Məhkəmə qərarları › İş №2(060)-2776/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2776/2022

13.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2776/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.02.2022-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS tərəfindən ******* nömrəli akt əsasında ona hesablanmış 600 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Uzun müddətdir nümunəvi istehlakçı kimi təbii qazdan səmərəli istifadə edir, ödənişləri vaxtı vaxtında edir. Ziyalı ailəsi olduqları üçün indiyə qədər qanunvericiliklə müəyyən edilmiş tələbləri pozmamış, layiqli vətəndaş kimi digərlərinə nümunə olmuşlar. 17.02.2022-ci il tarixdə Azəriqaz İstehsalat Birliyinin Sumqayıt QİS-in rəisi tərəfindən barəsində ******* nömrəli akt tərtib edilərək bu ahıl yaşında guya qaz sayğacına hər hansı müdaxilə etdiyi qeyd edilmişdir. Əsas kimi isə 10.02.2022-ci il tarixdə metrologiya departamentinin rəyi qeyd edilib. Həmin rəyə əsasən guya o, sayğacın çıxış borusunu deşmiş və bununla qanunsuz olaraq qaz istehlak etmişdir. Lakin bildirmək istərdi ki, sayğaca (abonent kod **********01060 nömrəli) müdaxilə etməmişdir. Sayğacın çıxış borusundan çıxan qaz onsuz da sayğacdan keçdiyi üçün ödənişini etdiyi qazdır. Absurd olaraq sayğacın çıxış borusuna müdaxilə qeyd edilib. Həmçinin sayğacın xüsusi plombu da üstündə olmuş və bu da hər hansı kənar müdaxiləni mümkünsüz edir. Həmin sözügedən sayğac 22.12.2021 -ci il tarixində ******* nömrəli akt əsasında quraşdırılıb və xüsusi plomb vurulub. Yaxın zaman kəsiyində sayğacın dəyişdirilməsi və ondan sonra bu formada qanunsuz akt yazılması Azəriqaz İstehsalat Birliyinin Sumqayıt QİS-in əməkdaşları tərəfindən məqsədli şəkildə həyata keçirilməsinə ciddi şübhələr yaradır. Həmçinin sayğac mənzilin çölündə yerləşir və Azəriqaz İstehsalat Birliyinin Sumqayıt QİSin əməkdaşları asanlıqla müdaxilə edə bilər və ya dedikləri kimi nasaz sayğac quraşdıraraq cərimə yazmaq üçün bu cur qanunsuz əməllərdən istifadə edə bilər. Nəticədə isə qanunsuz olaraq ona 600 manat miqdarında əlavə sərfiyyat hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, 17.02.2022-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS tərəfindən ******* nömrəli akt əsasında ona hesablanmış 600 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 2 ünvanına quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı aktda sayğacın baxış zamanı məlum olmuşdur ki, **********8 №-li, G-4 markalı sayğacın çıxış plastmas borusu deşilməsi halı aşkar edilmişdir. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Əvvəlki, yəni yararsız hala salınmış təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Əməkdaşları həmin mənzilə 17.02.2022-ci il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək 17.02.2022-ci il tarixli akt əsasında 518,40 manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları E.Eyvazov, B.Abdullayev və İ.Allahverdiyevin iştirakı ilə ünvan 3, mənzil 106-ya dair tərtib edilmiş “Təbii X2nn pozulması haqqında” ******* №li 17.02.2022-ci il tarixli aktın surətindən görünür ki, abonentə məxsus qaz sayğacı 10.02.2022-ci il tarixli Metrologiya Departamentinin rəyinə görə G-4 markalı (№**********8) sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilməsi halı aşkar edilmişdir. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 3, mənzil 106-ya akta əsasən 518,40 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1-da qeydiyyatdadır. “X2"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş borcun İddiaçı tələb edilməsi qanuni olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacından kənar təbii qazdan istifadə edərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Lakin məhkəmə iddia tələbini qismən təmin edir. Belə ki, iddiaçı akt əsasında yaranmış borc kimi 600 manat göstərsə də, iş materiallarında olan abunə haqqında saldodan görünür ki, İddiaçı yaşadığı ünvan 3-a akta əsasən 518,40 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçının yaşadığı evə akta əsasən hesablanmış 518,40 manat borc silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X2”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 3 ünvanına 17.02.2022-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 3 ünvanına 17.02.2022-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar