Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-290/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi, Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehə 6000 manat verilməklə cavabdehin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 519C ünvanda yerləşən evdə olan istifadə hüququna xitam verilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 1 otaqlı mənzil iddiaçının şəxsi mülkiyyətindədir. Cavabdeh onun oğludur və həmin mənzildə pasport qeydiyyatındadır. Lakin həmin 1 otaqlı mənzildə qızı qalır. Cavabdeh isə onun Corat qəsəbəsi, 519C ünvanda yerləşən və mülkiyətində olan digər evdə onunla birlikdə yaşayır. O, doğulan gündən daim həmin evdə yaşayıb və Sumqayıtdakı bina evində sadəcə qeydiyyatda olub. Cavabdehlə bir evdə yaşamaq artıq qeyri-mümkündür. Cavabdeh spirtli işkilər içərək evdə daim dava-dalaş salır, bir ana kimi onu təhqir edir və ona edilmiş xəbərdarlıqlardan heç bir nəticə çıxarmır. Ona görə də iddiaçı onunla yaşamaq istəmir və ona kompensasiya verərək mənzildə olan istifadə hüququna xitam verdirmək istəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, kompensasiyanın məbləğini artırmaq istəmir. O, işləmir və maddi imkanı yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil2 məhkəmə iclasında bildirdi ki, iddiaçının oğlunu evdən çıxarmaq fikri qətidir. Barışıq üçün təşəbbüs göstərilsə də, nəticə əldə olunmayıb. İddiaçı evin mülkiyyətçisidir. Cavabdeh içki aludəçisidir. O, cavabdehlə bir evdə yaşamaq istəmir. Təklif olunan kompensasiya məbləği həmin ərazidəki bir otaqlı evlərin aylıq kirayə haqqına uyğun olaraq hesablanmışdır. Həmin məbləğlə cavabdeh üç il ərzində kirayədə yaşaya bilər. Cavabdeh ailəli deyil. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbi ilə razı deyil. İddiaçı ilə cəmi bir dəfə aralarında söz-söhbət olub. Onun içki içməsi və evdə dava-dalaş salması barədə iddiaçının bildirdikləri doğru deyil. İddiaçının ona təklif etdiyi kompensasiya məbləği də azdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1971-ci ildə, cavabdeh idə xx.xx.1991-ci ildə anadan olmuşdur. Tərəflər ünvan 2 ünvanında qeydiyyatdadırlar. RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 519C ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. ünvan 3 ünvanında yerləşən mənzillərin alqı-satqı və kirayə ofisi tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, Sumqayıt şəhəri, 17 mikrorayo ərazisində və Corat qəsəbəsində bir otaqlı boş mənzilin bugünkü günə kirayə haqqı 150 manat təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 32 ünvanda yerləşən 7 saylı mənzil üzərində ünvan 4iq etdiyi xx.xx.2001-ci il tarixli, 4-Ə-206 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir və hazırda mülkiyyətindədir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 519C ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, plan və ölçü, məlumatlandırma icraasına müvafiq odaraq vətəndaşın İcra Hakimiyyəti orqanına ünvanlanmış məktubu və eskiz layihə əsasında iddiaçının adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və hazırda mülkiyyətindədir. İş materialına Sumqayıt şəhəri, Corat qəsəbəsi, 519C ünvanda yerləşən mənzilin texniki pasportu əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) yaşayışistifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 519C ünvanda yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və iddiaçıya xx.xx.2017-cı il tarixdə RX serialı, ******* nömrəli Çıxarış verilmişdir. Cavabdeh iddiaçının ailə üzvü kimi mübahisəli evə istifadə hüququ əldə edib. Bu səbəbdən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2.). Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü kimi mübahisəli evə istifadə hüququ əldə etmişdir. İddiaçı hazırda həmin hüquqa kompensasiya verilməklə xitam verilməsini tələb edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İddiaçı cavabdehə 6000 manat məbləğində kompensasiya verməklə onların mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edirlər. Göründüyü kimi cavabdeh yetkinlik yaşına çatmış müstəqil şəxsdir. Bu səbəbdən iddiaçının ona təklif etdiyi 6000 manat kompensasiya məbləği ona davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməyəcəkdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 10 000 manat kompensasiya verilməklə, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi daha ədalətlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 10 000 (on min) manat kompensasiya verilməklə Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 519C ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin və Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 519C ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-290/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-290/2023
31.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver