Məhkəmə qərarları › İş №2(060)-2769/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2769/2024

19.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2769/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızı, Ərizəçi İddiaçı “mirası qəbul etmə müddətinin uzadılması” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. Ərizəçi İddiaçı “mirası qəbul etmə müddətinin uzadılması” tələbinə dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum atası – 17 avqust 2022-ci il tarixdə vəfat etmiş X1 miras qalmış bankda depozit hesabda olan pul məbləğinin onun – İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia əsaslandırıldığı hallar :

2. O, İddiaçı xx xxxx 1970-ci il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. X2 onun atasıdır. 17 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Qeyd edir ki, atası Nadir Rzayevdən miras qalmış bankda depozit hesabda olan pul məbləğinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı cavabdeh Sumqayıt Şəhəri 1 saylı Notariat Ofisinə müraciət etmiş, lakin mirasın qəbul müddətini ötürdüyü üçün imtina edilmişdir. Qeyd edir ki, müddəti ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməsi olmuşdur. Belə ki, o miras əmlakın qəbulu ilə bağlı altı ay tamam olduqdan sonra istənilən vaxtı notariat ofisinə müraciət etməli olduğunu başa düşmüşdür. Lakin sonradan ona izah olunmuşdur ki, altı ay tamam olduqdan sonra müraciət etməli olduğu yox, altı ay müddət tamam olduqdan sonra vərəsəlik haqqında şəhadətnamə verilir. Yəni, qanunun tələbini səhv başa düşmüşdür. Qeyd etmək istəyir ki, bu müddət ərzində miras əmlaka faktiki sahiblik etmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Tətbiq edilən hüquq :

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

5. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1133m). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243m). Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (1321m). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir(1322m).

6. İş materaillarına əlavə edilmiş Sumqayıt Şəhər 1 saylı notariat ofisinin 395 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, notariat ofisi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə istinad edərək vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir.

7. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

8. Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

9. Belə olan halda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 1246cı maddəsi qüvvədən düşdüyü və qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edildiyi üçün “miras əmlakın faktiki qəbul etməsi faktının müəyyən edilməsi” barədə iddiaya məhkəmə qaydasında baxılmalı deyil, aidiyyatı notariat orqanı tərəfindən müvafiq müraciətə baxılmalıdır.

10. Mülki prossesual qanunvericiliyə əsasən ərizəyə məhkəmə qaydasında qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Nəticə :

11. Beləliklə, məhkəmə qeyd edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəçi İddiaçı maraqlı şəxs Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinə qarşı “mirası qəbul etmə müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni mülki məhkəmə qaydasında baxılmalı olmadığından icraata qəbul edilməkdən imtina edilməlidir.

12. Məhkəmə qeyd edir ki, ərizəçiyə hazırki tələb ilə aidiyyatı notariat ofisinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Ərizəçi İddiaçı maraqlı şəxs Sumqayıt Şəhər 1 saylı notariat ofisinə qarşı olan “mirası qəbul etmə müddətinin uzadılması” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə aidiyyatı notariat ofisinə müraciət etmək hüququna malik olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar