Məhkəmə qərarları › İş №2(060)-2779/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2779/2022

20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2779/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə 20 iyun 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən mülkiyyətində olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7a-da yerləşən 10 saylı mənzilə hesablanmış 219 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı ildə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7a-da yerləşən 10 saylı mənzili almış və mənzil üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və adına ******* nömrəli RX seriyalı çıxarış da verilmişdir. Qeyd edilən mənzildə uzun illər yaşayış olmamışdır. Həmin mənzilə su sayğacı quraşdırılmış və o, da sayğac göstəricisi əsasında sudan istifadə ilə bağlı hesablanan sərfıyyat vaxtlı-vaxtında ödəmişdir. O, həmin mənzili alan vaxt mənzilin keçmiş sahibi ona sudan istifadə ilə bağlı borcun olmaması barədə arayış vermişdir. Lakin cavabdeh təşkilatın verdiyi abonent kartından ona məlum olmuşdur ki, həmin mənzilin sudan istifadə ilə vaxtı keçmiş 219 manat borcu vardır. O, həmin borcun silinməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin borcun silinməsindən imtina edilmişdir. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur, ona görə də cavabdeh tərəfindən hesablanmış 219 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh ASC-nin əməkdaşı tərəfindən qeyd olunan ünvana- ünvan 1dir. Həmin vaxt iddiaçı evdə olmadığından və qapı açılmadığından sayğaca baxış keçirmək mümkün olmamış və bununla əlaqədar Azərsunun əməkdaşı uzun müddət təxmini orta hesabla sərfiyyat qeyd etmişdir. Lakin sonradan həmin mənzildə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, keçən müddət ərzində sayğacın üzərindəki göstərici 395 kuba çatmışdır. Bu da hesabla 197 manat 50 qəpik edir. Qeyd edir ki, həmin məbləğ tam əsaslı sərfiyyata uyğun hesablanmış məbləğdir. Nümayəndə əlavə olaraq qeyd etdi ki, 2020-ci ilə qədər sudan istifadəyə görə iddiaçı tərəfindən ödənişlər olmuşdur. 2020-ci ildə iddiaçıya 197.50 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, iddiaçının iddia tələbi tam əsassızdır. Belə ki, qeyd edilən borc sayğac göstəricilərinə uyğun hesablanmışdır. Bundan başqa iddiaçı tərəfi abonent kimi tanımırlar. Belə ki, müqavilə 2002-ci ildə abonent kimi Qəndab İsmayılova ilə imzalanmışdır. Nümayəndə qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı bildirmişdir ki, evi 2016-cı ildə almışdır. Evi aldığı zaman, əvvəlki ev sahibinin sudan istifadəyə görə borcu olsaydı, evi öz adına keçirərək rəsmiləşdirə bilməzdi. Mənzil iki otaqlıdır. O, evdə heç kim yaşamamışdır, bacısının oğlu yalnız axşam vaxtları orada qalmışdır. Həmin aylara görə o ümumiyyətlə nə qaza, nə də işığa pul ödəməmişdir. Hazırda evdə yaşayış var. Cavabdehin əməkdaşları gələn zaman qapı bağlı olmuş və onlar mənzildə yerləşən sayğaca baxmadan borc yazmışdırlar. Qeyd edir ki, bir ay müddətində o qədər borc yazıla bilməz. Ona görə də hesab edir ki, borc əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddələrinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7A, 10 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 108 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan abonentin kartından görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7A, 10 saylı mənzildə Qəndab İsmayılovanın adına xx.xx.2002-ci il tarixdə bağlanmış müqaviləyə əsasən sudan istifadəyə görə 202,47 manat borc hesablanmış, hesablama 1 nəfərə görə aparılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7a-da yerləşən 10 saylı mənzildə sudan istifadəyə görə hesablaşma xx.xx.2008-ci il tarixdə quraşdırılmış sayğac əsasında aparılmışdır. Sonradan xx.xx.2021-ci il tarixdə həmin mənzilə yeni sayğac quraşdırılmışdır. Həmin mənzilə xx.xx.2020-ci il tarixdə sayğacın göstəricisinə əsasən 197,50 manat sudan istifadəyə görə borc hesablanmışdır. Hazırda iddiaçı 219 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 31-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi suölçən cihazların göstəricilərinin qeydə alınması, onların quraşdırılması, təmiri, dəyişdirilməsi, çıxarılması, yerlərinin dəyişdirilməsi, onlara xidmət göstərilməsi və onlardan göstəricilərin silinməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı cihazının yanına buraxılmaq hüququna malikdir. Qanunun 32-ci maddəsinə əsasən birinci hissəsində istehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları həyata keçirməlidirlər: a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq; b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək; c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək; ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ünvana xx.xx.2020-ci il tarixdə 395 kub su sərfiyyatı yalnız həmin tarixdən əvvəlki aya görə deyil, iddiaçının uzun müddət evdə olmaması səbəbindən Cavabdeh ASC-nin əməkdaşının sayğaca baxış keçirməməsi və ya hər ay sayğacın göstəricisi barədə istehlakçı, hazırki halda iddiaçı tərəfindən ona məlumat verilməməsi ilə bağlı olmuşdur. Sözügedən mübahisəli evdə uzun müddət gündüz vaxtı, yəni Cavabdeh ASC-nin əməkdaşının sayğaclara baxış keçirdiyi vaxt heç kimin olmadığını iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq etmişdir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə həmçinin qeyd edir ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 395 kub su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə iddiaçıya hesablanmış 197,50 manat borcun silinməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən iddiaçı məhkəmə iclasında onu da qeyd etmişdir ki, həmin evdə gündüzlər yaşayışın olmaması onun işıq və qaza heç bir ödəniş etməməsi ilə də təsdiq olunur. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən abunə haqqında xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7A, 10 saylı mənzilə elektrik enerjisindən istifadəyə görə 2020-ci ilin iyun ayında 8,12 manat, iyul ayında 12,32 manat, avqust ayında 17,08 manat, sentyabr ayında 8,19 manat və müvafiq olaraq digər məbləğlərdə sərfiyyat hesablanmış və abonent tərəfindən ödənişlər olunmuşdur. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının mübahisələndirdiyi borcun 21,50 (219- 197,50) manat hissəsi isə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə iddiaçıya hesablanmış, lakin onun tərəfindən tam ödənilməmiş sərfiyyatla bağlı yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ünvana su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 219 manat məbləğində borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar