Məhkəmə qərarları › İş №2(060)-2709/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2709/2023

02.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2709/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ərizəçi və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 aprel 2001-ci il təvəllüdlü Əliyev Sadiq Camal oğlunun fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Əliyev Sadiq Camal oğlu onun qardaşıdır. O, 21 aprel 2001-ci ildə anadan olmuşdur. Qardaşına “Serebral iflic, Uşaq serebral iflicinin davamlı qalıq əlamətləri. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Psixomotor inkişafdan geri qalma, qıcolma sindromu. Digər paralitik sindromlar, Ətrafların tetraparezi. Başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, Nitq qüsuru-alaliya. Kişi cinsiyyət orqanlarının digər inkişaf qüsurları, iki tərəfli kriptorxizm, qasıq forma. Digər dəmir defisitli anemiyalar, Xroniki dəmir defiasitli anemiya” diaqnozu qoyulmuşdur. Bu səbəbdən də qardaşı Əliyev Sadiq Camal oğluna 1-ci qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. Bunu AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının müayinə arayışı təsdiq edir. Qardaşının kənar şəxslərin köməyinə daima ehtiyacı vardır. Ona ərizəçi baxır, qulluğunda durur. O, öz hərəkətlərinin mənasını dərk etmir, özünü müstəqil idarə edə bilmir. Qeyd edir ki, hazırda qardaşı Sadiq Əliyev ilə birlikdə eyni ünvanda yaşayırlar (Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 21, mənzil 66). Ərizəçi məhkəmədə ərizəni müdafiə edib, ərizəyə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi M.M.Vəliyev ekspert rəyini nəzərə alaraq M.Ə.Fərəcovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə məhkəmənin mülahizəsinə verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan müayinəyə dair məlumatdan görünür ki, Əliyev Sadiq Camal oğluna “Serebral iflic, Uşaq serebral iflicinin davamlı qalıq əlamətləri. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Psixomotor inkişafdan geri qalma, qicolma sindromu. Digər paralitik sindromlar, Ətrafların tetraparezi. Başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, Nitq qüsuru-alaliya. Kişi cinsiyyət orqanlarının digər inkişaf qüsurları, iki tərəfli kriptorxizm, qasıq forma. Digər dəmir defisitli anemiyalar, Xroniki dəmir defiasitli anemiya” diaqnozu qoyulmuş, o müddətsiz birinci dərəcəli əlildir. İşdə olan AZ-İ, № 070209 saylı, xx.xx.2001-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Əliyev Sadiq Camal oğlu xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Əliyev Camal Həşim oğlu, ana qrafasında X2 qeyd edilmişdir. İşdə olan XİV-JQ, № 385037 saylı, xx.xx.1989-cu il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Əliyev Camal Həşim oğlu, ana qrafasında X2 qeyd edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 08 iyun 2023-cü il tarixli, 1590 saylı rəyindən müəyyən edilir ki, Əliyev Sadiq Camal oğlunda “Ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində (F72) müəyyən edilir. Bunu mülki iş materiallarında və tibbi sənədlərdə olan qeydlər – anadangəlmə patologiyanin qeyd olunması, psixi inkişafda geri qalmasi, qıcolma tutmalarının qeyd edilməsi, nevroloji pozuntularla yanaşı ağır əqli geriliyin müəyyən edilməsi, dəfələrlə Uşaq Xəstəxanasında stasionar müalicə olunması, Sumqayıt 1 nömrəli Poliklinikasında ambulator qaydada müalicə alması, xəstəliyi ilə əlaqədar nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Əliyev Sadiq Camal oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Tibbi sənədlərə əsasən Əliyev Sadiq Camal oğlunda ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində qeyd olunur. Əliyev Sadiq Camal oğlu onda qeyd olunan ağır dərəcəli əqli gerilik" nəticəsində hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Əliyev Sadiq Camal oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin manasını anlamaq və onları idarə etmək iqtidarına malik deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili X7 yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əliyev Sadiq Camal oğlu Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 21, mənzil 66-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 08 iyun 2023-cü il tarixli, 1590 saylı rəyini nəzərə alaraq, məhkəmə 21 aprel 2001-ci ildə Sumqayıt şəhərində doğulmuş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 21, mənzil 66-da qeydiyyatda olan Əliyev Sadiq Camal oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 21 aprel 2001-ci ildə Sumqayıt şəhərində doğulmuş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 21, mənzil 66-da qeydiyyatda olan Əliyev Sadiq Camal oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar