Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2779/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və azyaşlı İsmayılzadə Həsən Eldəniz oğluna 7500 manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 5-də yerləşən 29 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, kompensasiyanı cavabdehlərin hər birinə 4000 manat olmaqla, cəmi 12000 manat məbləğində təklif etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 5, mənzil 29-də yerləşməklə yaşayış sahəsi 50.54 kv.m. olan 4 otaqdan ibarətdir. Bu mənzil üzərində onun mülkiyyət hüquqlarının qeydiyyatına dair xx.xx.2007-ci il tarixdə çıxarış verilmişdir. Cavabdehlərdən E.lsmayılov onun oğlu, Cavabdeh2 onun həyat yoldaşı və Cavabdeh3 və Həsən İsmayılzadə isə sonuncunun övladlarıdır. Dəfələrlə cavabdehlərlə onun arasında mübahisələr baş verir, cavabdehlər ona öz mülkiyyətində, mənzilində rahat yaşamağa, əmlakı üzərində sərbəst sərəncam verməyə imkan vermirlər, hətta ona bildirirlər ki, o bu evdən çıxmalıdır və onun bu mülkə hüququ yoxdur. Cavabdehlərin bu hərəkətləri onun mülkiyyət hüquqlarını pozur və buna görə də o bu şəxslərə kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət edir. O özü heç yerdə işləmir, yaşa görə əmək pensiyasına çıxmışdır. Başqa heç bir yerdən gəliri yoxdur, ona məxsus olan mənzildə aylıq kirayə haqqının 200 manat olmasını nəzərə almaqla o bir ailənin üzvləri olan cavabdehlərə müvafiq kompensasiya təklif edir və bu məbləğ ailənin oxşar şəraitli bir mənzildə 3 ildən artıq bir müddətdə kirayədə yaşamalarına imkan verir. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdilər və onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Yaşayış sahəsinə order verilərkən ailə üzvlərinin sayı nəzərə alınaraq 4 otaqlı mənzil verilmişdir. Cavabdehlər mənzildən çıxmaq istəmirlər. Həmçinin cavabdehlər kompensasiya məbləği ilə razı deyillər. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs şəxsi vəsaiti hesabına yüksək məbləğdə xərc çəkərək mənzili təmir etdirmişdir. Odur ki, 20000 manat kompensasiya müqabilində cavabdehlər istifadə hüquqlarının xitamına etiraz etmirlər. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 5 saylı evin 29 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DİN-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və xx.xx.2011-ci il təvəllüdlü İsmayılzadə Həsən Eldəniz oğlu Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 5 saylı evin 29 saylı mənzilində qeydiyyatdadırlar. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 5 saylı evin 29 saylı mənzilinin bazar dəyəri 70200 manat, aylıq kirayə dəyəri 250 manat, bir otağın kirayə dəyəri 100 manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin Sumqayıt şəhəri, 18-ci mikrorayon, 5 saylı evin 29 saylı mənzilə oxşar şəraitli (yerləşdiyi yer, otaqların sayı, mərtəbəsi, təmiri və s. hallar nəzərə alınmaqla) mənzilllərin aylıq kirayə haqqının müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, sözügedən mənzilə oxşar şəraitli (yerləşdiyi yer, otaqların sayı, mərtəbəsi, təmiri və s. hallar nəzərə alınmaqla) mənzilllərin aylıq kirayə haqqı 250 manat təşkil edir. İş üzrə mütəxəssis rəyinə əlavə edilmiş hesab fakturadan iş üzrə mütəxəssis rəyinin dəyərinin 100 manat təşkil etdiyi göstərilmişdir. - Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş xx.xx.1987-ci il tarixli orderdən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 5 saylı evin 29 saylı mənzilinin icarədarı İddiaçıdur. - Həmin orderdən görünür ki, İddiaçı icarədar, Cavabdeh1 - İddiaçı oğludur. - İnternet resurslarından əldə edilmiş məlumatlardan görünür ki, hazırki iddia predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 5 saylı evin 29 saylı mənzilinə oxşar şəraitli (yerləşdiyi yer, otaqların sayı, mərtəbəsi, təmiri və s. hallar nəzərə alınmaqla) mənzillərin aylıq kirayə haqqları təxmini 300-350 manat aralığındadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 5 saylı evin 29 saylı mənzilinin icarədarı xx.xx.1987-ci il tarixli orderə əsasən iddiaçı olmuşdur. Həmin orderdə Cavabdeh1 icarədarın ailə üzvü kimi göstərilmişdir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Cavabdeh E.lsmayılov iddiaçının övladı, Cavabdeh2 gəlini və Cavabdeh3 və Həsən İsmayılzadə isə nəvələridir. Cavabdehlər iddiaçı tərəfindən təklif olunan 12000 manat kompensasiya məbləği ilə razı deyildirlər. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, hüquq münasibətinin nə vaxt yaranmasından asılı olmayaraq Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək. sadalanan qanunvericilik normalarına əsaslanaraq və onların tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddianın predmetindən, əsaslarından, eləcə də işin faktiki hallarından göründüyü kimi iddiaçı mülkiyyətindəki mənzildən cavabdehlərin istifadə hüquqlarını mübahisələndirmədiyindən məhkəmə, sonuncuların belə hüququnun yaranıbyaranmamasını araşdırmayaraq müvafiq kompensasiyanın məbləğinin ağlabatanlığına qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslıdır. Belə ki, üç yetkinlik yaşına çatmış şəxsdən, bir azyaşlıdan ibarət cavabdehlər birlikdə yaşayan tək ailənin üzvləri olduqlarından məhkəmə, onların digər yaşayış sahəsində də birlikdə yaşayacaqlarını ehtimal edərək, müstəqil qiymətləndiricilərin rəyinə, eləcə də müxtəlif aidiyyəti internet resurslarından götürülmüş məlumatlara əsasən iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini ağlabatan hesab edir. Kompensasiyanın məbləği, üzvləri göstərilən sayda olan bir ailənin oxşar parametrlərə və şəraitə malik mənzildə üç-dörd il (350 x 36 ay = 12600; 250 x 48 ay = 12000) müddətinə kirayə yaşayışının bazar qiymətinə uyğundur. İddiaçı sözügedən əmlakın mülkiyyətçisi kimi onun barəsində öz mülahizəsilə istənilən hərəkətlər etmək, üzərində başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən onu geri tələb etmək hüquqlarına malik olduğundan cavabdehlərin mənzildən çıxarılmalarına dair tələbində haqlıdır. Həmçinin, məhkəmə hesab ki, sui-istifadə hallarının, eləcə də qətnamənin icrası zamanı əngəllərin meydana çıxmasının qarşısının alınması məqsədilə cavabdehlərə kompensasiyanın ödənilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməklə, əmlakları ilə birlikdə çıxarılmaları eyni vaxtda icra edilməlidir. AR MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə, məhkəmə hesab ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər birinə 4000 manat olmaqla, cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə onların və azyaşlı İsmayılzadə Həsən Eldəniz oğlunun Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 5 saylı evin, 29 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə, onlar həmin yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılmalıdırlar. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər birinə 4000 manat olmaqla, cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə onların və azyaşlı İsmayılzadə Həsən Eldəniz oğlunun Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 5 saylı evin, 29 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə həmin yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Cavabdehlərə kompensasiyanın ödənilməsi və onların mənzilə istifadə hüquqlarına xitam verilməklə həmin yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılması eyni vaxtda icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2779/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2779/2023
05.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver