Məhkəmə qərarları › İş №2(060)-2902/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2902/2021

20.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2902/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 20 saylı evin 1 saylı mənzilinə dair xx.xx.2020-ci il tarixli 204814 saylı aktin etibarsız hesab edilməsi və hesablanmış 360,14 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 20 saylı evin 1 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzil aid olan sayğac “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il ildə qonşunun sayğacı ilə səhv salınaraq açılmış, lakin iddiaçı öz iradını bildirdikdən sonra quraşdırılmışdır. Lakin əvvəlki mülkiyyətçinin adına 183396 saylı akt tərtib edilmiş və aktda qeyd olunmuşdur ki, elektrik sayğacına baxış keçirilərkən zaman mənzilə məxsus elektik sayğacının üst örtüyü sol tərəfdən sərbəst aralanır və hesab mexanizmində çızılmış izləri müşahidə olunur. Onun adına isə 360,14 manat borc hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 20 saylı evin 1 saylı mənzilinə xx.xx.2020-ci ildə baxış keçirilən zaman elektrik sayğacına baxış keçirilərkən zaman mənzilə məxsus elektik sayğacının üst örtüyü sol tərəfdən sərbəst aralanır və hesab mexanizmində çızılmış izləri aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş X1 Qaydaları”nın 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci tarixli, 204814 saylı akt əsasında 360,14 manat itirilmiş elektrik enerjisi bərpa edilməlidir. Odur ki, iddia tələbi rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: -ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2007-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 20 saylı evin 1 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır. -xx xxxxxx 2020-ci il tarixli, 204814 saylı aktın surətindən görünür ki, Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 20 saylı evin 1 saylı mənzilinə dair elektik sayğacının üst örtüyü sol tərəfdən sərbəst aralanır və hesab mexanizmində çızılmış izləri aşkar olunmuşdur. -xx.xx.2021-ci il tarixli abunə haqqında çıxarışdan görünür ki, iddiaçının cavabdehə 360,14 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 20 saylı evin 1 saylı mənzilinə xx.xx.2020-ci ildə baxış keçirilən zaman abonentə məxsus mənzilin elektik sayğacının üst örtüyü sol tərəfdən sərbəst aralanır və hesab mexanizmində çızılmış izləri aşkar edilmiş və iddiaçıya 360,14 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq,həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış 360,14 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 360,14 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh “xxxx” ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 500 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki. “xxxx” ASC tərəfindən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 20 saylı evin 1 saylı mənzilinə aid olan **********00696 abonent koduna hesablanmış 360,14 manat borc silinməli və iddianın verilməsinə görə 20 manat dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 20 saylı evin 1 saylı mənzilinə aid olan **********00696 abonent koduna hesablanmış 360,14 manat borc silinsin. İddianın verilməsinə görə 20 manat dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar