Məhkəmə qərarları › İş №2(060)-271/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-271/2024

18.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-271/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında istifadə olan qaza görə quraşdırılmış qeydiyyatsız (lipa) qaz sayğacının aşkar edilməsi barədə xx.xx.2023- cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında olan mənzil mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. xx.xx.2023-cü il tarixində Azəriqaz İB-nin Sumqayıt Qaz istismar sahəsinin əməkdaşları tərəfindən mülkiyyətçisi olduğu mənzilə baxış keçirilən zaman qeydiyyatsız (lipa) sayğac aşkar etmişlər. Həmin sayğacı video qeydiyyata almış və fotoşəklini çəkmişlər. Bununla bağlı həmin tarixli ******* №-li akt tərtib edilmişdir. Həmin aktın məzmunundan bəlli olur ki, dəymiş ziyanın hesablanması barədə tələb irəli sürülmüşdür. Daha sonra iddiaçıya 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) məbləğində cərimə müəyyən edilmişdir. Sadə dildə deyilərsə bu absurd bir yanaşmadır. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən 19 iyun 2023-cü il tarixində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Aktın surəti iddiaçı tələb edəndən sonra ancaq iddiaçıya təqdim olunmuşdur. Qeyd olunan akt əsasında əsassız olaraq iddiaçıya 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) məbləğində borc hesablanmışdır. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qeydiyyatsız (lipa) sayğacın quraşdırılması barədə günahlandırılmışdır və əsassız olaraq iddiaçıya borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirilsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə iddiaçıya qarşı qərəzli mövqe saxlayan cavabdeh iddiaçının arqumentlərinə əhəmiyyət verməmişdir Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə iddiaçının məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Qeyd edir ki, sayğac həyətdən çöldə yerləşir. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə iddiaçının arasında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sırasına daxil edilməmişdir. İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı məxsus (**********00420) sayğaca əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacdan lkənar qeyri-qanuni xətt aşkar olundu” qeyd olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x12x360=17280m3 x 0,12qəpik=2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, əraziyə baxış keçirilən zaman qeydiyyatsız (lipa) sayğac aşkar edilmişdir. - Cavabdeh İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2023-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 17280 m3 müəyyən olunmuşdur. - cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman qeydiyyatsız (lipa) sayğac aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, əraziyə baxış keçirilən zaman qeydiyyatsız (lipa) sayğac aşkar edilmişdir Bu əsasla ******* saylı xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında iddiaçıya cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Bununla yanaşı iddiaçı, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona yazılmış 2073,60 manat borcun silinməsini tələb edir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, Sumqayıt şəhəri, Ximstr, ev 4, mənzil 42 ünvanında **********00420 abonent koduna akt əsasında 2073,60 manat cərimə yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən 4m3/saat x 12 saat x 90gün=4320m3 təşkil edir ki, bu da müvafiq olaraq 4320x0,12=518,4 manat cərimə yazılmalı olmasına istinad edir. Lakin cavabdeh təşkilat tərəfindən 2073,60 manat cərimə hesablanmışdır. Odur ki, hesablanmış 2073,60 manat cərimə borcunun 518,4 manatı qaz sayğacına müdaxilə ilə bağlı hesab edilməli, 1555,2 manat cərimə borcu abonent hesabından silinməlidir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1555,2 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 35,55 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, Ximstr, ev 4, mənzil 42 ünvanına (Abonent: **********00420) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1555,2 manat cərimə borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Ximstr, ev 4, mənzil 42 ünvanına (Abonent: **********00420) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1555,2 manat cərimə borcu silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilməli olan 35,55 manat Cavabdeh İB-dən alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar