Məhkəmə qərarları › İş №2(105)-864/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-864/2023

08.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-864/2023 08.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması və pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə həmin obyekt üzəində ½ hissədə mülkiyyət hüququnun tanınması və ya həmin obyektə çəkilmiş xərclərə görə 120.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair notarial qaydada təsdiqlənmiş icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə qeyri-yaşayış sahəsinin istehsalat sexi kimi istifadə edilməsi nəzərdə tutulurdu. İcarə obyektinin istehsalat üçün əlverişsiz olması səbəbi ilə həmin obyektə iddiaçı müqavilənin uzun müddətli olmasına güvənərək 110.000 manatdan çox məbləğdə təmir-tikinti işləri aparmış və istehsalat sexi üçün lazimi infrastruktur qurulmuşdur. Tikinti işlərinin aparılması üçün istehsal binasına 52.957 manat, talvar tikintisinə 6737 manat, hasar tikintisi üçün isə 10.353 manat, təxmini 40.000 manatdan artıq məbləğ isə sənaye qazının obyektə çəkilməsi, elektirik şəbəkəsinin yenilənməsi və digər rəsmi və ya qeyrirəsmi xərcləmələr üçün xərc çəkilmişdir. 2 obyektə qaz xəttinin çəkilməsi üçün AR "xxxx" MMC ilə ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinin (istehsalat müəssisəsi) qazlaşdırılması işçi layihəsinin hazırlanması məqsədilə əməkdaşlıq edilmiş, işçi layihə tam hazır olduqdan sonra isə yeni qaz kəmərinin mövcud qaz kəmərinə qoşulması üçün sözügedən işçi layihə xx.xx.2015-ci il tarixdə «Azəriqaz» İB-nin Layihəsmeta və ekspertiza şöbəsi ilə razılaşdırılmışdır. İşçi layihənin həyata keçirilməsi və dolayısı ilə qaz xəttinin çəkilməsi məqsədi ilə 2015-ci ilin sonlarında "xxxx" Təmir-Tikinti MMC ilə razılaşmış və "xxxx" Təmir-Tikinti MMC qaz xəttini çəkmək öhdəliyini öz üzərinə götürmüşdür. Bununla yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X3 Agentliyi tərəfindən layihə sənədlərinə müsbət ekspertiza rəyi verilərək xx.xx.2016-cı il tarixdə icarə obyektində qaz təsərrüfatının quraşdırılmasına icazə verilmiş və xx.xx.2016-cı il tarixdə “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alqı-saqtısına dair müqavilə bağlanmış və icarə obyektinə qazın verilişinə nail olunmuşdur. Bütün bunlarla yanaşı iddiaçı qeyri-işlək vəziyyətdə olan elektrik xətlərinin yenilənməsi məqsədi ilə "xxxx" ASC-yə müraciət etmiş, həmin müraciət əsasında və iddiaçının hesabına icarə obyekti xx.xx.2016-cı il tarixdən etibarən yeni elektrik xətləri ilə təmin olunmuşdur. İddiaçı ilə cavabdeh arasında mövcud olan xx.xx.2014-cü il tarixli müqavilənin qüvvədə olma müddəti bitməməsinə baxmayaraq, tərəflər arasında xx.xx.2016-cı il tarixli eyni predmetli, 5 illik müddətə yeni icarə müqaviləsi imzalanmışdır. İddiaçı sözügedən icarə obyektindən uzun müddət istifadə edərək gəlir əldə edəcəyini düşünmüş və həmin icarə obyektində aparılmış təmir-tikinti və abadlaşdırma işləri üçün 100.000 manat məbləğində vəsaiti bu səbəbdən sərf etmişdir. Həmin təmir-tikinti və abadlaşdırma işlərini öz hesabına yerinə yetirdiyinin digər və əsas sübutu cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixli, 5 illik müddətə verilmiş etibarnamədir. Həmin istehsalat sexi yararsız vəziyyətdə olduğu və onu istifadə etməyin mümkünsüzlüyündən dolayı, həmçinin xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən verilmiş tapşırığın icra edilməsi məqsədi ilə əsaslı təmir işləri aparılması nəticəsində istehsalat sexinin vəziyyəti tamamilə yaxşılaşdırılmış və dəyəri dəfələrlə artmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 saylı mülki iş üzrə xx.xx.2019-cu il qətnaməsində iddiaçının iddia ərizəsində pul tələbi ilə göstərdikləri araşdırılmış və hüquqi qiymət verilmişdir. Binəqədi Rayon Məhkəməsi 2(001)-4734/2019 saylı mülki iş üzrə xx.xx.2019cu il tarixli qətnaməsində istehsalat sahəsinə vurduğu ziyana görə cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 16.905 manat pulun iddiaçı Cavabdeh xeyrinə tutulmasını qət etmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə hazırkı iddia tələbi araşdırılmış, hətta istehsalat sahəsinə vurduğu ziyana görə tərəfdən pul tutulması belə qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə 100 (yüz) manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən mövqeyini bu cür əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehlə mübahisəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə münasibətlərinin "xxxx" MMC arasında yaranması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə çıxış etməkdə subyektiv hüquqa malik deyildir. Hazırkı iddia tələbi ilə məhz "xxxx" MMC çıxış edə bilərdi. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsində əsaslı yaxşılaşdırmalar etdiyini bildirir və həmin yaxşılaşdırmalara çəkdiyi zəruri xərcləri cavabdehdən tələb edir. Öncə qeyd edilməlidir ki, iddiaçı cavabdehi həmin yaxşılaşdırmaları aparacağı ilə bağlı əvvəlcədən xəbərdar etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh həmin mübahisəli qeyriyaşayış sahəsindən kommersiya və ya digər məqsədlərlə özü istifadə etmir. Qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən icarəyə verilmişdir. Bu halda iddiaçının mübahisəli qeyriyaşayış sahəsində apardığı tikinti və digər cavabdehin işlərin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməsi iş materialları ilə sübut edilmir. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2, 700.3, 680.1. 680.1.1, 680.2, 1087.1, 1090.1, 697.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi mövqe tamamilə yanlışdır. Belə ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 m2 olan obyektdə əsaslı təmir-tikinti işləri aparmış, yararsız olan əmlakı yararlı hala gətirərək icarə müqaviləsinə xitam olunduqdan sonra belə obyektə tələbat yaranmasına səbəb olmuşdur. Obyektin istehsalata yararlı hala gətirilməsi tamamilə iddiaçının hesabına və onun təşəbbüsü ilə həyata keçirilmişdir. Məhkəmənin iddiadan imtina üçün əsas olaraq İddiaçı Cavabdeh öncədən xəbərdar etmədiyini qeyd etməsi tamamilə absurddur. Çünki cavabdeh onsuz da öncədən iddiaçının həmin obyektdən istehsalat məqsədilə istifadə edəcəyini bildirmiş və bununla razılaşılmışdır. İddiaçı tərəfindən çəkilən xərcin məbləği 120.000 manatdır. Bu o deməkdir ki, icarə obyekti tamamilə təmirsiz olmuş, nə istehsalat, nə də başqa hər hansı bir məqsəd üçün yararlı olmamışdır və Cavabdeh da bundan tamamilə xəbərdar idi. Lakin əks halda belə iddiaçının cavabdehi xəbərdar etməməsi halı vicdanlı sahib olaraq İddiaçı icarə obyektinə çəkdiyi xərcin əvəzini tələb etmək hüququndan məhrum edə bilməz. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Sumqayıt Şəhər Məhkəməsinin məhz sözügedən müddəaya istinad edərək İddiaçı mübahisə üzrə subyektiv hüquqa malik olmadığını qeyd etməsi düzgün deyildir. Belə ki, hər iki icarə müqaviləsində İddiaçı imzası atılmışdır. Məhkəmənin sonuncu iclasında da deyildiyi kimi, "xxxx" MMC şirkəti formal olaraq yaradılmışdır və icarə haqqı da daxil olmaqla obyektə çəkilən bütün xərclər faktiki olaraq şirkətin deyil, İddiaçı vəsaiti hesabına ödənilmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsi cavabdeh X5 ilə "xxxx" MMC arasında öncədən icarə müqaviləsi ilə bağlı münasibətlərin olduğu və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olduğu üçün hazırki iddia tələbi ilə də məhz İddiaçı deyil, "xxxx" MMC-nin çıxış etməli olduğunu qeyd etmiş, iddiaçının subyektiv hüququnu tanımamışdır. İkinci bir məqam isə bundan ibarətdir ki, məhkəmə baxışının gedişində sözügedən icarə obyektində aparılan təmir-tikinti və abadlıq işlərinə sərf olunan pul məbləğinin müəyyən edilməsi məqsədilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində isə iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Bu da onu göstərir ki, İddiaçı həqiqətən də iş üzrə subyektdir. Məhkəmə işi icraata götürüldükdən, dəfələrlə hazırlıq və baxış iclasları keçirildikdən, hətta məhkəmə-tikinti ekspertizası belə keçirildikdən sonra son nəticədə şəxsin subyekt kimi tanınmaması tamamilə absurddur. Bu halda belə bir sual meydana çıxır: əgər İddiaçı həqiqtən də sözügedən icarə münasibətlərinin subyekti deyilsə, o zaman nə üçün ilk hazırlıq iclasından məhkəmə işə xitam verilməmiş və iddianı mümkünsüz hesab etməmişdir. Bir ildən artıq davam edən məhkəmə prosesində nə üçün son anda məhkəmə belə bir nəticəyə gəlmişdir. Hətta sonradan belə müəyyən edilsə idi ki, İddiaçı mübahisə üzrə əsl iddiaçı deyil, bu zaman qərardad qəbul edilməli və işin hansı mərhələdə olmasına baxmayaraq, iddia digər sənədlərlə birlikdə geri qaytarılmalı idi. Belə ki, müvafiq məhkəmə sözügedən qətnamədə AR Mülki Məcəlləsinin 697.4-cü maddəsinə istinad edərək mübahisəyə iddia müddəti tətbiq etmişdir. Halbuki iş üzrə materiallarda cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı hər hansı bir tələbi mövcud deyildir. Belə bir tələb olmadığı halda məhkəmə öz səlahiyyət həddini aşaraq, AR MPM-in 218.3-cü maddəsinə zidd qətnamə qəbul etmiş, məhz bu səbəbdən dolayı iddia tələbini rədd etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(060)-28/2023 nömrəli qətnamədə məhkəmə tərəfindən qeyd edilmişdir ki, “İddiaçı sözügedən obyekti 2017 və ya 2018-ci illərdə tərk etdiyi, həmin vaxtdan tərəflər arasında icarə münasibətlərinə xitam verildiyi və sözügedən iddia ərizəsi məhkəməyə 2022-ci ildə təqdim edildiyi üçün iddia tələbi üzrə qanunla müəyyən edilmiş müddəti buraxmışdır.” Məhz qeyd olunan hallardan da görüldüyü kimi, açıq və aydın şəkildə bəllidir ki, məhkəmənin qanunu tətbiq etmə praktikası tam şəkildə formalaşmamışdır. Hətta hesab edilsə belə ki, iddia müddəti ötürülmüşdür, bu halda belə məhkəmənin mövqeyi yanlışdır. Çünki iddiaçı tərəfindən 2022-ci il tarixində məhkəməyə müraciət edilməsinin səbəbi Sumqayıt Şəhər Məhkəməsinin məhz özüdür. Belə ki, İddiaçı tərəfindən Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə daha öncə müraciət edilmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-6962/2020 saylı qərardadı ilə iş qeyri-mümkün hesab edilmiş və cavabdehin olduğu yer üzrə göndərilməli olduğu qeyd edilərək bütün sənədlərlə birlikdə iş iddiaçıya geri qaytarılmışdır. Daha sonra iddiaçı iddia ərizəsi və əlavə sənədləri Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)6962/2020 saylı qərardadına əsasən 2021-ci ilin mart ayında cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə - Ağdam Rayon Məhkəməsinə göndərmişdir. Haqlı olaraq Ağdam Rayon Məhkəməsinin 2(013)-2566/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə də işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğu qeyd edilmiş, iddia ərizəsi və qoşmaları iddiaçıya geri qaytarılmışdır. Qeyd edir ki, Ağdam Rayon Məhkəməsi “Elektron Məhkəmə” informasiya sistemində mövcud olmadığı üçün iddia ərizəsi əyani qaydada poçt vasitəsilə göndərilmişdir. İddia ərizəsinin göndərilməsi, işin qeydiyyata alınması, baxılması və geri qaytarılması xeyli vaxt itkisinə səbəb olmuşdur. Yəni, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Sumqayıt Şəhər Məhkəməsi sözügedən məhkəmə işi üzrə məhkəmə iclaslarının heç birində İddiaçı iddia müddətini ötürməsi ilə bağlı hər hansı bir halı qeyd etməmişdir. 1 ildən artıq davam edən məhkəmə prosesi ərzində sadəcə iş üzrə yekun məhkəmə aktında iddia müddətinin ötürüldüyünün qeyd edilməsi gülünc haldır. Çünki iddia ərizəsi xx.xx.2022-ci il tarixində qeydiyyata alındıqdan sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)1827/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Əgər həqiqətən də iddiaçı tərəfindən prosessual müddət ötürülmüş olsa idi, bu halda məhkəmə tərəfindən iddia ərizəsi dərhal geri qaytarılmalı idi. Bu da onu göstərir ki, Sumqayıt Şəhər Məhkəməsi iddia tələbi rədd edilsin deyə sadecə “iddia müddətinin ötürülməsi” bəhanəsinə istinad etmişdir. İddiaçının təqdim etmiş olduğu təsdiqedici sənədlərin hüquqi təhlil edilməməsi və qətnamədə öz əksini tapmaması da bu halı qüvvətləndirən əsasdır. Həmçinin qeyd edir ki, İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 m2 olan obyektin qaz və işıqla təmin edilməsi barəsində gördüyü işlər və çəkdiyi xərcləri təsdiq edən zəruri sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, qaz sayğacının alınması, quraşdırılması və fəaliyyətinin yoxlanılması ilə bağlı bağlanmış xx.xx.2016-cı il tarixli, 80-QS saylı müqavilə, Sumqayıt Qaz İstismar Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli “İstehlakçının qaz təsərrüfatının inventar Aktı”, “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış xx.xx.2016-cı il tarixdə qazın alğı-saqtısına dair müqavilə, “Azəriqaz” İB tərəfindən təqdim edilmiş Abonentin saldosu və aylıq elektrik sərfiyyatının verilməsi ilə bağlı "xxxx" ASC tərəfindən təqdim edilmiş 108150 saylı “Uçot haqqında” çıxarış da Novzurov Anar Arif oğlunun sözügedən obyektə dair çəkdiyi maddi xərcləri sübut edir. Lakin məhkəmə tərəfindən ümumiyyətlə həmin sənədlər əhəmiyyətli sübut kimi qiymətləndirilməmiş, hətta xx.xx.2023-cü il tarixli, 2(060)-28/2023 nömrəli qətnamədə həmin sənədlərə istinad belə olunmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi mübahisəyə iki əsasla münasibət bildirib. Məhkəmənin qətnaməsinin birinci əsası bundan ibarətdir ki, iddiaçının iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bu hissədə məhkəmə qətnaməni belə əsaslandırır ki, icarə müqaviləsi MMC ilə bağlanılıb. Bununla da İddiaçı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Lakin bildirir ki, mübahisəli obyektin təmir xərclərini iddiaçı çəkib. Obyektə çəkilmiş borulara dair mübahisədə də iddia təmsil etdiyi şəxsə münasibətdə rədd olunub. Həmin iş üzrə münasibətlər müqavilədən yarandığından İddiaçı müqavilə tərəfi olmaması iddianın rəddi üçün əsasdır. Amma indiki iddia üzrə münasibətlər müqavilədən irəli gəlmir. İddiaçı ilə cavabdehin arasında münasibətlər icarə müqaviləsindən əvvəl yaranmış münasibətlərdir. Müqavilədən əvvəl tərəflər arasında razılaşma olub ki, cavabdeh iddiaçıya 10 ay vaxt verməlidir.Ekspert rəyində göstərilən məbləğlə də razı deyil. Ekspert çəkilmiş xərcləri təxminən 15.000 manata kimi dəyərləndirib. Çəkdikləri xərcləri tələb edir və buna subyektiv hüququ var. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə deyil, iddia ərizəsinə etiraz ərizəsilə məhkəməyə müraciət edib və onun mətnində iddia müddətinin tətbiqi məsələsinə toxunmayıb. Ümumən iş üzrə iddia müddəti keçməyib. Çünki tələbi müqavilə əsasında deyil. Cavabdehdən mübahisəli obyektə çəkdiyi təmir xərclərini istəyir. Bu zaman əsas ya əsassız varlanma, ya da cavabdehin qanunsuz hərəkətləridir. İcarə müqaviləsi 2014-cü ildə İddiaçıla bağlanır. 2016-cı ildə müqavilə dəyişdirilir və tərəf qismində "xxxx" MMC çıxış edir. Faktiki xərcləri çəkən İddiaçıdur. Tələb olunan xərclər münasibətin ilkin yarandığı gündən (2014-cü ildə müqavilə bağlandığı gündən) münasibətlərə xitam verilən günədək (2018-ci il) olan xərclərdir. İcarə müqaviləsində tərəf başqası da ola bilər. Amma xərci çəkən İddiaçıdur. Bu səbəbdən də xərci o tələb edir. Çəkdiyi xərci təsdiq edən sənədləri birinci instansiya məhkəməsində təqdim edilib. 2014-cü il tarixli icarə müqaviləsindən başqa hazırki iddiaçı ilə bağlanmış icarə müqaviləsi yoxdur. Həmin müqavilə 5 il müddətinə bağlanmışdı. Münasibətlər 2017-2018-ci ildə pozuldu. Cavabdeh 2019-cu ildə İddiaçı kommunal xərclərlə bağlı məhkəməyə verdi. bu zaman qarşılıqlı iddia ilə müraciət etməyiblər. O zaman artıq obyektdən çıxarmışdılar. Etibarnamə 2011-ci ildə verilib. Bu dövrdən də əlavə tikililərin inşasına başlanılıb. 2018-ci ildə iddiaçı obyekti tərk etdikdən sonra orada heç bir iş görməyib. 2014-dən əvvəlki işlər (2011-müqaviləyədək olan dövr) etibarnamə əsasında görülüb. Sonra 2014-cü ildə müqavilə əsasında rəsmiləşdirilib. İddiaçı etibarnamə olduğuna görə arxayın olub. Etibarnamədə qeyri-yaşayış sahəsinin istifadəsi nəzərdə tutulub. 2016-cı ildə müqavilə dəyişdirilir. Həmin müqavilə üzrə qüvvədə olan qərar var. Bu səbəbdən etibarsızlıq məsələsinə istinad edə bilmir. Əslində müqavilə İddiaçıla bağlanmalı idi. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Mülki Məcəllənin 340.2ci maddəsinin şərh edilməsinə dair qərarına əsasən məhkəmələr bir müqavilə münasibətinə baxanda əsas məsələ həmin müqavilənin etibarlı olub-olmamasıdır. Artıq bu qətnamə qüvvəyə minib. Bu səbəbdən də müqavilə etibarsızdır deyə bilmir. Tərəflər arasında müqavilə münasibətləri 2011-ci ildən formalaşıb. Həmin münasibətlər də İddiaçıla qurulub. Sadəcə müqavilə 2014-cü ildə rəsmiləşdirilib və 2016-cı ildə də dəyişdirilib. İndi çəkdiyi xərci istəmək iddiaçının subyektiv hüququdur. 2020-ci ildə məhkəməyə müraciəti olub. Amma aidiyyət məsələləri olub. Birinci Ağdam Rayon Məhkəməsinə müraciət edilib, iddia ərizə geri qaytarıldı. Son olaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edildi. İş materiallarında qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi yoxdur. Öhdəliyin tapşırıqsız icrası zamanı iddia müddəti 10 ildir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsində də aidiyyət məsələsini hakimin diqqətinə çatdırıb. Fikrincə işə Ağdam Rayon Məhkəməsi baxmalı idi. Subyektiv hüquq məsələsinə gəldikdə məhkəmənin nəzərinə çatdırmışdır ki, Cavabdeh İddiaçı qarşı ödənilməmiş qaz, su, işıq pulunun ödənilməsinə dair iddia qaldırıb. Məhkəmə iddianı həm "xxxx" MMC-yə həm də İddiaçı münasibətdə təmin edir. Apellyasiya məhkəməsi isə bu qənaətə gəlir ki, müqavilə MMC ilə bağlandığından tələb yalnız MMCyə münasibətdə təmin oluna bilər. Qətnamə Ali Məhkəmədə qüvvəsini alır. İndi isə qarşı tərəfin vəkili çıxışında bildirir ki, İddiaçı mübahisəli obyektin təmirini öz vəsaiti ilə edib. Onun təmirə öz vəsaitindən xərc çəkməsinin əsası da "xxxx" MMC ilə olan müqavilədir. Onda İddiaçı MMC-nin direktoru idi. Cavabdeh kommunal xərclərə dair iddiası təmin olunduqdan sonra İddiaçı 70 yaşlı bir xanımı MMC-yə direktror qismində təyin etdi ki, qətnamə icrasız qalsın. Bu gün də həmin qətnamənin icrası qeyri-mümkündür. Birinci instansiya məhkəməsi subyektiv hüquqa dair hissədə düzgun mövqe nümayiş etdirmişdir. Çəkilən xərclərdə sementin bir kisəsi 7 manat, 7 manat 50 qəpik miqdarında göstərilib. Lakin nəzərə alınmayıb ki, tikinti gedən dövrdə sementin bir kisəsi 4 manat 50 qəpik idi. Bu barədə birinci instansiya məhkəməsində bildirmişdir. Amma işə baxan hakim başqa məhkəməyə təyinat aldı. İş başqa hakimə verildi və qətnamə həmin məsələlər araşdırılmadan çıxarıldı. Yəni ekspert rəyindəki qiymətlər də absurddur. Qarşı tərəf qeyd edir ki, Cavabdeh iddiaçını münasibətləri korlandığından işləməyə qoymayıb. Lakin İddiaçı Binəqədi Rayon Polis İdarəsində izahat verib və bildirib ki, işlə əlaqədar vətəndaşlar şikayət etdiyindən İcra Hakimiyyəti onun fəaliyyətinə mane olub, o da çəkdiyi boruları da söküb aparıb. Lakin qarşı tərəf bildirir ki, borunu çəkmiş şirkət işə cəlb olunmalıdır və qəbzləri təqdim etməlidir. Bunları qeyd edərkən o nəzərə almır ki, həmin borular hazırda Cavabdeh istifadəsində deyil. Tərəflər arasında hasara görə də mübahisə var. Həmin 3 daş hündürlüyündə hasar mövcud olan hasarın üstündən 2018-ci ildə hörülüb. Ərazidə iki tikili var və texniki pasportlar iş materiallarında mövcuddur. Tikililər Cavabdeh adınadır. Bir də həmin ərazidə anbara bənzər, bir tərəfi açıq, üzərində borular və şifer örtüyü olan bir tikili mövcuddur. Həmin anbarı da icra hakimiyyəti dağıdıb. Sonra onu Cavabdeh bərpa edib. Bu məsələlər birinci instansiya məhkəməsində dəfələrlə bildirilib. Bu gün İddiaçı cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddianı MMC qaldırsa 15000 manat ödəməyə etiraz etməyəcəklər. Amma cavabdeh nəzərə alsın ki, MMC-nin iddiaçıya 45000 manat borcu var. Qarşılıqlı silinmədən sonra yenə İddiaçı borclu qalacaq. 2014-cü ildə bağlanmış müqavilə 2019-cu ildə artıq qüvvədə deyildi. Həmin müqavilənin yerinə 2016-ci ildə tərəf qismində "xxxx" MMC-nin çıxış etdiyi yeni müqavilə bağlanıb. Bu zaman da İddiaçı həmin MMC-nin direktoru olub. Etibarnamə də 2015-ci ildə ləğv olunub. İddiaçının tələb etdiyi xərclərin sərfiyyatına 2016-cı ilin sentyabr-oktyabr aylarında başlanır ki, bu zaman da müqavilənin tərəfi artıq MMC idi. İddiaçı həmin tələblə iddia qaldıra bilməz. Etibarnamə bu dövrdə artıq ləğv olunmuşdu. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür . Maddə 700.1 Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Maddə 680.1.1.Əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri aid deyildir. Maddə 680.2.Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir. Maddə 1090.1.Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi: 411.1 kv.m olan əmlak kompleksi kimi müəssisəni (bundan sonra – mübahisəli qeyri-yaşayış sahəsi) müqavilə imzalandığı gündən 5 il müddətinə iddiaçıya icarəyə verir. xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən cavabdeh Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən istahsalat sexini istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi iddiaçıya etibar etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X3 Agentliyi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktuba əsasən ünvan 2nda, yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinin (istehsalat müəssisəsi) qaz təsərrüfatının Agentliyə təqdim olunmuş layihə sənədləri "xxxx" MMC tərəfindən verilmiş müsbət ekspertiza rəyinə (**-LS-***6-2016) əsasən Agentliyin Sumqayıt regional sənayedə X2 və dağ-mədən müfəttişliyində 11 yanvar 2016-cı il tarixdə 010 nömrə ilə qeydiyyata götürülmüşdür. Cavabdeh ilə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi arasında bağlanmış xx.xx.2016-cı il tarixli, **-QS-***6 saylı müqaviləyə əsasən "Azəriqaz" İB-nin xx.xx.2016-cı il tarixli, SOCAR**********4189160X00096 saylı telefonoqramı əsasında cavabdeh ünvan 2nında yerləşən ona məxsus qeyri- yaşayış sahəsinin 1 ədəd «Elster G- 40» markalı, 75158461 nömrəli qaz sayğacının Dövlət Yoxlamasından keçirilməsi və ilkin quraşdırılması məqsədilə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə təqdim edir, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi qaz sayğacını dövlət yoxlamasında keçirir və obyektdə quraşdırır. Cavabdeh ilə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi arasında bağlanmış 29 Yanvar 2016-01 il tarixli, 80-QS saylı müqavilənin qiymət-razılaşma protokoluna əsasən G-40 markalı Elster qaz sayğacının Dövlət Yoxlamasından keçirilməsi üçün 108,53 manat, G-40 markalı Elster qaz sayğacının quraşdırılması üçün 703,20 manat, qaz sayğacı üçün 87,18 manat, yeşiyin yerinə quraşdırılması üçün 25,21 manat olmaqla, işlərin qiymət cəmi 1090,46 manat təşkil edir. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 518,40 manat borc hesablandığı göstərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada ödənilməmiş icarə haqqlarına görə 10.000 manat, istehsalat sahəsinə vurulmuş ziyana görə 16. 905 manat, istifadə edilmiş qaza görə 17.157 manat, istifadə edilmiş işığa görə 1253,49 manat, cəmi 45.315 manat 49 qəpik nəbləğində pul cavabdehin xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia İddiaçı aid hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1280/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərara əsasən iddiaçının cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən istehsalat sahəsini (sexi) qəsdən və ya ehtiyatsızlıqdan məhv etmədiyi, eyni zamanda aparmış olduğu 2200 metr diametrli 76-lıq ölçüdə olan qaz trubasının özünə məxsus olduğu, cavabdehə məxsus olmadığı müəyyən edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasportda qeyd olunan “A” literli, “B” literli və “C” literli tikililərin texniki pasportda qeyd olunan ölçülərə və parametrlərə uyğun olaraq faktiki yerində mövcud olduğu, “E” literli tikilinin və “D” literli tikilinin bir hissəsinin söküldüyü müəyyən edilir. Eyni zamanda istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan, “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hisəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin və istehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın faktiki vəziyyətdə mövcud olduğu müəyyən edilir. Texniki pasportda qeyd olunmayan “C" literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr ınluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hissəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə (anbar) bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin isehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın tikintisinə orta bazar qiymətlərinə uyğun olaraq təqribən 14752 manat vəsait sərf olunduğu müəyyən edilir. Həmin istehsal sexinin 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarında aparılmış fasad (aqlay) işlərinin görülməsinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3426 manat məbləğində olunduğu müəyyən edilir. İstehsal sexinin girişində yerləşən bir ədəd metal darvazanın köhnəlmə dərəcəsi nəzərə alınmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 700 manat təşkil etdiyi müəyyən edilir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə cavabdehlə mübahisəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə münasibətlərinin "xxxx" MMC arasında yaranması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə çıxış etməkdə subyektiv hüquqa malik deyildir. Hazırkı iddia tələbi ilə məhz "xxxx" MMC çıxış edə bilərdi. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsində əsaslı yaxşılaşdırmalar etdiyini bildirir və həmin yaxşılaşdırmalara çəkdiyi zəruri xərcləri cavabdehdən tələb edir. Öncə qeyd edilməlidir ki, iddiaçı cavabdehi həmin yaxşılaşdırmaları aparacağı ilə bağlı əvvəlcədən xəbərdar etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh həmin mübahisəli qeyri-yaşayış sahəsindən kommersiya və ya digər məqsədlərlə özü istifadə etmir. Qeyri-yaşaytış sahəsi cavabdeh tərəfindən icarəyə verilmişdir. Bu halda iddiaçının mübahisəli qeyri-yaşayış sahəsində apardığı tikinti və digər cavabdehin işlərin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməsi iş materialları ilə sübut edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, ilk öncə iddiaçının hazırki iddianı vermək üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Belə ki, iş materiallarında müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış obyektinə dair müqavilə 2014-cü ildə iddiaçı və cavabdeh arasında bağlanmış, 2016-cı ildə müvqavilədə dəyişiklik edilmiş, iddiaçı "xxxx" MMC ilə əvəz edilmişdir. Bununla da müəyyən edilir ki, mübahisəli obyekt ilk əvvəl iddiaçı tərəfindən icarəyə götürülmüşdür və iddiaçı tərəfindən 2014-2018-ci illərdə aparılmış əsaslı təmir işlərinin xərci tələb edilir. Obyektdə əsaslı təmir işləri 2014-cü ildən aparıldığından təmirə çəkilən xərc də iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda da iddiaçının qeyri-yaşayış obyektinə çəkdiyi xərcləri cavabdehdən tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin digər mövqeyinə, iddia müddətin ötürülməsi barədə gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunvericilik normasından da göründüyü kimi, iddia müddətinin tətbiqi yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında baş verir. Hazırki işdə isə cavabdeh tərəfindən belə bir ərizə təqdim edilməmişdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq etməməklə yekunda səhv nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddianın 2022-ci ildə verilməsi, bu səbəbdən iddia müddətinin keçməsini bildirsə də məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə daha öncə müraciət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-6962/2020 saylı qərardadı ilə iş qeyri-mümkün hesab edilmiş və cavabdehin olduğu yer üzrə göndərilməli olduğu qeyd edilmişdir. İddiaçı iddia ərizəsi və əlavə sənədləri Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)6962/2020 saylı qərardadına əsasən 2021-ci ilin mart ayında cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə - Ağdam Rayon Məhkəməsinə göndərmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-2566/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə də işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğunu qeyd edilmiş, iddia ərizəsi və qoşmaları iddiaçıya geri qaytarılmışdır. Bununla da müəyyən edilir ki, iddia ərizəsinin 2022-ci il tarixdə məhkəməyə verilməsi iddiaçının günahı üzündən olmamışdır. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək qeyd edir ki, iddia tələbi onun tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə həmin obyekt üzəində ½ hissədə mülkiyyət hüququnun tanınması barədə tələb təmin edilə bilməz. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Həmin obyektdə həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə həmin obyektdən pay ayrılmasına dair tərəflər arasında hər hansı yazılı müqavilə mövcud deyildir. Obyektə çəkilmiş təmir xərclərinə görə obyektdən pay ayrılması mülkiyyətçinin qanunla qorunan hüquqlarını pozmuş olar. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının obyektə çəkilmiş təmir xərclərini onun sahibindən tələb etmək hüququ vardır. İşə əlavə edilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, mübahisəli qeyriyaşayış obyektinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasportda qeyd olunan “A” literli, “B” literli və “C” literli tikililərin texniki pasportda qeyd olunan ölçülərə və parametrlərə uyğun olaraq faktiki yerində mövcud olduğu, “E” literli tikilinin və “D” literli tikilinin bir hissəsinin söküldüyü müəyyən edilir. Eyni zamanda istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan, “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hisəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin və istehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın faktiki vəziyyətdə mövcud olduğu müəyyən edilir. Texniki pasportda qeyd olunmayan “C" literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat nin arxa hissəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə (anbar) bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin isehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın tikintisinə orta bazar qiymətlərinə uyğun olaraq təqribən 14752 manat vəsait sərf olunduğu müəyyən edilir. Həmin istehsal sexinin 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarında aparılmış fasad (aqlay) işlərinin görülməsinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3426 manat məbləğində olunduğu müəyyən edilir. İstehsal sexinin girişində yerləşən bir ədəd metal darvazanın köhnəlmə dərəcəsi nəzərə alınmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 700 manat təşkil etdiyi müəyyən edilir. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinə 18.878 manat (14752+3426+700 pul xərclənmişdir. Belə olan halda iddiaçının çəkdiyi təmir xərcini tələb etməsi qanunvericilikdə nəzərdə tutulduğundan təmirə çəkilmiş həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfin işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olmaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 39.1-ci Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki işdə iddiaçı mübahisəli qeyri-yaşayış sahəsi üzərində ½ hissədə mülkiyyət hüququnun tanınmasını və ya çəkilmiş xərcləri tələb edir. Bununla da mübahisəli qeyri-yaşayış sahəsi Sumqayıt şəhərində yerləşdiyindən işə də həmin məhkəmədə baxılmalıdır. Bununla da məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsi üçün əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18.878 manat (on səkkiz min səkkiz yüz yetmiş səkkiz) pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18.878 manat (on səkkiz min səkkiz yüz yetmiş səkkiz) pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı, 50 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar