Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2810/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 31 iyul 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, keçid 1, Gecəqondu ünvanında yerləşən mənzilə **********01401 əsassız olaraq borc kimi yazılmış olan 1030 (bir min otuz) manatın X3 tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Kimyaçılar qəs, KEÇ 1, Gecəqondu, yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********01401 olmaqla cavabdeh X3 tərəfindən işıqla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan işıqla təmin olunub. 2023-cü ilin 28 fevral tarixində cavabdehin əməkdaşları onun ünvanında onlara heç bir xəbərdarlıq olunmadan 1030 manat borc cərimə olaraq yazılmışdır. İşıq bitdiyi üçün tərəfindən smart kartda pul yükləmək istəyərkən məlum olmuşdur ki, onlara cərimə yazılmışdır. O, bununla əlaqədar X1 Sumqayıt fılialına müraciət etmiş və onlar ona bildirmişlər ki, cərimə X1 Bakı əməkdaşlan tərəfindən tərtib olunmuşdur. Məlum olmuşdur ki, onun iştirakı və xəbəri olmadan 2023-cü ilin 28 fevral tarixində sayğaca baxış keçirilmiş və sayğaca daxil olan işıq kabelinə müdaxilə olunduğu bildirilmiş və bu barədə akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 1030 manat borc yazılıb. Qeyd etmək istərdi ki, nə o, nə də ki ailə üzvlərindən heç kim həmin aktın tərtib olunmasında iştirak etməmişdirlər. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o, harasa dəvət olunmamışdır. 1030 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Bir daha bildirmək istərdi ki, sayğac onun yaşadığı evdən, darvazadan çöldə, təxminən 35 m məsafədə, küçədə yerləşir. Kabel 15 il bundan əvvəl çəkilmiş bir kabel olduğundan, kabeldə yaranmış qırıqlar hər hansı bir güclü külək nəticəsində də yarana bilərdi. Bütün bunları sübut edən videoçəkilişi o sübut olaraq məhkəməyə təqdim edəcək. Yəni sayğac həyətinin içərisində yox küçədə yerləşdiyindən, kənar şəxslər tərəfindən hər hansı müdaxilə olunarsa, sınmalar olarsa bunu onlar görə bilməzlər. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 1030 manatın X3 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Qeyd edilənlərə sasən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhəri, Kimyaçılar qəs, keçid 1, Gecəqondu ünvanında yerləşən mənzilə **********01401 əsassız olaraq borc kimiyazümış 1030 (Bir min otuz) manatın Azərişıq ASC tərəfindən silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, sayğaca şəbəkədən sıfır xətti daxil olmur. Kənar mənbədən qaz borusundan götürülmüş sıfır xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılıb. Sayğacın giriş faz xəttindən ölçülən cərəyan Pfak=14 A Pfak=3 Kvt (Üç kvt) Psay=0 halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları''nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, NDM 031737 saylı akt əsasında 713.80 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və aşkar edilmiş kənar xəttin video çəkilişi aparılmışdır. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17.1ci bəndinin İstehlakçı (o cümlədən rnəişət nhonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerjı təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1- ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerjı təchizatı müəssisəsinin niimayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı qeyd edilən akta əsasən ona məxsus mənzilə 1030 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən “İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir” daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçmın aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçımn hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Qeyd edilənlərə əsasən, İddiaçı "ona məxsus Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, keçid 1, Gecəqondu ünvanında yerləşən mənzilə **********01401 əsassız olaraq borc kimi yazılmış olan 1030 (bir min otuz) manat borcun silinməsinə dair”iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzili bağ evi kimi istifadə edir. 1993-cü ildən etibarən həmin evdə yaşayır. Oğlu artıq 8 ildir ki ailəlidir, hazırda onunla yaşayır. Ona görə hazırda mübahisəli evdə yaşamır. Həmin evi bağ evi kimi istifadə edir. Bu səbəbdən qış aylarında mübahisəli mənzildən istifadə etmir. Hazırda işıqdan istifadə üçün karta 4 manat pul vursa da, onun 2 manatı cavabdeh tərəfindən borca çıxılır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin X4 etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq bildirdi ki, “sıfır” xətti ilə faz xəttinin yeri dəyişdirilib, “sıfır” xəttdən elektrik keçmir. Nəticədə sayğac elektrik enerjisini qeydə almır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan NDM 031737 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sumqayıt Şəhəri, Kimyaçılar qəs, keçid 1, Gecəqondu ünvanında elektrik sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğaca şəbəkədən sıfır xətti daxil olmur. Kənar mənbədən qaz borusundan götürülmüş sıfır xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılıb. Sayğacın giriş faz xəttindən ölçülən cərəyan .Pfak=14 A Pfak=3 Kvt (Üç kvt) Psay=0 halı aşkar edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, Sumqayıt Şəhəri, Kimyaçılar qəs, keçid 1, Gecəqondu ünvanında quraşdırılmış **********01401 saylı abonentin 1007.41 manat məbləğində borcu vardır. İş materiallarında olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, Sumqayıt Şəhəri, Kimyaçılar qəs, keçid 1, Gecəqondu ünvanında sayğaca şəbəkədən sıfır xəttinin daxil olmadığı, kənar mənbədən qaz borusundan götürülmüş sıfır xətti vasitəsi ilə sayğacın dövrədən kənarlaşdırıldığı müəyyən edilmiş, bununla əlaqədar həmin ünvana 713.80 manat cərimə hesablanmış, həmin cərimənin hesablanması üçün əsas NDM 031737 nömrəli xx.xx.2023-cü il tarixli aktdır. İş materiallarında olan 028367 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sumqayıt Şəhəri, Kimyaçılar qəs, keçid 1, Gecəqondu ünvanına sayğac sxemindən kənar xəttin daxil olduğu müəyyən edilmişdir. İş materiallarında olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, Sumqayıt Şəhəri, Kimyaçılar qəs, keçid 1, Gecəqondu ünvanına sayğac sxemindən kənar xəttin daxil olduğu müəyyən edilmiş, bununla əlaqədar həmin ünvana 412 manat cərimə hesablanmış, həmin cərimənin hesablanması üçün əsas NDM 028367 nömrəli xx.xx.2023cü il tarixli aktdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.32-ci bəndinə (mübahisəli akt tərtib olunan zaman qüvvədə olan) əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. İş materiallarından görünür ki, mübahisələndirilən aktlar “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq tərtib edilmiş, akt onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim edilmiş video-görüntü də aktda qeyd edilən halları təsdiq edir. İddiaçı ərizəsində və məhkəmə iclasında elektrik hesabat sayğacına müdaxilə etmədiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aktlar əsasında yazılmış borcun silinməsi üçün heç bir əsas olmadığından həmin hissədə iddia tələbi təmin edilməməlidir. Lakin iş materiallarından görünür ki, iddiaçının 117.95 manat məbləğində borcu xx.xx.2015-ci il tarixə qədərki dövrdə yaranmışdır. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin dövründə yaranan və hal-hazırda cavabdeh ASC tərəfindən ödənilməsi iddiaçıdan tələb edilməyən borc məbləğinin iddiaçıya məxsus abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc silinməli, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) görəelektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (8.2).Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır (8.4). İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır (8.9). Həmin qaydaların 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, elektirik enerjisindən istifadəyə görə iddiaçıya hesablanmış 117,95 manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinməli, mübahisələndirilən aktlar qanunvericiliyin tələblərinə riayət edilməklə tərtib edildiyindən, o cümlədən iddiaçı məhkəməyə aktda qeyd edilmiş pozuntunun onun tərəfindən törədilmədiyini təsdiq edən hər hansı sübut təqdim etmədiyindən aktlara əsasən hesablanmış borcun silinməsi hissəsində isə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhəri, Kimyaçılar qəs, keçid 1, Gecəqondu ünvanına (abunə kodu: **********01401) elektirik enerjisindən istifadəyə görə hesablanmış 117,95 (bir yüz on yeddi manat doxsan beş qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2810/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2810/2023
31.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver