Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-28/2023 17.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil1, Cavabdeh və onun nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə həmin obyekt üzəində ½ hissədə mülkiyyət hüququnun tanınması və ya həmin obyektə çəkilmiş xərclərə görə 120 000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair notarial qaydada təsdiqlənmiş icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə qeyri-yaşayış sahəsinin istehsalat sexi kimi istifadə edilməsi nəzərdə tutulurdu. İcarə obyektinin istehsalat üçün əlverişsiz olması səbəbi ilə həmin obyektə iddiaçı müqavilənin uzun müddətli olmasına güvənərək 110 000 manat çox məbləğdə təmir-tikinti işləri aparmış və istehsalat sexi üçün lazimi infrastruktur qurulmuşdur. Tikinti işlərinin aparılması üçün istehsal binasına 52957 manat, talvar tikintisinə 6737 manat, hasar tikintisi üçün isə 10353 manat, təxmini 40 000 manatdan artıq məbləğ isə sənaye qazının obyektə çəkilməsi, elektirik şəbəkəsinin yenilənməsi və digər rəsmi və ya qeyri-rəsmi xərcləmələr üçün xərc çəkilmişdir. 2 obyektə qaz xəttinin çəkilməsi üçün AR "xxxx" MMC ilə ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinin (istehsalat müəssisəsi) qazlaşdırılması işçi layihəsinin hazırlanması məqsədilə əməkdaşlıq edilmiş, işçi layihə tam hazır olduqdan sonra isə yeni qaz kəmərinin mövcud qaz kəmərinə qoşulması üçün sözügedən işçi layihə xx.xx.2015-ci il tarixdə Azəriqaz İB-nin Layihə-smeta və ekspertiza şöbəsi ilə razılaşdırılmışdır. İşçi layihənin həyata keçirilməsi və dolayısı ilə qaz xəttinin çəkilməsi məqsədi ilə 2015-ci ilin sonlarında "xxxx" Təmir-Tikinti MMC ilə razılaşmış və "xxxx" Təmir-Tikinti MMC qaz xəttini çəkmək öhdəliyini öz üzərinə götürmüşdür. Bununla yanaşı, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Sənayedə X1 və X2 Agentliyi tərəfindən layihə sənədlərinə müsbət ekspertiza rəyi verilərək xx.xx.2016-cı il tarixdə icarə obyektində qaz təsərrüfatının quraşdırılmasına icazə verilmiş və xx.xx.2016-cı il tarixdə “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alqı-saqtısına dair müqavilə bağlanmış və icarə obyektinə qazın verilişinə nail olunmuşdur. Bütün bunlarla yanaşı iddiaçı qeyri-işlək vəziyyətdə olan elektrik xətlərinin yenilənməsi məqsədi ilə "xxxx" ASC-yə müraciət etmiş, həmin müraciət əsasında və iddiaçının hesabına icarə obyekti xx.xx.2016-cı il tarixdən etibarən yeni elektrik xətləri ilə təmin olunmuşdur. İddiaçı ilə cavabdeh arasında mövcud olan xx.xx.2014-cü il tarixli müqavilənin qüvvədə olma müddəti bitməməsinə baxmayaraq, tərəflər arasından xx.xx.2016-cı il tarixli eyni predmetli, 5 illik müddətə yeni icarə müqaviləsi imzalanmışdır. İddiaçı sözügedən icarə obyektindən uzun müddət istifadə edərək gəlir əldə edəcəyini düşünmüş və həmin icarə obyektində aparılmış təmir-tikinti və abadlaşdırma işləri üçün 100.000 manat məbləğində məbləği bu səbəbdən sərf etmişdir. Həmin təmir-tikinti və abadlaşdırma işlərini öz hesabına yerinə yetirdiyinin digər və əsas sübutu cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixli, 5 illik müddətə verilmiş etibarnamədir. Həmin istehsalat sexi yararsız vəziyyətdə olduğu və onu istifadə etməyin mümkünsüzlüyündən dolayı, həmçinin xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən verilmiş tapşırığın icra edilməsi məqsədi ilə əsaslı təmir işləri aparılması nəticəsində istehsalat sexinin vəziyyəti tamamilə yaxşılaşdırılmış və dəyəri dəfələrlə artmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2(001)-4734/2019 saylı mülki iş üzrə xx.xx.2019-cu il qətnaməsində iddiaçının iddia ərizəsində pul tələbi ilə göstərdikləri araşdırılmış və hüquqi qiymət verilmişdir. Binəqədi Rayon Məhkəməsi 2(001)-4734/2019 saylı mülki iş üzrə xx.xx.2019-cu il qətnaməsində istehsalat sahəsinə vurduğu ziyana görə cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 16905 manat pulun iddiaçı Cavabdeh xeyrinə tutulmasını qət etmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə hazırkı iddia tələbi araşdırılmış, hətta istehsalat sahəsinə vurduğu ziyana görə tərəfdən pul tutulması belə qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, ekspert rəyi ilə razı deyil. Qeyri-yaşayış sahəsinə çəkilən xərclər faktiki olaraq daha çoxdur. Lakin faktiki xərclər barədə maddi sübut olmadığından iddiaçı rəydə müəyyən edilən məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını istəyir. Tərəflər arasında icarə münasibətləri 2011-ci ildən başlayıb. Qoyulan xərclər şirkətin balansında deyil, iddiaçının şəxsi maddi vəsaiti hesabına çəkilib. İddiaçı obyekti 2017-ci, yaxud 2018ci ildə tərk edib. İddiaçının oradan çıxma səbəbi İcra Hakimiyyəti ilə yaranmış problem deyil. Doğrudur icra hakimiyyəti tərəfindən obyektdə aparılan fəaliyyətlə bağlı iradlar var idi. Səbəb iddiaçı ilə cavabdeh arasında olan konflikt və başqa nüanslardır. Obyekt cavabdeh tərəfindən yenidən icarəyə verilib. Obyektin yeni icarədarı da orada əlvan metalların əridilməsi işi ilə məşğuldur. Yəni əgər iddiaçı ilə İcra Hakimiyyəti arasında bu işə görə problem yaransa idi, yeni icarədar orada bu işlə məşğul ola bilməzdi. İddia müddətinin ötürülməsi məsələsi ilə bağlı onu qeyd etmək lazımdır ki, iddia müddəti ötürülməyib. İddiaçının VÖEN-i olmayıb. Şirkəti formal olaraq yaradıb ki, bu işlər şirkət üzərindən aparılsın. Bütün tikinti işləri yalnız iddiaçının şəxsi vəsaiti hesabına aparılıb. Şirkətin adından hansısa vəsait, yatırım qoyulmayıb. Elektrik xətlərinin çəkilməsi və sair kimi sənədlərdə cavabdehin adı gedib. Yəni sənədləşmə işləri cavabdehin adına olub. Xərcləri isə faktiki olaraq iddiaçı həyata keçirib. Obyektdəki sayğacın qiyməti 20.000 manatdır. Cavabdeh məhkəmə iclasında da bildirmişdir ki, sayğac orada qalıb, daha sonra o, sayğacı ucuz qiymətə satıb. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsi 3-4 il dağınıq vəziyyətdə boş qalmışdır. Bu barədə məhkəməyə fotoşəkillər də təqdim edilmişdir. O, bundan sonra başqa bir şəxslə yeni müqavilə bağlamışdır. Həmin şəxs oranı cavabdehin vəsaiti hesabına təmir etdirmişdir. Hazırda da həmin şəxs obyektin icarədarıdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil2 məhkəmə iclasında bildirdi ki, cavabdeh iddiaçıya qarşı Binəqədi Rayon Məhkəməsində pul tələbi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçının qeyd etdiyi tikililər 2016-cı ildən sonra tikilib. Bu onun izahatında da məlum olur. O zamanlar "xxxx" MMC ilə cavabdeh arasında müqavilə olub. Ali Məhkəməyə qədər davam edən məhkəmə mübahisəsində tərəf "xxxx" MMC olduğu halda, hazırda iddiaçı fiziki şəxs kimi öz adından iddia qaldırıb. Buradan da müəyyən edilir ki, iddiaçının iddianı verməkdə subyektiv hüququ yoxdur. İddiaçı kimi "xxxx" MMC çıxış etməli idi. Eyni zamanda müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 ildir. Lakn müqavilə 2016-cı ildə bağlandığından, iddia müddəti də ötürülmüş hesab edilməlidir. 2016-cı ildə bağlanan iki müqavilə olub. Hər iki müqavilədə də tərəf "xxxx" MMC olub. İddiaçının oradan çıxmasına cavabdeh səbəb olmayıb. Belə ki, iddiaçı orada əlvan metalların əridilməsi ilə məşğul olub. Sonradan onunla yerli İcra Hakimiyyəti arasında müəyyən problemlər yaşanıb. Onun bu işlə məşğul olmasına icazə verilməyib. İddiaçı həmin məsələ ilə bağlı qeyri-yaşayış sahəsini tərk edib. Yəni, müqavilə cavabdehin təqsiri üzündən pozulmayıb. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizələrinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1960-cı ildə, Ağdam şəhərində anadan olmuşdur. O, Ağdam rayonu, Keşdazlı kəndində qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi,57 ünvanında yerləşən ümumi sahəsi: 411.1 kv.m olan əmlak kompleksi kimi müəssisəni (bundan sonra – mübahisəli qeyri-yaşayış sahəsi) müqavilə imzalandığı gündən 5 il müddətinə iddiaçıya icarəyə verir. xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən cavabdeh Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən istahsalat sexini istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi iddiaçıya etibar etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X2 Agentliyi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktuba əsasən ünvan 6da, yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinin (istehsalat müəssisəsi) qaz təsərrüfatının Agentliyə təqdim olunmuş layihə sənədləri "xxxx" MMC tərəfindən verilmiş müsbət ekspertiza rəyinə (**-LS-***6-2016) əsasən Agentliyin Sumqayıt regional sənayedə X1 və dağ-mədən müfəttişliyində 11 yanvar 2016-cı il tarixdə 010 nömrə ilə qeydiyyata götürülmüşdür. Cavabdeh ilə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi arasında bağlanmış xx.xx.2016-cı il tarixli, **-QS-***6 saylı müqaviləyə əsasən "Azəriqaz" İB-nin xx.xx.2016-cı il tarixli SOCAR**********4189160X00096 saylı telefonoqramı əsasında cavabdeh ünvan 6ında yerləşən ona məxsus qeyri yaşayış sahəsinin 1 ədəd Elster G-40 markalı 75158461 nömrəli qaz sayğacının Dövlət Yoxlamasından keçirilməsi və ilkin quraşdırılması məqsədilə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə təqdim edir, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi qaz sayğacını dövlət yoxlamasında keçirir və obyektdə quraşdırır. Cavabdeh ilə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi arasında bağlanmış 29 Yanvar 2016-01 il tarixli, 80-QS saylı müqavilənin qiymət-razılaşma protokoluna əsasən G-40 markalı Elster qaz sayğacının Dövlət Yoxlamasından keçirilməsi üçün 108,53 manat, G-40 markalı Elster qaz sayğacının quraşdırılması üçün 703,20 manat, qaz sayğacı üçün 87,18 manat, yeşiyin yerinə quraşdırılması üçün 25,21 manat olmaqla, işlərin qiymət cəmi 1090,46 manat təşkil edir. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 518,40 manat borc hesablandığı göstərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada ödənilməmiş icarə haqqlarına görə 10 000 manat, istehsalat sahəsinə vurulmuş ziyana görə 16 905 manat, istifadə edilmiş qaza görə 17 157 manat, istifadə edilmiş işığa görə 1253,49 manat, cəmi 45315 manat 49 qəpik nəbləğində pul cavabdehin xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia İddiaçı aid hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1280/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərara əsasən iddiaçının cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən istehsalat sahəsini (sexi) qəsdən və ya ehtiyatsızlıqdan məhv etmədiyi, eyni zamanda aparmış olduğu 2200 metr diametrli 76-lıq ölçüdə olan qaz turbasının özünə məxsus olduğu, cavabdehə məxsus olmadığı müəyyən edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasportda qeyd olunan “A” literli, “B” literli və “C” literli tikililərin texniki pasportda qeyd olunan ölçülərə və parametrlərə uyğun olaraq faktiki yerində mövcud olduğu, “E” literli tikilinin və “D” literli tikilinin bir hissəsinin söküldüyü müəyyən edilir. Eyni zamanda istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan, “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hisəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin və istehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın faktiki vəziyyətdə mövcud olduğu müəyyən edilir. Texniki pasportda qeyd olunmayan “C" literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr ınluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat nin arxa hissəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə (anbar) bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin isehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın tikintisinə orta bazar qiymətlərinə uyğun olaraq təqribən 14752 manat vəsait sərf olunduğu müəyyən edilir. Həmin istehsal sexinin 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarında aparılmış fasad (aqlay) işlərinin görülməsinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3426 manat məbləğində olunduğu müəyyən edilir. İstehsal sexinin girişində yerləşən bir ədəd metal darvazanın köhnəlmə dərəcəsi nəzərə alınmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 700 manat təşkil etdiyi müəyyən edilir. İş materiallarına AR "xxxx" MMC-nin işçi layihəsi əlavə edilmişdir. İş materiallarına ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus istehsalat sexinin texniki pasportu əlavə edilmişdir. Öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 39.1-ci Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia tələbində mübahisəli qeyri-yaşayış sahəsi üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququnun tanınması barədə tələb əks olunduğundan və mübahisəli qeyriyaşayış sahəsi Sumqayıt şəhərində yerləşdiyindən Sumqayıt Şəhər Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətlidir. İddiaçı öz tələbində mübahisəli qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən ona icarəyə verildiyini, obyektin onun istifadəsində olduğu müddətdə onun təmiri, bərpası və digər yaxşılaşdırmalarına xərclər çəkdiyini bildirir və həmin xərcləri cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 45315 manat 49 qəpik nəbləğində pulun hazırkı iş üzrə cvabdehin xeyrinə tutulsa da, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi İddiaçı aid hissədə rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Həm apellyasiya, həm də kassasiya instansiya məhkəmələri belə bir nəticəyə gəlmişlər ki, icarə münasibətləri hazırkı iş üzrə cavabdehlə "xxxx" MMC arasında yaranmışdır. MPM-in 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehlə mübahisəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə münasibətlərinin "xxxx" MMC arasında yaranması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən iddiaçı hazırkı iddian tələbi ilə çıxış etməkdə subyektiv hüquqa malik deyildir. Hazırkı iddia tələbi ilə məhz "xxxx" MMC çıxış edə bilərdi. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2.). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3.). Göründüyü kimi torpaq icarəsi istisna olmaqla, icarə müqaviləsi ilə bağlı münasibətlərə mülki qanunvericiliyin əmlak kirayəsi ilə bağlı müddəaları tətbiq edilə bilər. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur (680.1.). Əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri aid deyildir (680.1.1.). Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir (680.2.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında istismar, qulluq və təmizləmə xərcləri istisna olmaqla əmlakın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzi kirayəyə verən tərəfindən ona ödənilməlidir. Burada zəruri xərclər dedikdə onlar nəzərdə tutulur ki, əmlakın mövcud vəziyyətdə saxlanması həmin xərclər çəkilmədən mümkün deyildir. Kirayə verilmiş əşyanın yaxşılaşdırılması ilə bağlı xərclərlə bağlı məsələlər mülki qanunvericiliyin özgə işlərinin tapşırıqsız aparılması ilə bağlı məsələləri tənzim edən normaları ilə tənzimlənir. Mülki Məcəllədə göstərilmişdir ki, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur (1087.1.). İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir (1088.1.). Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur (1090.1.). İddiaçı mübahisəli qeyri-yaşayış sahəsində əsaslı yaxşılaşdırmalar etdiyini bildirir və həmin yaxşılaşdırmalara çəkdiyi zəruri xərcləri cavabdehdən tələb edir. Öncə qeyd edilməlidir ki, iddiaçı cavabdehi həmin yaxşılaşdırmaları aparacağı ilə bağlı əvvəlcədən xəbərdar etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh həmin mübahisəli qeyri-yaşayış sahəsindən kommersiya və ya digər məqsədlərlə özü istifadə etmir. Qeyri-yaşaytış sahəsi cavabdeh tərəfindən icarəyə verilmişdir. Bu halda iddiaçının mübahisəli qeyri-yaşayış sahəsində apardığı tikinti və digər cavabdehin işlərin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməsi iş materialları ilə sübut edilmir. Mülki Məcəllədə göstərilmişdir ki, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür (697.4.). İddiaçının nümayəındəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçı mübahisəli qeyriyaşayış sahəsini 2017 və ya 2018-ci illərdə tərk etmişdir. Yəni həmin vaxtdan tərəflər arasında icarə münasibətlərinə xitam verilmişdir. Hazırkı iddia ərizəsi isə məhkəməyə 2022-ci ildə verilmişdir. Beləliklə iddiaçı xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi tələbinin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı onun tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə həmin obyekt üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması və ya həmin obyektə çəkilmiş xərclərə görə 120 000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-28/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-28/2023
17.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver