Məhkəmə qərarları › İş №2(060)-2783/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2783/2023

06.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2783/2023 06.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə ilk dəfə Cavabdeh Sumqayıt QİS-in əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən qaz sayğaçı iddiaçının xəbəri və iştirakı olmadan yerindən çıxarılaraq “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Aktda “sayğacın platsmas borusu deşilmiş, xətalar təyin edilə bilməmişdir” yazılmışdır və bu isə sayğaca müdaxilə kimi qiymətləndirilərək iddiaçının yaşadığı ünvana itirilmiş qazın bərpası üçün 4320 kub metr cərimə yazılmışdır. 4320 kub metr qaz sərfiyyatı hər kub 0.10 qəpikdən hesablandığı üçün 432 manat borc ünvana yazılmışdır. xx.xx.2023-cü il tarixdə 2-ci dəfə Cavabdeh Sumqayıt QİS-in əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən qaz sayğaçı iddiaçının xəbəri və iştirakı olmadan yerindən çıxarılaraq “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Aktda “hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir” yazılmışdır və bu isə sayğaca müdaxilə kimi qiymətləndirilərək iddiaçının yaşadığı ünvana itirilmiş qazın bərpası üçün 12960 kub metr cərimə yazılmışdır. 12960 kub metr qaz sərfiyyatı hər kub 0.12 qəpikdən hesablandığı üçün 1555.20 manat borc ünvana yazılmışdır. Ümumillikdə Cavabdeh tərəfindən ünvan 1 ünvanına 1987.20 manat borc yazlmışdır. Bu saldoda öz əksini tapmışdır. Onun surəti iddia ərizəsinə əlavə olunmuşdur. 4320 kub metr sərfiyyat 10 qəpikdən, 12960 kub metr sərfiyyat 12 qəpikdən hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında tərtib olunmuş ******* nömrəli aktın və ******* nömrəli aktın ləğv edilməsi, itirilmiş qazın bərpası üçün ******* nömrəli akta əsasən hesablanmış 432 manat məbləğin və ******* nömrəli akta əsasən hesablanmış 1555.20 manat borc, ümumillikdə 1987.20 manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında tərtib olunmuş ******* nömrəli akta əsasən hesablanmış 432 manat məbləğin və ******* nömrəli akta əsasən hesablanmış 1555.20 manat məbləğin, ümumillikdə 1987.20 (min doqquz yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğin **********04692 nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, üzrlü səbəbdən məhkəmənin iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********04692) ünvan 3 ünvanında xx.xx.2022-ci il tarixdə ZENNER G4T MEXANİKİ tipli, **********1 nömrəli sayğac quraşdırılmışdır. 2021-ci ilin sonuna 4622 kub metr qaz sərfiyyatı olmuş və həmin sərfiyyata görə 432 manat borc hesablanmışdır. 2023-cü il tarixə 13995 kub metr qaz sərfiyyatı olmuş və həmin sərfiyyata görə 1555.20 manat borc hesablanmışdır. AGİS (X1 Sistemi) proqramından abonent kodu **********04692 olan şəxs haqqında məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə 12960 kub metr qaz sərfiyyatı üçün 1555.20 manat, xx.xx.2021-ci il tarixdə 4320 kub metr qaz sərfiyyatı üçün isə 432 manat hesablanmışdır. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 12960 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2023cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmiş, xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda - 100% nisbi xəta ilə işləyir. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş və plastmas boruda deşik aşkar olunmuşdur. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 4320 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmiş, xətalar təyin edilə bilməmişdir. Sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusuna yoxlamaq mümkün deyildir. Dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli və “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli aktlar tərtib olunmuş və həmin aktlara əsasən müvafiq olaraq 1555.20 manat və 432 manat məbləğində vəsait tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin: 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 432 manat və 1555.20 manat, ümumillikdə 1987.20 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında tərtib olunmuş itirilmiş qazın bərpası üçün ******* nömrəli akta əsasən hesablanmış 432 manat məbləğin və ******* nömrəli akta əsasən hesablanmış 1555.20 manat borc, ümumilikdə 1987.20 manat məbləğin silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı **********04692 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sərfiyyatına görə hesablanmış 1555.20 manat və “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən qaz sərfiyyatına görə hesablanmış 432 manat borc, ümumillikdə cəmi 1987.2 (bir min doqquz yüz səksən yeddi manat iyirmi qəpik) manat borc abonentin hesabından (abonent kodu **********04692) silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar