Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2782/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 94a, mənzil 39-da yerləşən mənzili almış və həmin mənzil üzərində onun mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX 2 saylı ərazi idarəsində qeydə alınmış və onun adına çıxarış verilmişdir. İddiaçı bu mənzildə pasport qeydiyyatındadır. Mənzilə cavabdeh təşkilat tərəfindən sayğac quraşdırılmamışdır və adam sayı əsasında hesablama aparılmışdır. İddiaçı abunə kodunu öz adına dəyişdirmək üçün cavabdeh təşkilata müraciət etdikdə ona bildirilmişdir ki, su sərfıyyatı ilə bağlı borc olduğundan və həmin borc ödənilmədiyindən mənzildə 2 nəfər qeydiyyatda olsa da, təlimata əsasən 4 nəfərin adına borcun hesablanması aparılmış və nəticədə borc 2 dəfə artıq yüksək məbləğlə hesablanma aparmaqla hazırki vaxta iddiaçının 1206 manat borcu yaranmışdır və yalnız həmin borc ödənildikdən sonra kod iddiaçının adına rəsmiləşdirilə bilər. Cavabdeh ASC-nin bu hərəkəti tam qanunsuzdur, belə ki, iddiaçı bu mənzildə qızı Xanəhmədova Mehribanla yaşayır və adambaşına düşən sərfiyyat üzrə borcu da ödəməkdən imtina etmir. Lakin cavabdeh bu vəziyyətdən istifadə edərək iddiaçıdan borcun 4 qatını tələb edir. İddiaçı bu hesablamaya etirazını bildirdikdən sonra bir nəfər üzrə hesablama aparılır. Göründüyü kimi iddiaçıya verilmiş bildirişdə də ailə tərkibinin 4 nəfərdən ibarət olması qeyd edilmiş və aylıq 20 manat borc hesablanmışdır. Təqdim edilmiş abonent kartından da göründüyü kimi hər ay, hər il bu məbləğ dəyişmişdir. İddiaçı cavabdeh tərəfindən hazırki vaxta qədər olan borcuna dair dəqiq hesablama təqdim etdiyi təqdirdə onu ödəməyə etiraz etmir, lakin ondan dörd nəfərin borcunun tələb olunması əsassızdır. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 94a-da yerləşən 39 saylı mənzilə əsassız hesablanmış 1206,16 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. İddia ərizəsində qeyd edilən ünvana 01 yanvar 2002ci il tarixdə kod açılaraq Sahibə Qənbərovanın adına Su Təchizatı və Kanalizasiya Xidmətlərindən istifadə olunub. Qeyd olunan ünvanda kod açılan tarixdə 4 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılıb. Lakin iddiaçı tərəfindən sonradan sənəd təqdim olunduğu üçün hazırda ailə tərkibi 2 nəfər olaraq göstərilir. 2011-ci il tarixində Prezidentin Fərmanı ilə bütün borclar sıfırlanmışdır. Qeyd olunan ünvanda da heç bir ödənişlər olmayıb. İddiaçı 2011-ci ildə 66,88 manat, 2013-cü ildə 30 manat, 2015-ci ildə isə 5 manat məbləğində ödəniş edib. Bundan əvvəlki tarixlərdə ödəniş edilmədiyi üçün borc məbləğləri artmışdır.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli ətraflı abonent kartından görünür ki, Sahibə Qəmbərovanın istifadə etdiyi xidmətlərə görə Cavabdeh ASC-yə 1206,18 manat məbləğində borcu vardır.
7. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 3 saylı reyestr kitabının 4 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
8. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı və X1 xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar.
9. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 279 nömrəli arayışından görünür ki, İddiaçı 7-8-12-ci məhəllə, ev 94/A, mənzil 39 ünvanında yaşayır və qeydiyyatdadır.
10. İş materiallarında olan Cavabdeh ASC-nin arayışdan görünür ki, Sumqayıt şəhər, 7-8- 12-ci məhəllə, ev 94/A, mənzil 39-da xx.xx.2002-ci il tarixdən X3 adına bağlanmış 30219978 nömrəli müqavilə ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Ünvanda xx.xx.2002-ci il tarixdən 4 nəfər ailə tərkibinə, mart 2023-cü il tarixdən isə 2 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 İddiaçı məxsusdur. Cavabdeh ASC tərəfindən həmin ünvana su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. İddiaçıya məxsus ünvan üzrə 2 nəfərə görə deyil, 4 nəfər ailə tərkibi nəzərə alınmaqla borc hesablanmış, bu səbəbdən də istifadə edilən xidmətlərə görə artıq sərfiyyat qeydə alınmışdır. Hazırda iddiaçı əsassız hesablanmış borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
14. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Bundan əlavə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.
17. Həmin Qərarın 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.
18. Həmin Qərarın 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.
19. İşin faktiki hallarından göründüyü kimi ünvan 1-a dair hüquqlar 2015-ci il tarixdə iddiaçının adına qeydə alınmışdır. Mənzildə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunması ilə bağlı yaranmış borcun 2011-2014-cü illərə aid hissəsi mənzilin iddiaçının sahibliyinə keçməzdən öncəki dövrü əhatə edir. Hazırda həmin borc (71,4 manat) cavabdeh təşkilat tərəfindən mənzilin yeni mülkiyyətçisi olan iddiaçından tələb olunur.
20. Məhkəmə hesab edir ki, mənzilin əvvəlki mülkiyyətçisinin abonent hesabına hesablanmış borca görə məsuliyyətin yeni mülkiyyətçi olan iddiaçının üzərinə qoyulması və həmin 71,4 manat borc məbləğinin iddiaçının abonent hesabına hesablanması əsaslı hesab edilə bilməz. Mənzilin yeni mülkiyyətçisi olan iddiaçı borc barədə məlumatı olmadığından mənzili yüklülüklə qəbul etmiş sayıla bilməz. Məhkəmə əvvəlki mülkiyyətçiyə aid borcun həmin mənzilin yeni mülkiyyətçi olan iddiaçıdan tələb edilməsini eyni zamanda mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur.
21. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. İş materiallarından göründüyü kimi 2015-2023-cü illər ərzində abonentin ünvanına 1171,58 manat borc hesablanmışdır. Həmin borcun 2023-cü il üçün hesablanmış 61 manat hissəsi 2 nəfər ailə tərkibi nəzərə alınmaqla, qalan 1110,58 manat borc isə 4 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablanmışdır.
24. Halbuki, İddiaçı və onun övladı X1 – 2 nəfər olmaqla xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar.
25. Belə olan halda, məhkəmə hesab edir ki, 1110,58 manat borc 2 nəfər ailə tərkibi nəzərə alınmaqla, 585,79 manat (1110,58/2= 585,79) məbləğində müəyyən edilməklə, abonent hesabından silinməlidir.
26. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında mənzilin onun sahibliyinə keçdiyi 2015-ci il tarixdən yaranmış borcun 2 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablanmasını mübahisələndirmədiyini və həmin borcun onun tərəfindən ödənilməsinə etiraz etmədiyini bildirmişdir.
27. Məhkəmə belə nəticə gəlir ki, ünvan 1 ünvanına hesablanmış borcun 71,4 manat hissəsi mənzilin iddiaçının sahibliyinə keçməzdən öncəki dövrü əhatə etdiyindən, 585,79 manat hissəsi 4 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablandığından, cəmi 657,19 manat (71,4+585,79) məbləğində borc abonent hesabından silinməlidir.
28. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
29. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 657,19 (altı yüz əlli yeddi manat, on doqquz qəpik) manat borc abonent hesabından (abonent kodu **********390) silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Nəticə hissəsi:
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 657,19 (altı yüz əlli yeddi manat, on doqquz qəpik) manat borc abonent hesabından (abonent kodu **********390) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva