Məhkəmə qərarları › İş №2(060)-2810/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2810/2025

09.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2810/2025 09.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi İddiaçı cavabdeh 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı (X4 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. O, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda Abşeron rayonu, Masazır Ə/D, Masazır kəndində qeydiyyatdadır. Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev-1, mənzil 8-də yaşayır. Həyat yoldaşı X5 25 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşından qalan əmlakın qəbulu və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə 29 aprel 2023-cü il tarixdə 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin miras əmlakı faktiki qəbul etmək üçün nəzərdə tutulmuş müddətin onun tərəfindən buraxılması səbəbindən adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Notariat ofisinin 02 mart 2025-ci il tarixli, 346 saylı məktubu ilə məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi ona tövsiyyə olunmuşdur. Hesab edir ki, o, həyat yoldaşının hüquqi vərəsəsidir. Ona məxsus əmlaklara pay hüququ mövcuddur. Qeyd etmək istəyir ki, həyat yoldaşının vəfatından sonra sarsıntı keçirmişdir. Səhhətində və işində üst-üstə problemlər yaşamışdır. Həmin ərəfələrdə COVİD-ə yoluxduğu ilə ilə əlaqədar onda ağır simptomlar aşkar olunmuşdur. Evə təcrid olunmuşdur. Səhhətinin bərpa olunması uzun müddət çəkmişdir. Covid-dən sonra başqa xəstəlikləri yaranmış və onların müaciləsi ilə məşğul olmuşdur. Sağlamlığını qismən bərpa etdikdən sonra miras əmlakın qəbulu üçün notariat ofisinə müraciət etmiş, lakin həyat yoldaşından miras qalmış əmlakın qəbulu və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmək müddətinin ötürdüyünü bildirdilər. Qeyd etdiyi gecikdirmə səbəblərini üzrlü hesab edərək, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına köməklik edilməsini xahiş etmişdir.

İddiaçının tələbi:

2. xx.xx.2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X1 qalmış mirasın qəbulu müddətinin onun vərəsəsi İddiaçı münasibətdə uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

3. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

4. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməməyinin üzrlü hesab edilməsini və məhkəmə baxışının iştirakları olmadan keçirilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməməklərinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

7. 19 may 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında X4 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdirlər

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 02 mart 2025-ci il tarixli, 346 nömrəli ərizəyə cavabdan görünür ki, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması məqsədi ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

9. 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış 29 aprel 2023-cü il tarixli, 346 nömrəli məlumatdan görünür ki, 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə xx.xx.2020-ci ildə vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəsi İddiaçı ərizəsi qəbul edilmiş və vərəsələr sırasına daxil edilmişdir. İcraatda olan vərəsəlik işi əlaqədar olaraq, X3 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən 5067 saylı bağ evinə dair hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

10. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 dekabr 2020-ci il tarixli, AZ-İİ seriyalı, 130117 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 noyabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 12-ci ayının 09-cu günündə 1298 nömrə ilə qeyd edilmişdir.

11. X4 tərəfindən notariat ofisinə ünvanlanmış, reyestrdə 8İ-12529 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş ərizədən görünür ki, xx.xx.2020-ci ildə ölmüş atası – X2 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmişdir.

12. X6 tərəfindən notariat ofisinə ünvanlanmış, reyestrdə 8İ-12528 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş ərizədən görünür ki, xx.xx.2020-ci ildə ölmüş atası – X2 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmişdir.

13. Digər sənədlər. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Konstitusiyası:

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

15. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

21. Belə ki, mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, X5 xx.xx.2020-ci il tarixində Abşeron rayonunda vəfat etmişdir. (§9)

22. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti ötürməsi üzrlü hesab edilməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

24. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

25. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

26. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsə arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

27. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun vərəsəlik institutu ilə bağlı digər qərarlarında, o cümlədən 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutuaraq, iddiaçının anası X2 25 noyabr 2020-ci il tarixdə vəfat etməsini nəzərə alaraq iddia tələbini əsaslı hesab edir.

28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 25 noyabr 2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın onun vərəsəsi İddiaçı münasibətdə ona çatası payı qəbul etməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır.

Məhkəmə xərcləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

30. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. 25 noyabr 2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın onun vərəsəsi İddiaçı münasibətdə ona çatası payı qəbul edilməsi üçün müddətinin ötürülməsi üzürlü hesab edilsin və müəyyənləşdirilmiş müddət uzadılsın.

3. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar