Məhkəmə qərarları › İş №2(060)-277/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-277/2021

23.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-277/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması və digər tələblərinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 (bundan sonra - iddiaçılar) Sumqayıt “Asan Xidmət” Mərkəzinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (X2 üçüncü şəxs kimi göstərməklə) cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə üçüncü şəxsin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddiaçılar tərəfindən miras əmlakın qəbulu üçün müddətin buraxılmasının üzürlü sayılması, bu müddətin uzadılması, mirasın qəbulu faktının tanınması və miras əmlak, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhluzadə küçəsi, ev 1, mənzil 57-nin 1/4 hissəsinə, “Opel Astra minik” markalı, **-FP- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və “xxxx” ASC-nin xx.xx.2017-ci il tarixli 200/200/0855/2017 nömrəli arayışa hesab üzrə qalığı 1252,70 manat pul məbləğinə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X7 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhluzadə küçəsi, ev 1, mənzil 57-nin 1/4 hissəsi, “Opel Astra minik” markalı, **-FP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və “xxxx” ASC-nin xx.xx.2017-ci il tarixli 200/200/0855/2017 nömrəli arayışa hesab üzrə qalığı 1252,70 manat pul məbləği miras qalmışdır. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhluzadə küçəsi, ev 1, mənzil 57 İddiaçı4 Xanbala qızının adına 3/4 hissə, X5 adına 1/4 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiууata alınmışdır. “Opel Astra minik” markalı, **-FP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi isə iddiaçılardan İddiaçı3 bu günə kimi faktiki istifadəsindədir. “xxxx” ASC-nin hesab üzrə qalığı 1252,70 manat pul məbləği Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2338/2018-ci il saylı, xx xxxxxx 2018-ci tarixli qətnaməsinə əsasən Sumqayıt Regional ” Asan xidmət”' Mərkəzi xx.xx.2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə üçüncü şəxsin istifadəsinə verilmişdir. Atalarının vəfatından sonra 2016-cı ildə iddiaçılar 6 saylı Dövlət Notariat Orqanına və daha sonra Sumqayıt Regional ” Asan xidmət” Mərkəzinə notariat qaydasında ərizə ilə müraciət edərək miras əmlakı qəbul etmək istəklərini bildirmişlər. Lakin, notariat orqanı əmlakın mülkiyyət sənədlərini təqdim etməli olduqlarını bildirərək vərəsəlik hüququnu rəsmiləşdirməmişdir. Bu səbəbdən mirasın 6 aylıq müddətdə qəbulu üzürlü olaraq ötürülmüşdür. Sonradan isə cavabdeh vərəsəlik şəhadətnaməsi verməyərək, müddətin uzadılması üçün məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Məhkəmələrdə işə baxılarkən hüquqi savadsızlıqlarından, mülki işləri düzgün apara bilməmişlər. Bununla əlaqədar ərizələri baxılmamış saxlanmışdır. Miras əmlakın qəbulu ilə bağlı müddətin uzadılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş məhkəmənin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı4 mirası qəbul etmək üçün müddətin uzadılması barədə iddia ərizəsi rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı4 ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh məhkəmə mübahisələrinin bitmədiyini nəzərə almayaraq vərəsələrin dairəsini müəyyənləşdirmədən və miras payları müəyyən etmədən bütün miras əmlaklara cavabdehin adına qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Cavabdeh belə bir şəhadətnaməni verərkən Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsaslanmışdır. Lakin iddiaçılar belə bir məhkəmə prosesindən xəbərsiz olmuşlar. xx xxxxxx 2018-ci il tarixli qətnaməsi çıxarılarkən iddiaçıların iştirakı təmin edilməmişdir. Bundan əlavə hər bir halda notariat orqanı digər vərəsələrin olub-olmadığını aydınlaşdırmalıdır. Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə üçüncü şəxsə tam hissə vərəsəlik pay vermişdir. İddiaçılar xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirilməsi barədə ərizələrində üçüncü şəxsin adına verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və iddiaçıların mirasın qəbul edilməsi müddətlərinin üzrlü hesab edilərək uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı4 məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək bildirdi ki, miras əmlakın qəbulu ilə bağlı üçüncü şəxs tərəfindən buraxılmış müddət uzadılarkən onların məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Eyni zamanda iddiaçıya notariat orqanı tərəfindən miras əmlaka tam pay hüququ üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Qeyd edilənlər isə qanuna müvafiq hesab edilə bilməz. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Digər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı5 İddiaçı4 izahatı ilə oxşar məzmunlu izahatlar verərək iddianın təmin edilməsini xahiş etdilər. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onun mirasın qəbulu üçün buraxılmış müddətin uzadılması haqqında iddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icra edilmişdir. Bütün miras əmlaka dair ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Miras əmlakdan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhluzadə küçəsi, ev 1, mənzil 57 artıq satılmışdır. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehə və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onların və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 xx.xx.1989-cu ildə, İddiaçı4 xx.xx.1996cı ildə, İddiaçı5 xx.xx.1993-cü ildə, İddiaçı2 xx.xx.1987-ci ildə, İddiaçı3 isə xx.xx.1988-ci ildə anadan olmuşlar. Üçüncü şəxs xx.xx.1970-ci ildə anadan olmuşdur. Ölüm haqqında şəhadətnamə ilə müəyyən edilir ki, X8 xx.xx.2016-cı ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamələrə əsasən iddiaçıların Yəhya Zəkiyevin övladları olması müəyyən edilir. İşə əlavə edilmiş ərizələrdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 atalarından qalan miras əmlaka dair pay hüquqlarından İddiaçı4 xeyrinə imtina etmişlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə üçüncü şəxs Yəhyə Zəkiyevlə xx.xx.2006-cı il tarixində nikaha daxil olmuşlar. Hazırkı iş üzrə üçüncü şəxs xx.xx.2016-cı ildə İddiaçı2, İddiaçı1 və İddiaçı4 qarşı Yəhyə Zəkiyevdən miras qalmış əmlaka mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki işin materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhluzadə küçəsi, ev 1, mənzil 57 ¾ hissədə İddiaçı4 Xanbala qızının, ¼ hissədə isə Yəhyə Zəkiyevin mülkiyyətində olmuşdur. “Opel Astra minik” markalı, **-FP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi isə xx.xx.2014-cü il tarixdən Yəhyə Zəkiyevin mülkiyyətində olmuşdur. Həmin iş üzrə cavabdehlər miras əmlaka dair mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-465/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1644/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia qismən təmin edilmiş Sədaqət Əliyevanın vərəsəlik hüququ tanınmışdır. İddiaçı4 mirasın qəbulu üçün müddətin uzadılması haqqında xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Yəhyə Zəkiyevdən miras qalmış əmlakın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 7778/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105) -2925/2018 saylı, 29.101.2018-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş İddiaçı4 ərizəsi baxılmamış saxlanmışdır. Sədaqət Əliyeva iddia ərizəsi ilə Sumqayıt “Asan Xidmət” Mərkəzinin xüsusi notariusu X6 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Yəhyə Zəkiyevdən miras qalmış əmlakın qəbulu üçün Sədaqət Əliyeva tərəfindən buraxılmış müddət uzadılmışdır. Həmin qətnaməyə əsasən X13 Zəkiyevdən miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (1248.1). İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçılar Yəhyə Zəkiyevin övladları, üçüncü şəxs isə onun həyat yoldaşıdır. Həm iddiaçılar, həm də üçüncü şəxs Yəhyə Zəkiyevin birinci dərəcəli vərəsələridirlər. İddiaçılar və üçüncü şəxs Yəhyə Zəkiyevdən miras qalmış əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşlər. Üçüncü şəxs Sədaqət Əliyeva miras əmlakın qəbulu üçün ötürülmüş müddətin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Bundan sonra o, məhkəmə qətnaməsi əsasında Yəhyə Zəkiyevdən miras qalmış bütün əmlaka dair vərəsəlik şəhadətnaməsi almışdır. Mülki Məcəllədə göstərilmişdir ki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (1321.1.). Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir (1321.2.). Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun (1321.3.). Göründüyü kimi vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmasına baxmayaraq notariat orqanı Yəhyə Zəkiyevdən miras qalmış bütün əmlaka dair Sədaqət Əliyevaya vərəsəlik şəhadətnaməsi vermişdir. İddiaçılar isə həmin vaxt miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Lakin, ərizə müvafiq prosessual qanunvericiliyin tələbinə uyğun tərtib edilmədiyindən baxılmamış saxlanmışdır. Yəni, iddiaçılar mirasın qəbulu üçün müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxmışlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Yəhyə Zəkiyevdən miras qalmış əmlaka dair Sədaqət Əliyevaya verilmiş vərəsəlik şəhadətnaməsi ləğv edilməli və iddiaçıların mirasın qəbulu üçün buraxdıqları müddət uzadılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt “Asan Xidmət” Mərkəzi notariat ofisi tərəfindən X3 miras qalmış əmlaka dair X4 verilmiş vərəsəlik şəhadətnaməsi ləğv edilsin. X3 miras qalmış əmlaka (Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhluzadə küçəsi, ev 1, mənzil 57-nin 1/4 hissəsinə, “Opel Astra minik” markalı, **-FP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və “xxxx” ASC-nin xx.xx.2017-ci il tarixli 200/200/0855/2017 nömrəli arayışa hesab üzrə qalığı 1252,70 manat pul məbləğinə) dair iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar