Məhkəmə qərarları › İş №2(060)-2691/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2691/2021

06.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2691/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 528,25 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mülkiyyətindədir. İddiaçının “Sumqayıt Sukanal” İdarəsi tərəfindən həmin ünvanda su təchizatı və kanalizasiya xidmətlərinə görə 528,25 manat borc olması bildirilmişdir. Qeyd olunan ünvana 2002-ci ildə kod açılmış və 4 nəfər ailə tərkibinə görə hesabat aparılmışdır. Halbuki, həmin mənzildə yaşayış olmamışdır. 01.01.2020-ci il tarixdən əsassız olaraq 4 nəfərə görə su pulu hesablanmışdır. Hazırda qanunsuz və əsassız yaranmış borcun silinməsini tələb edir. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1-də cavabdehin“Sumqayıt Sukanal” idarəsinin abonent bazasında abonent kimi 01.01.2002-ci il tarixdən iddiaçının adına bağlanmış 30975204 saylı müqavilə ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Qeyd olunan ünvanda 01.01.2002-ci il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. İddiaçının tələbi tamamilə əsassızdır. İddiaçı 30.03.2021-ci ildə məhkəməyə daxil olmuş ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etdmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu ildə, Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. 21 saylı Mənzil-Kommunal Sahəsinin 301 saylı arayışında iddiaçının ünvan 3 ünvanında əvvəl yaşadığı, 2010-cu ildən həmin ünvanda yaşayışın olmadığı göstərilmişdir. 40/926 saylı orderdən görünür ki, mübahisəli mənzil iddiaçıya məxsusdur. İşdə olan abonent kartında iddiaçının su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartından görünür ki, iddiaçının su və kanalizasiya xidmətlərinə görə 360,65 manat borcu 2011-ci ildə silinmişdir. 2012-2019-cu illər üzrə iddiaçının yekun olaraq 528,25 manat borcu qalmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün 01.01.2002-ci il tarixli, 30975204 saylı müqavilə bağlandığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31.01.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat müəyyən edilmişdir. Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İşdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilə 2002-ci ildə bağlanmışdır. İddiaçı ünvan 1 ünvanında 2010-cu ildən yaşamamışdır. Cavabdeh isə iddiaçının yaşadığı ünvana su və kanalizasiya xidmətlərindən istifadəyə görə 4 nəfərlik ailə tərkibinə uyğun hesablama aparmışdır. Göründüyü kimi iddiaçıya məxsus olan ünvan 1 ünvanında su sayğacı olmadığından cavabdeh tərəfindən hesablama 4 nəfərlik ailə tərkibinə uyğun aparılmışdır. Lakin, həmin ünvanda 2010-cu ildən bəri yaşayış olmamışdır. Bu səbəbdən iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya su və kanalizasiya xidmətlərindən istifadəyə görə hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 528 (beş yüz iyirmi səkkiz) manat 25 (iyirmi beş) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar