Məhkəmə qərarları › İş №2(060)-2752/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2752/2024

01.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2752/2024 01.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçün şəxs “Azərkimya” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçün şəxs Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı orderin etibarsız hesab olunması, mənzildən çıxarılma və mənzilə köçürülmə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı orderin qüvvəsini itirmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 Etilen Politilen zavodu tərəfindən 26 saylı Protokol əsasında ayrılmış xx.xx.2001-ci il tarixli orderin qismən- Sumqayıt şəh.,42-ci məhəllə, 11 sayh yataqxanada yerləşən 80 saylı otağın verilməsi hissəsində etibarsız sayılması və onun ailə üzvləri ilə həmin otaqdan çıxarılmaları, bu otaqdan istifadəsinə yaradılmış maneənin aradan qaldırılması, iddiaçının həmin otağa köçürülməyi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mübahisəli mənzil ünvan 2a yerləşən 80 saylı otaqdan ibarət olmaqla bu yaşayış sahəsi «Üzvi Sintez» X3 Komitəsi və MMK-nın xx.xx.1992-ci il tarixli birgə iclasının 24 saylı Protokoluna əsasən birliyin 02 saylı sexinin laborantı kimi iddiaçıya ayrılmış və ona ailə üzvləri ilə həmin otaqda yaşamaq hüququ verən xx.xx.1992-ci il tarixli order verilmişdir. Cavabdehlər iddiaçının qonşusu olmaqla bu yataqxananın 82 saylı otağında yaşamış və həmin otaq cavabdehlərdən Cavabdeh1 işlədiyi Etilen Politilen zavodu tərəfindən 26 saylı Protokol əsasında ayrılmış və xx.xx.2001ci il tarixdə onun adına order verilmişdir. İddiaçıya ayrılan otaq məcburi köçkün ailələri tərəfindən zəbt edildiyi üçün iddiaçı bu mənzilə köçüb yaşaya bilməmişdir. Lakin hazırda həmin otağın boşaldılması ilə bağlı iddiaçı qeyd edilən mənzilə pasport qeydiyyatına düşmək istədikdə ona məlum olmuşdur ki,cavabdeh və ailə üzvləri onlara 82 saylı otaq məxsus olduğu halda iddiaçıya ayrılmış otağı da orderə daxil etməklə 82/80 saylı mənzilə qeydiyyata düşmüşlər. İddiaçı ona ayrılmış otağın cavabdehlərə hansı əsasla verilməsi ilə maraqlandıqda məlum olmuşdur ki,həmin otağın cavabdehə ayrılması ilə bağlı hər hansı bir sənəd verilməmiş və «Azərkimya» istehsalat birliyində olan məlumata əsasən 80 saylı otaq iddiaçıya ayrılmışdır. Cavabdeh 2001-ci il tarixli orderdə 82/80 saylı otağın qeyd edilməsi əsasında ona ayrılan 80 saylı otağı zəbt etmiş və bu səbəbdən də iddiaçı ailə üzvləri ilə həmin otağa qeydiyyata düşə bilmir və cavabdehlər bu otağı iddiaçıya təhvil verməkdən imtina edirlər. Bu mənzil iddiaçının və ailə üzvlərinin yaşayış yeridir. Lakin cavabdeh onun Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulan konstitusion mənzil hüquqlarını pozaraq iddiaçını mənzilindən, yaşayış yerindən məhrum etmişdir. Halbuki həmin normaya əsasən heç kəs öz yaşayış yerindən məhkəmənin qərarı olmadan məhrum edilə bilməz. Hazırda onun təqsiri üzündən nə iddiaçı, nə də iddiaçının ailə üzvləri bu mənzilə daxil ola bilmirlər. Cavabdeh Qarşılıqlı iddia irəli sürmüş, qarşılıqlı iddia tələbi icraata qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 1992-ci ildən bəri Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən yataqxana11, otaq 82-də, 2009-cu ildən 80-də yaşayır. Keçmiş arvadı Cavabdeh2 və oğlu Bədəlzadə Bayram isə həmin yataqxanada olan 82 nömrəli otaqda yaşayırlar. Asan Xidmət tərəfindən təqdim edilmiş arayışa əsasən də orada daimi qeydiyyatdadırlar. Həmin otaq işlədiyi Etilen Politilen zavodu tərəfindən 26 sayli Protokol əsasında mənə ayrılmışdır və xx.xx.2001-ci il tarixdə Cavabdeh1 adına order verilmişdir.“Üzvi Sintez” X3 Komitəsi və MMK-nin xx.xx.1992-ci il tarixli birgə iclasının 24 saylı Protokoluna əsasən birlik tərəfindən iş üzrə ilkin iddiaçıya həmin yataqxanada yerləşən 80-ci otaqda yaşamaq hüququ verən xx.xx.1992-ci il tarixli order verilmişdir. Lakin, həmin vaxdan bugünə qədər ilkin iddiaçı nə özü nə də ki, ailə üzvlərindən kimsə həmin otaqda yaşamamışdır. Əvvəllər 80 nömrəli otaqda X5 2009-cu ilə qədər orada yaşamışdır. X1 ailə vəziyyəti ilə bağlı həmin otaqdan çıxmışdır. Otağı boşaldan Giləxanım “Üzvi Sinztez “ zavodunun rəhbərliyinə müraciət edərək otağı boşaltdığını və otağın onun ailəsinə verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra, zavod rəhbərliyinə müraciət edərək boşaldılan otağın da ona verilməsini xahiş etmişdir. Zavod rəhbərliyi bu ərizələrə müsbət cavab verərək ərizədə qeyd edilənlərdə köməklik göstərilməsini və icra edilməsini MİS-ə tapşırmışdır. Yalnız bundan sonra Cavabdeh1 ailəsi ilə birlikdə, həmin otaq boşaldıqdan sonra oraya köçmüşdür. Özünə məxsus olan orderdə dəyişiklik etdirərək 80 nömrəli otağı yaşadığı 82-ci otağa birləşdirmişdir. Bununla da, ona məxsus orderdə dəyişklik edilərək otağın nömrəsi 80/82 olaraq qeyd edilmişdir. Həmin vaxtdan etibarən də, özü və ailəsi orada yaşayırlar. Hazırda, ilkin iddiaçı ona və ailəinə qarşı Sumqayıt Şəhər Məhkəməsinə “mənzilə dair orderin etibarsız hesab edilməsi,mənzildən çıxarılma və mənzilə köçürülmə” barədə iddia qaldırmışdır. Lakin, bu iddianı əsssasız hesab edir. Artıq qeyd edildiyi kimi, ilkin İddiaçı özü nə də ki, ailə üzvləri 80-ci otaqda yaşamamışdır. İddiaçı iddia ərizəsində özü də qeyd edir ki, ona xx.xx.1992-ci il tarixli order verilmişdir lakin heç vaxt 80-ci mənzildə yaşamamışdır. Bundan başqa, ilkin iddiaçı iddia edir ki, həmin mənzildə guya ki, məcburi köçkün ailəsi yerləşmiş və otağı zəbt etmişlər. Lakin, bu məsələ reallığı əks etdirmir. Çünkü həmin mənzildə heç vaxt məcburi köçkün ailəsi yaşamamışdır. Qonşu olan və 2009-cu ilə qədər 80 nömrəli otaqda yaşamış X5 isə məcburi köçkün olmamışdır. Cavabdeh1 ona verilmiş order əsasında həmin mənzilə köçmüş və orada yaşamışdır. Bu illər ərzində isə, heç bir halda problem yaranmamışdır. İlkin iddiaçı bu illər ərzində 80 nömrəli otağa görə ona verilmiş order əsasında həmin mənzilə köçməyə və yaşamağa cəhd belə göstərməmişdir. Buna əsasən də, ilkin iddiaçıya məxsus olan həmin xx.xx.1992ci il tarixli order qüvvəsini itirmişdir. Həmçinin qeyd edir ki, cavabdeh 80 və 82 saylı otaqların birləşdirilməsi məqsədi ilə 2009-cu ilə qədər həmin yataqxananın 80 saylı otağında yaşamış olan Babayeva Giləxanıma müraciət edərək onun oradan çıxdığı zaman 82 saylı mənzilin onun istifadəsinə verilməsini təmin etməsi üçün zavoda müraciət etməsini xahiş etmişdir. Əlavə olaraq öz adından da, müraciət etmişdir. Zavodun rəhbərliyi tərəfindən və Mənzil İstismar İdarəsinin rəisi tərəfindən müraciətlərinə müsbət cavab verilərək, onun 80-ci otaqdan istifadə etməyinə icazə verilmişdir. Həmin sənədlər sübut olaraq hazırki ərizəyə əlavə edilmişdir. Əvvəllər zavod tərəfindən həmin mənzillər zavodun işçilərinə orada yaşamaq və həmin mənzillərdən istifadə edə bilmək üçün verilmişdir. Bu mənzillər daimi olaraq deyil, məhz həmin işçinin həmin zavodda işlədiyi müddət ərzində ona təqdim edilmişdir. Buna əsasən də, ilkin iddiaçının ona mənzil təqdim edildiyi vaxtdan bəri heç vaxt orada yaşamaması və o mənzildən istifadə etməməsi əsas verir ki, həmin mənzil başqa bir şəxsin istifadəsinə verilsin. Belə ki, order yalnız boş yaşayış sahəsinə verilə bilər və yalnız otağa köçmək üçün əsas ola bilərdi. Otaq boş olmadığı təqdirdə ora orderin verilməsi qanunsuz və əsassız olmuşdur. Həmçinin həmin order əsasında ora köçməyən şəxsin 22 ildən sonra iddia qaldırması da əsassızdır. Bundan başqa, yataqxanada qonşuluqda yaşayan sakinlər tərəfindən ilkin iddiaçının və onun ailə üzvlərinin 80-ci otaqda heç vaxt yaşamaması ilə bağlı faktı təsdiq edəcək olan xx.xx.2024- cü il tarixli Akt tərtib edilmişdir və imzalanmışdır. Həmin Akt hazırki iddia ərizəsinə əlavə edilmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan da görünür ki, keçmiş arvadı Cavabdeh2 11 nömrəli yataqxananın 82\80 nömrəli otağında qeydiyyatdadır. Bu mənzildə həmçinin övladları da passport qeydiyyatındadırlar. Əlavə olaraq qeyd edir ki, 80-ci otağa köçdükdən sonra otaqları birləşdirilməsi zamanı oranın işıq, su, qaz və sanitar qovşaq ilə təmin edilməsi üçün, otaqların təmiri yenidən bərpası üçün kifayət qədər böyük məbləğdə xərc ödəmişdir. Bu qeyd edilən hallar hər biri məhkəmə tərəfindən nəzərə alınmalıdır. Odur ki, ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) olan İddiaçı xx.xx.1992-ci il tarixində təqdim edilmiş order qüvvəsini itirmiş hesab edildiyi üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etmədi. Bildirdi ki, 1992-ci ilin sentyabrında ona order verilmişdir. Ona ayrılan otaqda məcburi köçkünlər yaşadığı üçün bu məsələ ilə bağlı “Üzvi Sintez” İstehsalat Birliyinə müraciət etmişdir. Orada ona bildirilmişdir ki, göstəriş var ki, məcburi köçkünlər müvəqqəti olaraq harada yerləşiblərsə orada qalsınlar və qaldıqları yerdən çıxarılmasınlar. Həmin otaqda Zəngilan şəhərindən məcburi köçkün olan Minarə adlı xanıma ev telefonunu vermişdir ki, əgər buradan çıxsalar ona məlumat versinlər. Bundan sonra bir neçə dəfə həmin ünvana getmiş və onların hələ də orada yaşamağa davam etdiklərini görmüşdür. Sonradan həmin ailəni narahat etməmək üçün daha ora getməmişdir. Sonuncu dəfə torpaqlar işğaldan azad olunandan bir müddət sonra 2022-ci ildə getmiş və görmüşdür ki, heç kim yoxdur. Qonşular ona artıq orada məcburi köçkünlərin yaşamadığını və Bədəlovlar ailəsinin məskunlaşdığını bildirmişlər. Hal-hazırda həmin otağa qeydiyyatda deyildir. Çünki, oraya qeydiyyata düşmək üçün müraciət etdiyi zaman həmin otaqda məcburi köçkünlər yaşadığı üçün qeydiyyata düşə bilməmişdir. Hal-hazırda həmin otağa qeydiyyatda deyildir. Çünki, oraya qeydiyyata düşmək üçün müraciət etdiyi zaman həmin otaqda məcburi köçkünlər yaşadığı üçün qeydiyyata düşə bilməmişdir. Bu zamana qədər məhkəməyə müraciət etməməsinin səbəbi mübahisəli mənzildə məcburi köçkünlərin yaşadıqlarını zənn etməsi olmuşdur. Qeyd edilənlərə əsasən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə etdi. Bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsə və ailəsinə həmin yataqxananın 82 saylı otağında onlara yaşayış yeri ayrılmışdır. 80 saylı otaqda yaşayan Giləxanım həmin otaqdan çıxmaq qərarına gəlir. Bu zaman Cavabdeh1 ondan ailəsinin böyük olması səbəbilə həmin otağın da ona verilməsini Giləxanımdan xahiş edir. Məhkəməyə təqdim edilən məktubdan da görünür ki, o vaxt Giləxanım bu məsələyə etiraz etməmiş və otağı Cavabdeh1 verməyə razı olmuşdur. Cavabdeh1 da otaqları birləşdirir və oranın təmiri üçün müəyyən qədər xərc çəkir və uzun müddətdir də orada yaşayırlar. Neçə ildən sonra iddiaçı məhkəməyə müraciət etməzdən öncə Cavabdeh1ı bu məsələ ilə bağlı məlumat verir ki, o otaq guya iddiaçının otağıdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hal-hazırda Sumqayıt şəhərində yataqxanaların əksəriyyəti layihəyə düşür və orada yaşayanlara kompensasiya ödəməklə onlar oradan çıxarılırlar. İddiaçının da uzun illərdən sonra məhkəməyə müraciət etməyinin səbəbi həmin kompensasiyanı almaqdır. Eyni zamanda 1992-ci ildə verilmiş orderlə bağlı iddiaçı 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Hesab edilsə ki iddiaçı məcburi köçkünlərin orada yaşadıqları üçün məhkəməyə müraciət etməmişdir, bununla belə Cavabdeh1 həmin otaqda yaşadığı tarixdən hesablanarsa, yenə də iddia müddəti keçmiş olur. İddiaçının 32 il orada yaşamaması bunu göstərir ki, onun başqa yaşayış yeri var və heç o otağa ehtiyacı yoxdur. Cavabdeh1 isə uzun illər orada yaşamağı bunu təsdiq edir ki, onun bu otağa ehtiyacı var və yaşamaq üçün başqa əmlakı yoxdur. Bunnla yanaşı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia müddətinin tətbiq edilərək ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 bildirdi ki, iddiaçı qeyd olunan məsələ ilə bağlı dəfələrlə onlara müraciət etmişdir. Cavabdeh1 dəfələrlə yoxlamaları üçün sənədləri gətirməsini bildirsə də, müxtəlif bəhanələr gətirərək o sənədləri gətirməkdən imtina etmişdir. Bundan sonra məhkəmə gedişatında məlum olmuşdur ki, Cavabdeh1 heç orderi olmamışdır. İddiaçının isə bütün sənədləri qaydasındadır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərkimya” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, müvafiq bütün sənədləri məhkəməyə təqdim etmişlər. İddia tələbinin və qarşılıqlı iddianın təmin edilməsi və ya rədd edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, İradə xanım çoxdandır ki, qonşularıdır. Atası ilə eyni məktəbdə oxumuş və bir yerdə böyümüşlər. İddiaçı hal-hazırda kirayədə qalır. Onun (şahidin) xalasına da qeyd olunan yataqxanada otaq verilmişdir. İddiaçının otağında o vaxt məcburi köçkünlər məskunlaşdığı üçün oraya köçə bilməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, İradə ilə eyni yerdə işləmişlər. Məlumatı olduğu qədərilə İradəyə yataqxanadan otaq ayrılmış və orada məcburi köçkünlər yaşadığı üçün həmin otağa köçə bilməmişdir. Məhkəmə, iddiaçını və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan: xx.xx.1992-ci il tarixli orderdən aydın olur ki, “Üzvi Sintez” X3 Komitəsi və MMK-nın xx.xx.1992-ci il tarixli birgə iclasının 34 saylı protokoluna əsasən 02 saylı sexin laborantı İddiaçı və onun ailə üzvlərinə ünvan 2a yerləşən 80 saylı otaq ayrılmışdır. xx.xx.2001-ci il tarixli orderdən məlum olur ki, Etilen Politilen zavodu tərəfindən 26 saylı protokola əsasən Cavabdeh1 82/80 saylı otaq verilmişdir. xx.xx.2024-cü il tarixli №311 saylı arayışdan görünür ki, X11, Cavabdeh2 Aslan qızı , X7, Cavabdeh4,X8 82/80 nömrəli otaqlarda qeydiyyatdadırlar, lakin neçənci ildən qeydiyyatda olması barədə heç bir məlumat qeyd edilməmişdir. xx.xx.2024-cü il tarixində tərtib olunmuş aktdan görünür ki, 80-ci otaqda X5 və onun ailə üzvləri həmin zavod tərəfindən verilmiş 795№-li xx.xx.1990-cı il orderə əsasən 2009cu ilə qədər orada yaşamışıdrlar. 2009-cu ildən sonra həmin otaqda X10 və onun ailə üzvləri yaşayır. Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-DA-10F/2- 105/2024 saylı cavabından görünür ki, Cavabdeh1 yataqxanada mənzillə təmin edilməsinə dair arxivdə hər hansı bir məlumat yoxdur, bu məsələ ilə əlaqədar “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna müraciət edilməsi tövsiyyə edilir. “Azərkimya” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhər İcra hakimiyyətinə ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 2a yerləşən 80 saylı otaq xx.xx.1992-ci il tarixdə İddiaçı ayrılmışdır. Cavabdeh1 həmin otağa hər hansı sənəd verilməsi barədə “Azərkimya” İstehsalat Birliyində məlumat yoxdur. Sumqayıt şəhər İcra hakimiyyətinin Məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-6-7/2-416/2024 saylı məlumata əsasən ünvan 2a yerləşən 80 saylı otaq xx.xx.1992-ci il tarixdə İddiaçı ayrılmışdır. Qeyri-rəsmi məlumata əsasən 80 saylı otaq Cavabdeh1 gülxanım babayeva tərəfindən satılmış və Cavabdeh1 dediyinə görə bundan sonra 82 saylı otağın orderinə MKS-in əməkdaşı tərəfindən 80 saylı otaqda əlavə edilmişdir. İddiaçı 80 saylı otağın alınması üçün heç bir hüquqi əsas olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 43-cü maddəsinə əsasən Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz Mübahisəli mənzilin dövlət mənzil fondunda olması nəzərə alınaraq və maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq hazırkı mübahisə 01 oktyabr 2009cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Eyni Məcəllənin 49-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı”nda formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, “ Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli sərəncamının 2-ci bəndinə görə, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. İşin məhkəmə iclasında araşdırılan, mübahisələndirilməyən hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, sözügedən yataqxananın 80 saylı otağı barəsində İddiaçı verilmiş order qüvvədə olduğu halda Cavabdeh1 ayrılmış otaqla birləşdirilərək sonuncuya məxsusu orderə səlahiyyətsiz şəxs tərəfindən heç bir hüquqi əsas olmadan 80 saylı otaqa dair qeyd əlavə edilmişdir. Bu hal Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin tələblərinə zidd olmuşdur. Qanunverici mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. İddiaçı otağından istifadə etməməsini onunla əsaslandırır ki, həmin otaqda məcburi köçkünlər məskunlaşmışdır. Bu hal qarşı tərəf tərəfindən də təsdiqlənir ki, sözü gedən 80 saylı otaq əvvəllər məcburi köçkün olan şəxs tərəfindən tutulmuşdur. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia barədə iddia müddətinin tətbiqi barədə ərizəsinə dair məhkəmə bildirir ki, fərdi müəyyən əşya olan 80 saylı otağın ilkin iddiaçı tərəfindən geri tələb edilməsinə müddət tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən iddia müddətinin şamil edilmədiyi tələblər- 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; Göründüyü kimi, ilkin iddia tələbi qanunvericiliyin əsaslarına görə əsalıdır. Cavabdeh1 “Etilen Politilen” zavodu tərəfindən 26 saylı protokol əsasında ayrılmış xx.xx.2001-ci il tarixli orderin qismən - ünvan 2a yerləşən 80 saylı otağın verilməsi hissəsi etibarsız sayılmalı, Cavabdeh1 və ailə üzvləri Cavabdeh2 Aslan qızı, X9, Cavabdeh4 həmin otaqdan çıxarılmalı, otaqdan istifadəyə yaradılmış maneə aradan qaldırılmalı, iddiaçı həmin otağa köçürülməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçınının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlkin iddianın təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırır. Qarşılıqlı iddia isə əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh1 “Etilen Politilen” zavodu tərəfindən 26 saylı protokol əsasında ayrılmış xx.xx.2001-ci il tarixli orderi qismən - ünvan 2a yerləşən 80 saylı otağın verilməsi hissəsi etibarsız sayılsın. Cavabdehlər Cavabdeh1 və ailə üzvləri - Cavabdeh2 Aslan qızı, X9, Cavabdeh4 ünvan 2a yerləşən 80 saylı otaqdan çıxarılsınlar. ünvan 2a yerləşən 80 saylı otaqdan istifadəyə yaradılmış maneə aradan qaldırılsın, İddiaçı həmin otağa köçürülsün. Cavabdeh1 İddiaçı qarşı xx.xx.1992-ci il tarixində təqdim edilmiş orderin qüvvəsini itirmiş hesab edildiyi üçün ləğv edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar