Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2854/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadırlar. Qeyd edilən ünvana iddiaçının adına cavabdeh təşkilat "xxxx" ASC tərəfindən sayğac quraşdırılmış və abonent kodu onun adına rəsmiləşdirilmişdir. xx.xx.2023-cü ildə guya cavabdeh təşkilatın nümayəndələri həmin ünvanda olmuş, qapını açan olmamış və həmin mənzilə sayğacdankənar işıq xəttinin çəkildiyini müəyyən etməklə 031656 NDM saylı akt tərtib etmişlər. Halbuki, həmin gün onların qapısını döyən olmamış və tərəfindən sayğaca müdaxilə olmamış və əlavə xətt çəkilməmişdir. Bu akt əsasında 853 manat cərimə hesablanmışdır ki, həmin cərimə silinməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının yaşadığı abonent kodu **********00305 olan ünvan 1 ünvanına akt əsasında yazılmış 853 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, ötən ilin dekabr ayında sözügedən mənzildə oğlu yaşayıb və yay aylarında ümumiyyətlə orada yaşayış olmur. Uşaqları arasıra həmin mənzildə yaşadıqları üçün borc miqdarları da aylara görə dəyişir. Qeyd edilən əlavə xətt iddia ərizəsində göstərilmiş mənzilə aid deyil, amma həmin mənzilə aid olduğu sübut olunsa, iddiaçı akta görə hesablanmış məbləği ödəməyə razıdır. Akt onun iştirakı olmadan tərtib olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan "xxxx" ASC-nin NDM № 031656 saylı, 10 mart 2023-cü il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğac sxemindən kənar xətt daxil olur. Sayğac pilləkan meydançasında yerləşir.
8. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanına dair cəmi 844,38 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan arayışdan görünür ki, NDM № 031656 saylı, 10 mart 2023cü il tarixli akta əsasən (671,32 + 74,64 + 90 =835,96) 835,96 manat borc hesablanmışdır.
9. İş materiallarında olan "xxxx" ASC-nin Akt komissiyasının xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, NDM № 031656 saylı, 10 mart 2023-cü il tarixli akt əsasında cəmi 835,96 manat məbləğində borc hesablanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacının abonent kodu İddiaçı adına qeydiyyatdadır. İddiaçı məlum olmuşdur ki, həmin mənzilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 853 manat məbləğində borc hesablanmışdır.
11. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir əsaslı sübut təqdim olunmamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
14. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
16. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir.
17. Qaydaların 7.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir.
18. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
19. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
20. Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.
21. Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
22. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
23. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
24. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı mənzilin pilləkən meydançasında quraşdırılmış sayğaca kənar xəttin qoşulması müəyyən olunmuşdur. Qeyd olunan nöqsanı müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən elektrik enerjisindən sərfiyyata görə cərimə hesablamışdır. Halbuki, yuxarıda istinad edilən Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.
25. Məhkəmə prosesi zamanı cavabdeh tərəfindən təqdim edilmiş diskə baxış keçirildiyi zaman, kənar xəttin qoşulması aşkar edilsə də, həmin qırmızı xəttin iddiaçının yaşadığı mənzilə aparılması (yəni daxil olması) aşkar olunmamışdır.
26. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
27. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı 853 manat borcun silinməsini tələb etsə də, NDM № 031656 saylı, 10 mart 2023-cü il tarixli akta əsasən onun borcu 835,96 manat təşkil edir.
28. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, cavabdeh "xxxx" ASC tərəfindən 10 mart 2023-cü il tarixdə tərtib edilmiş NDM № 031656 saylı akt əsasında hesablanmış 835,96 (səkkiz yüz otuz beş manat, doxsan altı qəpik) manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu **********00305) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
29. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Nəticə hissəsi:
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 10 mart 2023-cü il tarixdə tərtib edilmiş NDM № 031656 saylı akt əsasında hesablanmış 835,96 (səkkiz yüz otuz beş manat, doxsan altı qəpik) manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu **********00305) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva