Məhkəmə qərarları › İş №2(060)-2718/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2718/2023

20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2718/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı cərimə aktının ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 4147.20 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı qaynı X3 məxsusdur. Həmin ünvanda iki ailə yaşayır. Qaz sayğacları, eləcə də işıq, su xətləri ayrıdır. Yaşadıqları mənzilin kommunal xərci olan qaz pulu ödənişini daima vaxtı-vaxtına ödəmişlər. Bu zamana kimi də ödənişlərdə heç bir gecikmə olmamışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri ünvana gələrək mənzildə sayğacdan kənar qeyri-qanuni qaz xəttinin olmasını bildirərək akt tərtib etmişlər. Akt onun və ailə üzvlərinin iştirakı olmadan tərtib edilmişdir. Akt qanunsuzdur. O, ailə həyatı qurduğu vaxtdan sözügedən ünvanda yaşayır. Uzun illərdir həmin mənzildən istifadə edir. Bu zaman kimi onların mənzildə heç bir kommunal xərclərlə bağlı problemləri olmamışdır. xx.xx.2023-cü il tarixli akta əsasən 4147.20 manat məbləğində borc hesablanmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və aktda “Sayğacdan kənar rezin boru aşkarlandı” qeyd olunmuşdur. Abonentin qaz işədici cihazlarının hesabatı aparılmış və xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/sat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4147.20 manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Şəkillər və video görüntülər vasitəsilə açıq-aşkar görünür ki, abonent qazdan qeyri-qanuni istifadə edərək dövlət əmlakını talamışdır. Odur ki, iddianın rədd edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Abonentin saldosundan görünür ki, abonent kodu **********00810 olan ünvana akta görə 4147.20 manat borc hesablanmışdır. Abonentın adı “X5” qeyd olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Sayğacdan kənar rezin boru aşkarlandı”qeyd olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi 34560 m3 müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, ünvan 1-ə aid abonentin saldosunda abonentin adı“X5” qeyd olunmuşdur. Cavabdeh təşkilatın əməkdaşları sözügedən ünvana gələrək qaz sayğacına baxış keçirmiş, sayğacın istismara yararsızlığı barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 4147.20 manat cərimə hesablanmışdır. İddiaçı borc yazılan abunə kodunun aid olduğu mənzilin mülkiyyətçisi, eləcə də cavabdehlə bağlanmış müqavilənin tərəfi, abunəçi deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4- cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153- cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququ mövcud deyildir. Belə ki, borc yazılan mənzilin mülkiyyətçisi, eləcə də abunəçi olmayan şəxs, borcu mübahisələndirməyə hüquqi ixtiyara malik olmadığından onun belə bir tələb etmək hüququ yaranmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı cərimə aktının ləğv edilməsi və borcun silinməsi barədə iddia təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 4147,20 manat cərimənin silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar