboratoriyaya göndərildiyi zaman bu barədə ona məlumat verilməmişdir. Xəbərdarlıq edilməli idi. Sayğacın mexaniki hissəsi qırılmamış, plomb üstündədir. Qış aylarında kondisioner istifadə edirlər. Kombini isə yeni quraşdırmışdırlar. Sayğac evlərinin divarına bərkidilmişdir. Akt əsasında yazılmış borcun məbləği 777,60 manatdır. Təbii fəlakət nəticəsində sayğaca dəymiş zərərə görə məsuliyyət daşımır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. xx.xx.2023-cü il tarixdə sayğaca baxış keçirilmiş, çatışmazlıqlar aşkar olunmuşdur. Həmin sayğac laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyinə əsasən plastmas şüşə fiziki təsir nəticəsində qırıldığı müəyyən edilmiş və cərimə yazılmışdır. İcra Hakimiyyəti tərəfindən baxış keçirildiyi zaman sayğacın plastmas şüşəsinin küləyin təsiri nəticəsində qırılması aktla təsdiqlənməli idi. Əlavə olaraq qeyd etmişdir ki, külək təbii fəlakət deyildir. Cavabdeh İB dövlət təsisatıdır, heç bir fiziki və hüquqi şəxslə ədavət aparmır. İddiaçının sayğaca zərbə dəyməsi barədə məlumat verməsi o demək deyil ki, sayğaca müdaxilə edilməmişdir. Həmçinin bildirmişdir ki, sayğac laboratoriyaya göndərildiyi zaman heç kimə məlumat verilmir. Belə ki, heç Cavabdeh İBnin əməkdaşları da iştirak etmir. Sayğaca müdaxilə edilməsi faktdır, necə olduğu isə məlum deyildir. Həmçinin müdaxilə nəticəsində 790 manat deyil, 777,60 manat məbləğində cərimə yazılmışdır. Eyni zamanda iddiaçı tərəfindən edilən ödənişlərin məbləği də aşağıdır. Belə ki, 2022-ci ildə 80 manat, 2023-cü ildə 95 manat məbləğində ödəniş edilmişdir. Bu il ərzində çox aşağı məbləğdir. Təkcə qış aylarında ümumi 13 manat məbləğində ödəniş edilmişdir. Şəxs səhər çıxıb axşam evə gəlsə belə, qeyd olunan məbləğlər çox aşağıdır. 2024-cü ildə isə ümumi olaraq 13 manat məbləğində ödəniş edilmişdir. Bu, mümkün deyildir. Sonda cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tədqiq olunan sübutlar:
5. Abonentin saldosundan görünür ki, İddiaçı ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə 2023-cü il fevral ayı tarixinə 777,60 manat məbləğində borcu yaranmışdır.
6. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 09 yanvar 2024-cü il tarixdə tərtib olunmuş ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmişdir.
7. Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, Katec yaşayış massivi, 17-ci məhəllə, ev 29 ünvanında yaşayan İddiaçı oktyabr ayının 27-də şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və bildirmişdir ki, əsən güclü küləyin təsirindən yaşadığı həyət evinin divarına vurulmuş, ona məxsus olan ******* nömrəli, BK-G-6T markalı mexaniki tipli qaz sayğacının ekran hissəsi tam yararsız hala düşmüş, bu səbəbdən də sıradan çıxmış qaz sayğacının yenisi ilə əvəz olunması zərurəti yaranmışdır.
8. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 13 fevral 2024-cü il tarixdə tərtib olunmuş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, xx.xx.2024-cü ildə Metrologiya Departamentinin rəyinə görə G4 markalı, 0649557, 20628632 nömrəli plomb kəsilərək qutu açılmış, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının şüşəsi fiziki təsir nəticəsində sındırılmış, sayğacın hesablayıcı mexanizminə mane törədilməsinin mümkün olduğu və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.
9. 13.02.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanına qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 6480 kub.m müəyyən edilmişdir.
10. “Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə” 05 fevral 2024cü il tarixli aktın surətindən görünür ki, 20628632 nömrəli plomb kəsilərək qutu açılmış, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı şüşəsi fiziki təsir nəticəsində sındırılmış, sayğacın hesablayıcı mexanizminə mane törədilməsinin mümkün olduğu və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.
Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
-13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
-4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu -3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. -18.1-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. -18.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. -26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir.
17. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən 13 fevral 2024-cü il tarixdə abonent kodu **********00000 olan İddiaçı ******* saylı “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin akta əsasən 777,60 manat məbləğində borc yazılmışdır.
18. Qeyd edilən aktda qazdan istifadə qaydalarının pozulmasının əsası kimi sayğaca baxış keçirildiyi, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının şüşəsinin fiziki təsir nəticəsində sındırıldığı, sayğacın hesablayıcı mexanizminə mane törədilməsinin mümkün olduğu göstərilmişdir.
19. Beləliklə, cavabdeh sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının şüşəsinin fiziki təsir nəticəsində sındırılması, sayğacın hesablayıcı mexanizminə mane törədilməsinin mümkün olması və bunun iddiaçı tərəfin müdaxiləsi əsasında baş verdiyi qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 777,60 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.
20. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.
21. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
23. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.
24. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.
26. Hazırki işdə cavabdehə qazdan istifadə qaydalarının pozulması nəticəsində zərər dəyməsi və cavabdeh tərəfindən aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu, sayğacın istismara yararsızlığının iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsini sübut etmək vəzifəsi sözügedən aktı tərtib etmiş cavabdehin üzərinə düşür.
27. Lakin cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir.
28. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
29. Hazırki işdə də iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələbinə uyğun olaraq qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır.
30. Beləliklə, məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından və fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlamasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı (abonent kodu: **********00000) 13 fevral 2024-cü il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt əsasında hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat, 60 (altmış) qəpik məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva