Məhkəmə qərarları › İş №2(060)-2739/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2739/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2739/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 10000 manat maddi zərərin və 120 manat dövlət rüsumunun, ümumilikdə 10120 manat borc məbləğinin Cavabdeh tutularaq İddiaçı Hafıs oğlunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixində X8 Polis İdarəsində bağlanmış alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən 90FS585 nömrəli “Hyundai Santafe” markalı nəqliyyat vasitəsi ona satılmışdır. Müqaviləyə əsasən, avtomobilin alışı üçün nağd qaydada 21500 manat məbləğində ödəniş etmişdir. Lakin avtomobillə bağlı ona əvvəlcədən təqdim olunan məlumatların doğru olmadığı və avtomobilin bir çox texniki problemlərinin olduğu sonradan üzə çıxmışdır. Bundan əlavə avtomobilin göstəricilərinin saxtalaşdırıldığı məlum olmuşdur. Belə ki, Hyundai servis mərkəzinə müraciət etdikdə, avtomobilin 2022-ci ilin may ayında, yəni onun alışından 3 ay əvvəl servisdə olduğunu və o zaman yürüş göstəricisinin 543000 km olduğu aşkarlanmışdır. Lakin avtomobili alarkən - 2022-ci ilin avqust ayında maşının göstəricisi 209000 km idi. Bu isə açıq şəkildə sübut edir ki, satıcı yürüş göstəricisini qəsdən azaltmış və süni səkildə geri çəkmişdir. Bu barədə maşını aldığı ərəfədə yürüşün kilometrini dəqiq göstərən şəkil və servisin təqdim etdiyi sübutlar və sənədlər qoşmaya əlavə edilmişdir. Bu hadisədən sonra, avtomobilin texniki vəziyyəti daha da pisləşmiş, mühərrik və sürətlər qutusu sıradan çıxmışdır. Avtomobilin hərəkət etməsi çətinləşmiş və bu vəziyyət ona çoxsaylı təmir xərcləri və narahatlıqlar yaratmışdır. İki il ərzində ona ümumilikdə 5000 manat dəyərində ziyan dəymişdir. Həmçinin göstərilən müddət ərzində avtomobilin təmirinə xərclədiyi məbləğlərə dair sübutlar da qoşmaya əlavə olunur. xx.xx.2024-cü il tarixində avtomobili texniki problemləri və yüksək təmir xərcləri ilə əlaqədar olaraq öz qiymətinin bazar dəyərindən aşağı 16500 manata satmışdır. Nəticədə, avtomobilin satışı zamanı ona 5000 manatlıq ziyan dəymişdir. Beləliklə, avtomobilin bu vəziyyətdə satılması və yaranan problemlər nəticəsində ümumilikdə 10000 manat məbləğində maddi zərər çəkmişdir. Avtomobilin alqı-satqısı ilə bağlı satıcının onu aldatdığını anlayan kimi dərhal ona zəng etsə də, o, zənglərinə cavab verməmiş, təkrar zənglər etdikdə isə nömrəsinə zəng çatmamışdır. Bununla kifayətlənməyərək maşını almaq üçün aralarında əlaqə yaradan ortaq tanışı X3 vasitəsilə də ona məlumat göndərmiş, ancaq yenə də hər hansı cavab ala bilməmişdir. (Whatsapp yazışmaları qoşmaya əlavə olunur). Bütün bu tədbirlərdən sonra artıq heç bir başqa çıxış yolu qalmadığından, rəsmi olaraq xx.xx.2025-ci il tarixində yazılı şəkildə pretenziya məktubu göndərmişdir. (Məktubun göndərilməsinə dair sübut əlavə olunur) Lakin bütün bu xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən heç bir reaksiya verilməmiş və ona dəymiş zərərin aradan qaldırılması üçün hər hansı tədbir görülməmişdir. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Binəqədi Rayon Polisi İdarəsinin 6-cı Polis Bölməsinə də şikayət etmişdir. Polis bölməsi müraciətinin mülki xarakterli olduğunu əsas gətirərək bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. (Qeyd olunan polis bölməsinin cavabı qoşmaya əlavə olunmuşdur). Bütün bu halları nəzərə alaraq, cavabdehin ona qarşı həyata keçirdiyi qanunsuz fəaliyyətlər nəticəsində ona dəymiş maddi zərərin hüquqi olaraq ədalətli şəkildə həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi əsassız olduğundan və iddia müddəti ötürülməklə verdiyindən onu rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 manat zərərin və 120 manat dövlət rüsumunun ondan tutularaq iddaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdr ki, guya iddiaçı ondan xx.xx.2022-ci il tarixində aldığı Hyundai Santafe markalı **-FS-*** nömrəli avtomobili 21500 manata almış, avtomobili aldıqdan sonra guya onun deməyi problemlər olmuş, avtomobilin yürüşü guya onun tərəfindən dəyişdirilmişdir. Həmin avtomobili o etibarnamə ilə əldə etmiş və təqribən 10 gün sonra satmışdır. Avtomobili iddiaçıya satarkən o avtomobili yoxlamış və razılaşmışdır. Avtomobili aldıqdan sonra hazırki iddia və pretenziya ilə müraciət edənə qədər hər hansı bir etiraz etməmişdir. Hazırkı iddia ərizəsində qeyd edilən hallaırn heç biri həqiqətə uyğun olmamaqla bərabər həm saxta sənəd təqdim etmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında guya Kərimov MMC-tərəfindən həmin tarixdə Hyundai Santafe markalı **-FS-*** nömrəli avtomobilə baxış keçirilməsi və avtomobilin təmir və usta xərci üçün 5000 manat ödənilməli olduğu bildirilir. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumata əsasən Kərimov MMC (VÖEN **********) xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. Belə olan halda necə ola bilər ki, həmin MMC xx.xx.2023-cü il tarixli qüsur aktını tərtib etmiş olsun. Servis iş kartında da ilk baxışdan görünür ki, yürüş rəqəmləri sonradan əllə düzəldilib.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, avtomobilin göstəriciləri süni surətdə dəyişdirilməmişdir. Aralarında heç bir qarantiya razılaşması olmamışdır. İddiaçının təqdim etdiyi sənədlərin həqiqliyi şübhə altındadır. İddiaçı avtomobili alarkən müayinə etdirmişdir. Avtomobil 2009-cu il buraxılışlıdır. Qüsur aktı ilə razılaşmır. Aktı tərtib edən şirkətlə əlaqə saxlamış, ona bidirmişlər ki, qüsur aktını avtomobilin səsini dinlədikdən sonra əvəzsiz olaraq süni surətdə tərtib etmişdirlər.

Tədqiq olunan sübutlar:

6. xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehə 10000 manat məbləğində dəymiş zərərin 5 gün ərzində ödənilməsi təklif olunmuş, əks halda məhkəməyə borcun ödənilməsi tələbi ilə bağlı müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

7. xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Hyundai” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 5000 manat məbləğində qiymətləndirilmişdir.

8. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yaşayan X5 və ünvan 2 ünvanında yaşayan alıcı İddiaçı arasında müqavilə bağlanmış, satıcı özünə məxsus olan “Hyundai Santafe” minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009-cu il olan, 12 avqust 2022-ci ildə DYP tərəfindən verilmiş AB806626 nömrəli qeydiyyat şəhadətnaməsi olan nəqliyyat vasitəsini 21500 manata satmış və bu məbləği satıcı alıcıdan almışdır.

9. 18.04.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı və ünvan 3 ünvanında yaşayan X4 arasında müqavilə bağlanmış, satıcı özünə məxsus olan “Hyundai Santafe” minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009-cu il olan, 18 aprel 2024-cü ildə DYP tərəfindən verilmiş BA202457 nömrəli qeydiyyat şəhadətnaməsi olan nəqliyyat vasitəsini 16500 manata satılmış və bu məbləği satıcı alıcıdan almışdır.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

13. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 12 aprel 2022-ci il tarixdə X1 “Hyundai Santafe minik” markalı, 90FS585 dövlət qeydiyyat nişanlı avtomobili 21500 manata almışdır. Alqı-satqı müqaviləsini etibarnamə əsasında Cavabdeh sonuncunun adından bağlamışdır. Həmin avtomobil 18 aprel 2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir.

14. Hazırda iddiaçı 12 aprel 2022-ci il tarixdə avtomobili alarkən satıcının yürüş göstəricisini qəsdən azaltdığını və süni səkildə geri çəkdiyini bildirir. Bunun nəticəsində də ona 10000 manat məbləğində ziyan dəydiyini iddia edir.

15. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, yuixarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı ilə X5 arasında avtomobilin alqı-satqısı ilə bağlı müqavilə münasibətləri mövcud olmuşdur. Hazırki iş üzrə cavabdeh isə avtomobili etibarnamə əsasında idarə edən şəxs olmuş və həmin avtomobili ona verilmiş etibarnamə əsasında X2 adından iddiaçıya satmışdır. Avtomobilin satışı faktiki olaraq cavabdeh tərəfindən həyata keçirilsə də həmin avtomobilin mülkiyyətçisi X5 olduğundan və alqı-satqı müqaviləsi də məhz həmin şəxsin adından bağlandığından həmin müqavilə üzrə satılmış əşyanın keyfiyyətli olmasının təminatçısı da məhz həmin şəxs olmuşdur.

16. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.

17. Mülki Məcəllənin 6.2, 14.2, 385 və 386.1-ci maddələrinin mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Həmin normaların müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktı sübuta yetirildiyi halda, iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

18. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı sözügedən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən irəli gələrək ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı iddia irəli sürməsi üçün məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə müvafiq qərar verə bilər.

19. Bundan başqa məhkəmə qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: -törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; -əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; -zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

20. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

21. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər.

22. Hazırki halda isə iddiaçı sözügedən avtomobilin yürüş göstəricisinin azaldıldığını iddia etsə də, bunu təsdiq edən, habelə bunun məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini, cavabdeh tərəfindən ona maddi zərər yetirildiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

23. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

24. Məhkmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilərək iddia məhkəmə tərəfindən əsassız hesab edildiyinə görə iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməsi zərurəti də aradan qalxmışdır.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 10000 manat maddi zərərin və 120 manat dövlət rüsumunun, ümumilikdə 10120 manat borc məbləğinin Cavabdeh tutularaq İddiaçı Hafıs oğlunun xeyrinə ödənilməsinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri

26. Ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da ona aid edilməlidir.

Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı 10000 manat maddi zərərin və 120 manat dövlət rüsumunun, ümumilikdə 10120 manat borc məbləğinin Cavabdeh tutularaq İddiaçı Hafıs oğlunun xeyrinə ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar