Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2796/2023 11.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 iddiaçının həyat yoldaşıdır. Belə ki, onların birgə nikahlarından bir övladları vardır. İddiaçının cavabdeh olan həyat yoldaşı 29 mart 2023-cü ildə ona bildirmişdir ki, onun dostu sahibkarlıq fəaliyyəti ilə bağlı tanışından pul götürmək istəyir. Buna görə də bir neçə əmlak girov qoyulmalıdır. Bu səbəbdən də tərəflərin birgə nikah dövründə aldıqları və Xaçmaz şəhərində yerləşən daşınmaz əmlakı da 2 ay müddətinə ipoteka ilə yüklü edib pul götürəcək və 2 aydan sonra borcu bağlamaqla əmlakın sənədini geri qaytaracaqdır, lakin həmin əmlak tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olduğu üçün iddiaçı da həmin əmlakla bağlı notariusda ərizə verməlidir. İddiaçı yoldaşının sözlərinə inanaraq 29 mart 2023-cü ildə onunla birlikdə notariat kontoruna getmiş və adından hazırlanmış ərizəyə imza etmişdir. Lakin sonradan iddiaçı cavabdehlə ofisdə görüşərkən təsadüfən bildirdi ki, notariat kontorunda formal alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı alqı-satqı müqaviləsinin formal olmadığını və həmin şəxsin bu müqavilə əsasında istədiyi vaxt gəlib əmlaka sahib ola biləcəyini bildirməklə cavabdehdən həmin müqaviləni ləğv etdirməsini tələb etdi, lakin cavabdeh iddiaçını dinləmək belə istəmədi, hətta Sumqayıt şəhəri, 8-ci mikrorayonda olan obyektin də açarlarını götürərək çıxıb getdi. İddiaçı xx.xx.2023-cü ildə notariat ofisinə gedərək orada alqı-satqı müqaviləsinin surətini tələb etdi, dəfələrlə israrlı tələbindən sonra iddiaçının yanında həmin müqavilələri imzalamaqla bir surətini notarius verdi və müqaviləni aldıqda iddiaçıya məlum oldu ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri bu daşınmaz əmlakla bağlı ipoteka müqaviləsi deyil, alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilədə qeyd olunmuşdur ki, guya iddiaçının həyat yoldaşı Xaçmaz şəhərində yerləşən 5 sot torpaq sahəsini 5000 manata satmışdır. Halbuki, iddiaçıya yalnız ipoteka müqaviləsinin bağlanılacağını və 2 aydan sonra isə həmin daşınmaz əmlakın ipotekadan çıxarılaraq sənədlərinin qaytarılacağı bildirilmişdir. İddiaçı bundan sonra cavabdeh həyat yoldaşına onu aldatdığını və hazırda dəyəri 100000 manat olan bir daşınmaz əmlaka görə 5000 manat dəyəri ilə alqı-satqı müqaviləsinin bağlanılmasının qanunsuz olduğunu bildirmiş və ondan həmin müqaviləni ləğv etdirməsini tələb etmiş, lakin o iddiaçını dinləməmiş, hətta iddiaçıya digər Cavabdeh1 sözlərindən məlum olmuşdur ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən (tərəflərə məxsus olsa da) başqa bir dostunun adına sənədləşdirdiyi obyekti də ona satmışdır. İddiaçı aldadıldığını başa düşərək xx.xx.2023-cü ildə notariat kontorunda vermiş olduğu ərizəni ləğv etdirmiş və bu barədə ona sənəd də verilmişdir. Bundan başqa, iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə ünvan 1 ərizə vermiş, ona oradan şifahi olaraq bildirilmişdir ki, bununla bağlı müqaviləni bağlamış hər iki tərəf gəlməlidir, əks təqdirdə məhkəməyə müraciət olunmalıdır. İddiaçı heç vaxt tərəflərin birgə nikah dövründə aldıqları və üzərində tikilinin də inşa edildiyi əmlakı satmaq fikrində və niyyətində olmamış, onun adından rəsmiləşdirilmiş ərizədə də əmlakın ipotekaya qoyulması sözü yazılmış və iddiaçı da aldanaraq yalnız ipotekaya qoyulmanın baş verəcəyini düşünərək bu ərizəni vermişdir. xx.xx.2023-cü ildə iddiaçı da notariat ofisində olmuş, lakin cavabdeh olan həyat yoldaşı ofisin kassasından pul götürməmiş və müqavilədə 5000 manat məbləğində pulun verilməsi qeyd olunsa da, əslində pul verilməmişdir, pul verilmiş olsa idi, iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıldığını görüb qəti surətdə etirazını bildirərdi. Göstərilənlərə əsasən Cavabdeh2 ilə Cavabdeh1 arasında 29 mart 2023-cü ildə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində Xaçmaz şəhərində yerləşən 0,05 ha torpaq sahəsinə dair bağlanılmış AN-İ № ******* saylı, 4ə-604 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, mübahisə predmeti olan əmlakı iddiaçının həyat yoldaşı Cavabdeh2 ona olan 110.000 manat borcun qarşılığında vermişdir. Bu borcu həm iddiaçı, həm də onun həyat yoldaşı Cavabdeh2 götürmüşlər. Həmin əmlakın ona satılmasından iddiaçının xəbəri olmuşdur. Hazırda borcdan 13.000 manat qaytarılmışdır. Borc tam qaytarıldığı təqdirdə, həmin əmlakı onlara qaytaracaqdır.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Sumqayıt şəhəri Nikah evi tərəfindən 19 oktyabr 1995-ci il tarixdə verilmiş Vİİ-ЖГ № 262902 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X1 19 oktyabr 1995-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 768 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Camalova soyadı verilmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 0,05 ha olan Xaçmaz şəhərində olan torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.
10. İş materiallarında olan İddiaçı ünvan 1 ünvanladığı **********187 saylı, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, birgə nikah dövründə əldə edilmiş, əri Cavabdeh2 məxsus olan, Xaçmaz şəhəri ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmir, eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanılmamışdır.
11. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 0,05 ha olan Xaçmaz şəhəri ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 5000 (beş min) manat məbləğinə satılmışdır.
12. İş materiallarında olan İddiaçı ünvan 1 ünvanladığı **********236 saylı, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində 8i-4187 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə vermişdir. Xaçmaz şəhəri ünvanında yerləşən 0.05 ha ola torpaq sahəsinin satılması ilə bağlı fikrini dəyişdiyi səbəbindən yuxarıda qeyd edilən ərizədən imtina edir. Yuxarıda göstərilən ərizədən imtina etməyi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və başqa notariat ofisində təsdiq edilibsə bu ərizənin dərhal sistem vasitəsilə ərizəni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ümumi sahəsi 0,05 ha olan Xaçmaz şəhərində yerləşən torpaq sahəsi tərəflərin birgə nikahları dövründə əldə edilmişdir. Həmin əmlak xx.xx.2023-cü il tarixdə iddiaçının razılıq ərizəsi alınmaqla, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Sonradan, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı sözügedən razılıq ərizəsindən imtina etmişdir. Hazırda iddiaçı tərəfindən həmin əmlaka dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələb edilir. İddiaçı tərəf əqdin etibarsızlığının əsası kimi sözügedən əqdin yalan əqd olduğunu bildirmişdir. Cavabdeh1 iddia tələbinin təmin edilməsinə etiraz etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
15. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
18. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
19. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
20. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
21. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4cü maddəsi).
23. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
25. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
26. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.
27. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
28. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
29. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
30. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, ümumi sahəsi 0,05 ha olan Xaçmaz şəhərində yerləşən torpaq sahəsi tərəflərin birgə nikahları dövründə əldə edilməklə, Cavabdeh2 xüsusi mülkiyyətində olmuşdur. Sözügedən əmlak xx.xx.2023-cü il tarixdə İddiaçı razılıq ərizəsi əsasında özgəninkiləşdirilmişdir.
32. Göründüyü kimi hazırda iddiaçı sözügedən əmlakın özgəninkiləşdirilməsi ilə bağlı olan alqı-satqı müqaviləsinin etibarsızlığının əsası kimi aldadıldığını bildirmiş və bununla əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə vermiş olduğu razılıq ərizəsindən xx.xx.2023-cü il tarixdə imtina etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli imtina ərizəsində onun Xaçmaz şəhəri ünvanında yerləşən 0,05 ha olan torpaq sahəsinin satılması ilə bağlı fikrini dəyişməsi səbəbindən xx.xx.2023-cü il tarixli ərizəsindən imtina etdiyi qeyd edilmişdir.
33. Göründüyü kimi iddiaçı aldadıldığının sübutu kimi məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində aldadıldığını deyil, məhz torpaq sahəsinin satılması ilə bağlı fikrinin dəyişməsi səbəbini qeyd etmişdir.
34. Bununla yanaşı qeyd olunmalıdır ki, tərəflər (Cavabdeh1 və Cavabdeh2) arasında borc münasibətlərinin olması və əmlakın alqı-satqı müqaviləsinin borcun əvəzində bağlanmasına dair iddiaçının bildirdikləri təsdiq olunsa belə, iddia etdiyi borc məbləğini qaytarmadan özünün və ailə üzvlərinin razılığı ilə notarial qaydada təsdiqlədiyi alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürməsi dürüstlük qaydasına uyğun gəlmir.
35. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir.
36. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
37. Bu səbəbdən bir şəxsin şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur.
38. Belə ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən hərəkətlər etibarsızdır.
39. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).
40. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
41. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçının cavabdehlər tərəfindən aldadılması halı öz əksini tapmamışdır. İddiaçı bunun əksini, yəni qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış edərək aldadıldığına istinad etmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
42. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
43. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
44. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
45. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
46. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi rədd edilməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva