Məhkəmə qərarları › İş №2(060)-2796/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2796/2021

04.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2796/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh "xxxx" ASC-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı X6 cavabdeh "xxxx" ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 2019-cu ilin iyul ayında mülkiyyətində olan obyektə bildiriş xəbərdarlıq təqdim edərək, guya onların 1688.04 manat borclarının olduğu bildirilmişdir. Əvvəllər adına VÖEN olsa da bir neçə il əvvəl bağlatdırmışdır. Yəni hazırda sahibkar deyildir. Cavabdehdən abunə haqqında arayışı alanda müəyyən oldundu ki, 1477.15 manat qanunsuz və əsassız hesablama olmuşdur. Belə ki, 16 oktyabr 2017-ci il i, 008795 saylı və 05 iyul 2019-cu il tarixli, 027419 saylı aktlar bağlanmışdır. Bildirir ki, aktlar hansı əsasla, hansı qaydalarla tərtib olunub xəbəri olmamışdır. Hətta aktlar birtərəfli tərtib olunub onun iştirakı olmayıb, həmçinin aktların surətlərini almamış, quraşdırılmış sayğaca hər hansı bir formada müdaxilə edilməmiş və sayğacdankənar xətdən istifadə olunmamışdır. Bundan başqa 242 manat sayğac quraşdırma bədəli, 75.34 manat metodik hesablama və 01 iyul 2015- ci il tarixdən 74.95 manat köhnə borc olmuşdur.Hesab edir ki, həmin məbləğ əsassız yazılıb və ödənişləri aylıq ödədiyi üçün borcu olmamalıdır. Bildirişdə qeyd olunan borcun ona heç bir aidiyyəti yoxdur, çünki sayğac obyektdən kənarda yerləşir. Əgər sayğaca hər hansı müdaxilə olubsa da aidiyyəti yoxdur. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının aunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü ələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti obyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanlar, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajlarin, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda ictimaiyyətdə də "xxxx" ASC-nin fəaliyyətindən çoxlu şikayətlər vardır. Belə ki, əsassız olaraq analoji cərimələrdən hamıya yazılır və məhkəmələrdə həmin borclar silinir. Ona görə də hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən 10 oktyabr 2017-ci il tarixli, 008795 saylı və 05 iyul 2019-cu il tarixli, 027419 saylı aktlar etibarsız hesab olunmalı və aktlara görə yazılmış borclar silinməli, 74.95 manat borc 01 iyul 2015-ci ildən qalan köhnə borc olduğu üçün, iddia müddəti keçdiyi üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Bu cür mübahisələr müqavilə tələbi üzrə iddialara aid olduğundan və 01 iyul 2015-ci il tarixdən 3 il ötdüyü üçün həmin məbləğ, yəni 74.95 manat borc məndən tələb oluna bilməz. Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 02.02.2005ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «X1 Qaydalarıvmn 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir Qeyd olunanlara əsasən 10.10.2017-ci il tarixdə tərtib edilmiş 008795 saylı və 05.07.2019-cu il tarixdə tərtib edilmiş 027419 saylı aktların etibarsız hesab edilməsi, həmin aktlara görə hesablanmış borcların və sayğacın quraşdırılmasına görə hesablanmış 242 manat, metodik olaraq hesablanmış 75,34 manat və 01.07.2015-ci il tarixədək yaranmış 74,95 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı X4 məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən idman kompleksinə 20.09.2017-ci il tarixdə tərtib edilmiş 008795 saylı akta əsasən hesablanmış 215,28 manat, 18.04.2019-cu il tarixdə tərtib edilmiş 027419 saylı akta əsasən hesablanmış 869,58 manat, sayğacın quraşdırılmasına görə hesablanmış 242 manat, metodik olaraq hesablanmış 75,34 manat və 01.07.2015-ci il tarixədək yaranmış 74,95 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərdi ki, iddiaçı X2 "xxxx" ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddiaçının obyektinə 01.07.2015-ci il tarixinə 74,95 manat, 11.10.2017-ci il tarixində metodiki hesablaşmaya əsasən 75,34 manat, 20.09.2017-ci il tarixli, 008795 saylı akta əsasən obyektin sayğacının gösdəricisinin oxunmaması, 18.04.2019-cu il tarixli, 027419 saylı akta əsasən obyketin elektrik hesabat sayğacının gösdəricisinin oxunmaması halları aşkar edilərək EEİQ-8.15 bəndinə uyğun olaraq 008795 saylı akt əsasən 215,28 manat, 027419 saylı akta əsasən 869,58 manat, sayğac quraşdırma bədəlinə əsasən 242 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş, aktın düzgünlüyü, abonentin nümayəndəsi Əbilov Ruslan tərəfindən imzasıyla təsdiq edilmişdir. Hal-hazırda iddiaçının 1721,91 manat borcu qalmışdır. Həmçinin aşağıdakılara əsasən hesab edirik ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.5.2-ci maddəsinə əsasən X1yə görə yaranmış 74,95 manat borcun silinməsinə dair iddia tələbi üzrə iddia müddətini keçirmişdir. Həmçinin, iddiaçı X6 cavabdehə olan borcunu ödəmək məqsədi ilə müxtəlif vaxtlarda ödənişlər etmiş, sonuncu ödəniş tarixi 25.06.2021-ci il tarixə təsadüf edir. İddiaçının müxtəlif vaxtlarda ödəniş etməsi borcu etiraf etməsini göstərən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 380.1 və 380.2 maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Odurki hazırki iş üzrə iddia müddəti tətbiq edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydalarının (E.E.İ.Q) 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nm tələbinə uyğun istifadə etməli idi. EEİQ-nm 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Bütün bunlar iddiaçının “EEİQ”-nin tələblərinin açıq aşkar pozduğunu göstərdiyindən və istehlakçının məhkəməyə müraciət edərək məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddiaçı X2 "xxxx" ASC Şimal RETSİ tərəfindən ona məxsus obyektə X1 qaydalarını pozduğu üçün tərtib edilmiş 10.10.2017-ci il tarixli, 008795 saylı, 2019-cu il tarixli 027419 saylı aktların etibarsız hesab olunması, həmin aktlara görə hesablanmış borcların və 242 manat sayğac quraşdırma bədəlinin, 75,34 manat metodiki hesablaşmanın, 01.07.2015-ci il tarixdən qalmış 74,95 manat köhnə borcun iddia müddəti tətəbiq etməklə silinməsinə dair iddia tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahatlarını dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan R № 008795 saylı, 20.09.2017-ci il tarixli aktın surətindən görünür ki, 18.04.2019-cu il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən **********80006 saylı kodu olan abonentə məxsus idman kompleksinin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın göstəricisi oxunmadığı müəyyən edilmişdir. İş materiallarında olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələbdən görünür ki, 008795 saylı, 20.07.2017-ci il tarixli akt əsasında Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən idman kompleksində yoxlama zamanı məlum olmuşdur ki, sayğacın göstəricisi oxunmadığına görə 215,28 manat borc hesablanmışdır. İş materiallarında olan R № 027419 saylı, 18.04.2019-cu il tarixli aktın surətindən görünür ki, 18.04.2019-cu il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən **********80006 saylı kodu olan abonentə məxsus idman kompleksinin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın göstəricisi oxunmadığı müəyyən edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, X6 yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən idman kompleksində istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. İş materiallarında olan 05 fevral 2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, X4 yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən idman kompleksində istifadə etdiyi elektrik enerjisinin sərfiyyatına görə 1627,47 manat borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələbdən görünür ki, 027419 saylı, 18.04.2019-cu il tarixli akt əsasında Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən idman kompleksində yoxlama zamanı məlum olmuşdur ki, sayğacın göstəricisi oxunmadığına görə 869,58 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 18.04.2019-cu il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən idman kompleksinə baxış zamanı sübuta yetirilmədən iddiaçı X4 məxsus idman kompleksində sayğacın göstəricisinin oxunmadığı aşkar olunması barədə akt tərtib edərək iddiaçıya borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı X4 məxsus idman kompleksinə sayğacın göstəricisinin oxunmaması öz təsdiqini tapmadığından iddiaçı məsuliyyət daşımır. Eyni zamanda iddiaçı həmin dövrə qədər vaxtaşırı ödənişlər etmişdir. Belə ki, sayğac üzrə hər ay istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmiş, hər ay nəzarətçi tərəfindən sayğaca baxılmış, lakin sayğacın göstəricisinin oxunmaması aşkar olunmamışdır. Belə olan halda məsuliyyəti iddiaçının öhdəliyinə verməsi və əsassız olaraq borc hesablanması qanunsuz hesab edilməlidir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış borc da (74,95 manat) silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı X4 məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən idman kompleksinə 20.09.2017-ci il tarixdə tərtib edilmiş 008795 saylı akta əsasən hesablanmış 215,28 manat, 18.04.2019-cu il tarixdə tərtib edilmiş 027419 saylı akta əsasən hesablanmış 869,58 manat, sayğacın quraşdırılmasına görə hesablanmış 242 manat, metodik olaraq hesablanmış 75,34 manat və 01.07.2015-ci il tarixədək yaranmış 74,95 manat borc **********80006 saylı abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar