Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2707/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən yaşadığı Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanına hesablanmış 360,77 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1-də yaşayır. Cavabdeh tərəfindən onun yaşadığı yataqxanaya xx.xx.2015-ci il tarixə (abonent kodıu: **********00206) 360,77 manat borc hesablanmışdır. Dəfələrlə həmin borcun silinməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Ona görə də hazırda cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixə kimi (ETAİS- dən gələn borc) hesablanmış 360,77 manat məbləğində borcun silinməsi ilə bağlı məhkəməyə müraciət elmək məcburiyyətindədir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mənzili xx.xx.2002-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. xx.xx.2008-ci il tarixdə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində xx.xx.2008-ci il tarixindən xx.xx.2022-ci il tarixədək 979,77 manat elektrik enerjisindən isdifadə olunmuşdur. Lakin abonent bu dövürdə 619,37 manat ödəniş etmiş və hal-hazırda iddiaçının 360,40 manat borcu qalmışdır. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2022-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, sorğuda qeyd edilən 342 manat məbləğində borc dondurulmuş borcdur. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1969-cu ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanında qeydiyyatdadır. **********00206 saylı abunə hesabından görünür ki, qeyd olunan ünvana köhnə (ETAİS-dən gələn) borc kimi 360,77 manat borc hesablanmışdır. "xxxx" ASC Şimal X2 və Satış İdarəsinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən evi elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-nin “Şimal” X2 və Satışı İdarəsinin elektron məlumat bazasında **********00206 saylı kodla xx.xx.2002-ci il tarixindən Jigərov M. adı ilə abonent qeydiyyatındadır. Həmçinin abonentin mənzilinə xx.xx.2008-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. Abonentin "Azərenerji” ASC dövründə yaranmış 342 manat borcu xx.xx.2022-ci il tarixdə dondurulub. Mənzilin xx.xx.2022-ci il tarixinədək enerji təchizatçı təşkilata sayğac borcu yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Hazırkı halda iddiaçı yaşadığı mənzilə dair hesablanmış elektrik enerjisindən istifadəyə görə borcun əsassız olduğunu bildirir və həmin borcun haradan yaranmasının aydınlaşdırılmadığını qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). İddiaçının izahatına əsasən müəyyən edilir ki, iddiaçının 342 manat borcu "xxxx" ASC yaranmamışdan əvvəlki dövrə aid əvvəl yaranmış borca aiddir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, həmin borcun konkret hansı dövrdə və nəyin əsasında yarandığını izah edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İddiaçı onun mənzilinə hesablanmış 360,77 manat əsassız borcun silinməsini xahiş edir. Müəyyən edilir ki, həmin borcun 342 manatı köhnədən qalan borcdur. Cavabdeh isə həmin borcun haradan yarandığını əsaslandıra bilməmiş və bununla bağlı yetərli sübutlar təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına saxlanmış həmin borc əsassızdır. Ona görə də iddia qismən təmin edilməli və iddiaçının abonent hesabında saxlanmış 342 manat borc silinməlidir. MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı abonent hesabında saxlanmış elektrik enerjisindən istifadəyə görə 342 (üç yüz qırx iki) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2707/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2707/2022
14.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver