Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2772/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» ASC-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o Laçın rayonundan məcburi köçkün düşməklə ailə üzvləri ilə yuxarıda göstərilən ünvanda 1993-cü ildən məskunlaşmışdır. Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən Sürücülük məktəbinin yanında olan və onun 2010-cu ildən faktiki olaraq yaşamadığı fərdi evə 2017-ci ildə işıq sayğacı onun adına quraşdırılmış və keçən bu illər ərzində həmin tikiliyə quraşdırılmış elektrik sayğacı fərdi yaşayış evinin çöl hissəsində yerləşməklə sonradan həmin tikiliyə məcburi köçkün ailəsi yığışmışdır. Lakin bu illər ərzində bir dəfə də olsun enerji sərfıyyatı ilə bağlı borcun yığılması barədə bildiriş və ya xəbərdarlıq verilmədiyi halda, 11.02.2021-ci il tarixdə ona məlum olmuşdur ki, həmin ünvanda enerji sərfiyyatı ilə bağlı 2504,51 manat məbləğində borc hesablanmışdır. Həmin ünvana dair abonent saldosunda 1858,08 manat sərfıyyat borcu kimi, 646,48 manat isə akta görə yazılmışdır. Halbuki onun aktdan və sərfıyyatdan xəbəri olmamış, ümumiyyətlə 2017-ci ildə onun adına sayğac quraşdırıldığı vaxtda da o həmin tikilidə yaşamamışdır. Belə ki, o həyat yoldaşının şəxsi mülkiyyətində olan mənzildə yaşamaqla bu tikili ilə heç bir gediş-gəlişi yoxdur. Bu borcun hesablanması tam əsassızdır, heç bir məntiqə uyğun deyildir, bir otaqdan ibarət tikilidə 1 nəfər qaçqının adı keçdiyi halda 3 il ərzində 2500 manat sərfiyyatın olması tam məntiqsiz və qeyri-realdır. Qeyd edilənlərə əsasən cavabdeh «xxxx» ASC tərəfindən onun adına (abunə kodu **********00242) olan, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, Sürücülük məktəbinin yanındakı tikili ilə bağlı hesablanmış 2504,56 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, əlavə olaraq izahatında göstərdi ki, mübahisəli ünvana dair cavabdeh təşkilatla heç bir müqavilə bağlamamış, hazırda həmin ünvanda 2016-cı ildən halhazıradək Ağdam rayonundan məcburi köçkün olan X3 yaşayır. Onun həmin ünvanla heç bir əlaqəsi yoxdur. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X10 iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərdi ki, İddiaçı İdiris oğlu “xxxx” ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili 07.03.2017-ci il tarixdə abonent qeydiyyatına alınmış, 09.03.2017-ci il tarixində mənzilə elektrik hesabat sayğacı quraşdırılmışdır. 09.03.2017-ci il tarixdən 11.02.2021-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 2504,56 manat hesablanmışdır. Abonent həmin dövürdə heç bir ödəniş etməmiş və hal-hazırda iddiaçının sayğaca görə 2504,56 manat debitor borcu qalmışdır. Abunə haqqında çıxarışdanda görünür ki, iddiaçı 09.03.2017-ci il tarixindən 11.02.2021-ci il tarixədək aylıq ödənişləri ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (E.E.İ.Q) 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nm 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Bütün bunlar iddiaçının “EEİQ”-nin tələblərinin açıq aşkar pozduğunu göstərdiyindən və istehlakçının məhkəməyə müraciət edərək məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı 2504,56 manat məbləğində borcun silinməsinə dair iddia tələbinin əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X6 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan bildiriş xəbərdarlıqdan görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, Sürücülük məktəbinin arxasında yerləşən evə görə İddiaçı adına olan **********00242 abunə koduna 11.02.2021-ci il tarixə enerji sərfiyyatı ilə bağlı 2504,51 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı adına olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, Sürücülük məktəbinin arxasında yerləşən ünvanda istifadə edilmiş elektrik enerjisinin dəyəri ödənilməmişdir. İş materiallarında olan 4 saylı MKS tərəfindən verilmiş 15.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1996-cı ildən ünvan 5 ünvanıda qeydiyyatsız yaşayır. İş materiallarında olan 4 saylı MKS tərəfindən verilmiş 17.02.2021-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Sürücülük məktəbinin yataqxanasında 2016-cı ildən Ağdam rayonundan məcburi köçkün olan X3 qeydiyyatsız yaşayır. İş materiallarında olan nikahın bağlanması haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında nikah 02 dekabr 1987-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 7 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bəylərov, arvada Səfərəliyeva soyadı verilmişdir. İş materiallarında olan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 X2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan bildiriş xəbərdarlıqdan görünür ki, ünvan 6 ünvanında enerji sərfiyyatı ilə bağlı **********00724 abunə koduna borc İddiaçı adına hesablanır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC “Şimal” X7 və Satışı İdarəsinin məhkəmənin sorğusuna 29 aprel 2021-ci il tarixli cavabında bildirilir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Sürücülük məktəbinin yanındakı tikili **********00242 saylı kodla 07.03.2017-ci il tarixindən X4 adı ilə abonent qeydiyyatındadır. Abonentin mənzilinə 09.03.2017-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Mənzilin 12.04.2021-cı il tarixinə enerjitəchizatçı təşkilata 2715,72 manat sayğac borcu vardır. Borcun yaranma səbəbi abonentin sayğacla sərf etdiyi enerjinin dəyərini ödəməməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı təqdim və tədqiq edilmiş sənədlərlə müəyyən olundu ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, Sürücülük məktəbinin yanında yerləşən evə görə **********00242 abunə kodu İddiaçı adına, 2016-cı ildən Ağdam rayonundan məcburi köçkün olan X3 qeydiyyatsız yaşayır.akin iddiaçı həmin ünvanda yaşamır, həmin ünvanda 2016-cı ildən Ağdam rayonundan məcburi köçkün olan X3 qeydiyyatsız yaşayır. İddiaçı isə arvadı X2 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanıda yaşayır və həmin ünvana görə enerji sərfiyyatı ilə bağlı **********00724 abunə koduna borc İddiaçı adına hesablanır. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mübahisəli ünvana dair hesablanmış borcun silinməsini tələb edərkən, onun bu hüquqa, yəni subyektiv hüququnun olmasının hüquqi və faktiki hallarını əsaslandıra bilməmiş, həmçinin öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyərkimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normaları əsaslanaraq hesab edir ki, iddiaçı bir çox hüquqlardan üstün olan mülkiyyətçi hüquqlarından əvvəl subyektiv hüququnun olmasını əsaslandıra bilməmiş, həmçinin cavabdehin iddia tələbinin subyektiv hüququn olmaması əsası ilə rədd edilməsi barədə etirazını təqzib edə bilməmişdir. İddiaçı mübahisəli Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, Sürücülük məktəbinin yanında yerləşən evə görə **********00242 abunə koduna hesablanmış borcun silinməsi barədə tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh «xxxx» ASC-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh «xxxx» ASC-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2772/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2772/2021
03.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver