Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2703/2023 28.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 tərəfindən X1na məxsus olan **********00520 saylı abonent koduna xx.xx.2023-cü il tarixində ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış dəymiş zərərə görə 4147,2 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4” tərəfindən X1nun adına xx.xx.2023-cü il tarixində ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur, həmin aktda əsasən dəymiş zərərə görə 4147,2 manat borc hesablanmışdır. Həmin aktda qeyd olunur ki, abonent təbii qazdan sayğacdan kənar qoşularaq qeyriqanuni istifadə edir. X1 xx.xx.2016-cı ilə ölmüşdür. Hazırda cavabdeh tərəfindən akt əsasında atasının adına olan **********00520 saylı abonent koduna hesablanmış borc ilə razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş köhnə boru xəttinin bir başlığının ağzı bağlı olduğundan həmin xətt yararsız olmuş və həmin xətdən istifadə olunmamışdır. Belə olan halda cavabdeh tərəfindən **********00520 saylı akt əsasında hesablanmış 4147,2 manat borcu əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İB-nin nümayənədəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək iddia tələbinə münasibətdə yazılı etirazı və qanunsuz qoşulma faktı ilə bağlı fotoşəkillərin və videogörüntünün əks olunduğu diski təqdim edərək qeyd etdi ki, “Azəriqaz” İB dövlət təşkilatıdır, səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görür. “Azəriqaz” İB-nin işçiləri 18 fevral 2023-cü il tarixdə Sumqayıt şəhəri, X6 qəsəbəsi, Hacıbəyov küçəsi, ev 1, mənzil 52 ünvanına baxış keçirərkən divarın üstündən ana xəttə qeyri-qanuni qoşulma halı aşkar olunmuş və buna görə də abonentə cərimə yazılmışdır. Fotoşəkillərdən və videogörüntüdən görünür ki, abonent sözügedən ünvanda ən çox gecə saatlarında qanunsuz qoşulmaqla qazdan qeyri-qanuni istifadə edir. Abonentin saldosuna baxdıqda çox böyük olmasa da, müəyyən qədər fərqlərin olduğunu görmək olar. Belə ki, əvvəlki ödənişlərə baxanda 2023-cü ildə ödənişlər az olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 iyun 2016-cı ildə ürəyin işemik xəstəliyi səbəbindən ölmüşdür. - xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, X6 qəsəbəsi, Hacıbəyov küçəsi, ev 1, mənzil 52-ə baxış zamanı sayğacdan kənar xətt aşkar olunmuşdur. - xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına barədə tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi 34560 m3 müəyyən olunmuşdur. - Cavabdeh tərəfindən təqdim edilən diskdən görünür ki, diskdə 3 fotoşəkil və 1 videoyazı mövcuddur. Cavabdehin nümayəndəsinin dediyinə görə, diskdə olan fotoşəkillərdə abonentin yaşadığı evin qapısı, həmin evin qaz borusu və sayğacı əks olunmuşdur. Diskdə olan videogörüntüdə bir şəxs qaz borusunu göstərərək 18 fevral 2023-cü il tarixində Sumqayıt şəhəri, X6 qəsəbəsi ünvanında abonentin təbii qazdan qanunsuz olaraq qoşularaq qeyri-qanuni qazdan istifadə etdiyini bildirir, abonentə məxsus mənzili, abonentin qapısını, abonentin 211 10559503 nömrəli sayğacını göstərir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən Sumqayıt şəhəri, X6 qəsəbəsi, Hacıbəyov küçəsi, ev 1, mənzil 52 ünvanında “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bunun əsasında xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunaraq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi 34560 m3 hesablanmış və 4147,20 manat dəymiş zərər iddiaçıdan tələb olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “Azəriqaz” İB tərəfindən Sumqayıt şəhəri, X6 qəsəbəsi, Hacıbəyov küçəsi, ev 1, mənzil 52 ünvanına (Abonent:**********00520) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 4147,2 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat borc silinməlidir. Belə ki, diskə və fotoşəkillərə baxış zamanı məlum olmuşdur ki, kənar xətt mövcud olsa da, həmin kənar qaz xəttinin ağzı bağlıdır, işlək vəziyyətdə deyil, xəttin çıxışı müvafiq qaydada bağlı olmaqla yanaşı daş hasarın daxilindədir və iddiaçının həmin çıxışdan istifadə etməsi təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi qeyri-mümkündür. İddiaçı kənar qaz xəttindən istifadə etməsi sübuta yetirilmədiyindən, hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda “30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi” məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 4147,2 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 61,47 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən Sumqayıt şəhəri, X6 qəsəbəsi, Hacıbəyov küçəsi, ev 1, mənzil 52 ünvanına (Abonent: **********00520) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 4147,2 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat borc silinsin. İddianın verilməsinə görə 61,47 manat dövlət rüsumunun əvəzi cavabdeh “Azəriqaz” İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2703/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2703/2023
28.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver