Məhkəmə qərarları › İş №2(060)-278/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-278/2021

12.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-278/2021 12.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X4 iştirakı ilə İddiaçı SOCAR-ın İddiaçı cavabdeh X5 qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tiklinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı cavabdeh X5 qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tiklinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 32,8-ci km-də, kəmərdən 46,3 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Sumqayıt şəhəri Sumqayıt şossesi 28G yeni yaşayış massivində yaşayan X7 tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı SOCAR-ın İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 32,8ci km-də, kəmərdən 46,3 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Sumqayıt şəhəri Sumqayıt şossesi 28G yeni yaşayış massivində yaşayan X7 tərəfindən həmin ünvanda qanunsuz tikinti işlərinin aparılması 04.06.2020-ci il tarixdə iddiaçının əməkdaşları tərəfindən aşkar edilmişdir. Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri Sumqayıt şossesi 28G yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayır. Hazırda yaşadığı fərdi yaşayış evi SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşmür. Çünki cari ilin iyul ayında iddiaçı təşkilatın əməkdaşları tərəfindən həmin ərazi ölçülmüş və 3,70 m hissədə magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Halbüki, ölçü işləri düz aparılmamışdır. Belə ki, o, fərdi yaşayış evinin qarşısında əlavə bir otaq tikmişdir. Ola bilsin ki, adıçəkilən həmin otağın yalnız balaca bir hissəsi magistral neft kəmərinin mühafizə zonasına düşsün. Bu səbəbdən, məhkəmədən iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 04 iyun 2020-ci il tarixdə Təhlükəsizlik İdarəsinin 35 saylı komandası tərəfindən tərtib olunmuş aktdan görünür ki, 04 iyun 2020-ci il tarixdə saat 16:35-də 8-ci qarovulun 1-ci iş növbəsində xidmətdə olarkən 17-18 saylı postların Böyükşor-Sumqayıt neft kəmərinin 32,8 km-də kəmərdən 46,3 metr aralıda köhnədən olan yaşayış evinin qarşısında yeni otaq tikilməsi aşkar edilmişdir. Ev sahibi ilə profilaktik söhbət aparılmışdır. Bundan sonra tikinti dayandırılmış və ev sahibinə yazılı xəbərdarlıq verilmişdir. Bu barədə Tİ-nin növbətçisinə məlumat verilmişdir. Mülki işə obyektiv, hərtərəfli, tam şəkildə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 06.10.2020-ci il tarixli 2(060)-4180/2020 saylı qərardadı ilə (hakim G.Tanrıverdiyeva) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 10/3349 saylı ekspert rəyindən görünür ki, 04.06.2020-ci il tarixli akta əsasən Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 32,8 km-də, kəmərdən 46,3 metr aralı məsafədə kəmərin mühafizə zonasında, Sumqayıt şəhəri Sumqayıt şossesi 28G yeni yaşayış massivində inşa edilən yeni tikili mövcuddur. «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın 6.3-cü bəndinə əsasən Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 32,8-ci kilometrliyində Sumqayıt şəhəri Sumqayıt şossesi 28G yeni yaşayış massivində inşa edilən yeni tikili kəmərin mühafizə zonasına düşür. Ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Mülki iş Ekspertiza Mərkəzindən geri qaytarıldıqdan sonra, zəruri prosessual hərəkətlər yerinə yetirilmiş, keçirilmiş növbəti məhkəmə iclasında cavabdeh vəsatət verərək əraziyə yerində baxış keçirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən buna heç bir etiraz bildirilməmiş, zərurət olduğu üçün ərazinin yerində müəyyən edilməsi barədə qərardad qəbul edilmişdir. Yerində müayinə zamanı ekspert qarşısında qoyulmalı sualların dairəsi dəqiqləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10.02.2021-ci il tarixli 2(060)-278/2021 saylı qərardadı ilə (hakim R.Qoşqarlı) iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2021-ci il tarixli 10/792 saylı ekspert rəyindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən magistral neft kəmərinin keçdiyi hissə ilə cavabdeh X4 istifadəsində olan Sumqayıt şəhəri Sumqayıt şossesi 28G yaşayış massivində inşa edilən tikili arasındakı məsafənin 46,5 metr təşkil etdiyini nəzərə aldıqda, həmin tikilinin «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın 6.3-cü bəndinə əsasən SOCAR-ın İddiaçı istismarında olan Böyükşor- Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir (qərardadın 1-ci sualı üzrə). Tədqiqat obyektinə baxış zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin keçdiyi hissə ilə cavabdeh X4 istifadəsində olan Sumqayıt şəhəri Sumqayıt şossesi 28G yaşayış massivində inşa edilən fərdi yaşayış evinin mövcud məlumata görə hamam otağı kimi istifadə olunan hissəsi arasındakı məsafənin 46,5 metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı və «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddələrinə əsasən, Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. «Texniki təşhlükəsizlik haqqında» Azərbaycan Respublikasının 02.11.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimi mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh magistral neft kəmərinin mühafizə zonasında özbaşına olaraq tikili inşa etmişdir, bu iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdırmaqla yanaşı, cavabdehin bilavasitə özünü, ailə üzvlərini potensial təhlükə altına qoyur və iddiaçı bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor- Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 32,8-ci km-də, kəmərdən 46,3 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Sumqayıt şəhəri Sumqayıt şossesi 28G yeni yaşayış massivində yaşayan cavabdeh X7 tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikinti işləri cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh X3 tutularaq iddiaçı SOCAR-ın İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 102 (bir yüz iki) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 32,8-ci km-də, kəmərdən 46,3 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Sumqayıt şəhəri Sumqayıt şossesi 28G yeni yaşayış massivində yaşayan cavabdeh X7 tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikinti işləri cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh X3 tutularaq iddiaçı SOCAR-ın İddiaçınə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar