Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2860/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisinda yerləşən 902V/2 saylı fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 259 manat 20 qəpik borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisinda yerləşən 902V/2 saylı fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən iddiaçıya bildiriş göndərilmiş və həmin bildirişdə 259 manat 20 qəpik borcun olması qeyd edilmişdir. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın bərpasına görə 259 manat 20 qəpik borc hesablanmışdır. Cavabdeh özü sayğaca hər hansı kənar təsirin edilmədiyini bildirmişdir. Sayğac iddiaçıya məxsus həyətin daxilində yox, çöldə quraşdırılmışdır. Yəni, həmin sayğac həyətdən çöldə quraşdırıldığı üçün sayğaca iddiaçı məsuliyyət daşımır. Sayğacın işləməsi barədə məlumatı da məhz cavabdehə iddiaçı vermişdir. Bundan sonra sayğac dəyişilmişdir. Həmin vaxtı isə iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, sayğac hasardan çöldə yerləşir. Sayğaca onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bidlirdi ki, iddia tələbi ilə razı deyil. İddiaçıya hesablanmış 259,2 manat borc akt əsasında yaranmış borcdur. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. “X1” tərəfindən verilmiş üzvlük kitabçasına əsasən Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisinda yerləşən 902V/2 saylı fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktda göstərilmişdir ki, “sayğaca baxış keçirildi. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Xətalar təyin edilə bilmədi. Hesablama mexanizmi keçən qazın qazın həcmini qeyd etmir. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır”. Dəymiş ziyanın hesablanması haqqında xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən iddiaçıya 2160 kub metr əlavə sərfiyyat hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 259,20 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 259,20 manat məbləğin silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 259,20 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasında İddiaçı hesablanmış 259 (iki yüz əlli doqquz) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2860/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2860/2023
30.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver