Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2905/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən 007063 saylı akt əsasında hesablanmış 1098 manat cərimənin silinməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri,26-cı məhəllədə yerləşən Energetika sanatoriyasında yaşayır. Həmin həyətdə yerləşən və illər boyu saxlanc yeri kimi istifadə olunan boş sahədən təxminən bir ay bundan qabaq avtomaşınını saxlamaq üçün istifadə etmiş və tərəfindən həmin sahəyə hər hansı su xəttinin çəkilişi aparılmamışdır.Sadəcə sovet dövründən saxlanc yerində köhnə su xətti mövcud olmuşdur. Təxminən 20 gün əvvəl həmin əraziyə Su idarəsinin əməkdaşı-nəzarətçi Sadiq Rəhimov gəlmiş və ona demişdir ki, saxlanc yerinə ayrıca su sayğacı qoyulmalıdır. O, həmin sudan istifadə etmədiyini və istədikləri vaxt həmin xətti ya kəsmələrini,yaxud da sayğac qoymalarını bildirmiş,nəzarətçi həmin vaxt ondan 100 manat alaraq bildirmişdir ki,bir neçə günə gətirib sayğac quraşdıracaq. Lakin o sayğacı quraşdırmamış, sonra da barəsində əsassız material tərtib olunmuşdur.Həmin ərazidə ümumiyyətlə kanalizasiya sistem də mövcud deyildir və o, heç vaxt d-15 mm-lik su xətti çəkməmiş və istifadə etməmişdir.Bu ona qarşı edilmiş haqsızlıqdır.Orada mövcud su xətti köhnə olmaqla tamamilə paslanmış və istifadəyə yararsız bir hala düşmüşdür. Bir müddət sonra ona məlum olmuşdur ki, maşınının saxlanc yeri kimi istifadə etdiyi bu yerə guya onun qanunsuz olaraq su xətti quraşdırmağı barədə 007063 nömrəli akt tərtib olunmaqla ona 1098 manat cərimə yazılmışdır. Cavabdeh tərəfindən ona su sərfiyyatı ilə bağlı yazılmış əsassız borcun silinməsi ilə bağlı dəfələrlə həmin təşkilata şikayət etmiş və hazırda da sənədləri toplamaqla məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, qeyd olunan yaşayış sahəsində sudan qanunsuz olaraq sayğac olmadan istifadə etmişlər və su pulun ödəməmişlər. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: -20.08.2020-ci il tarixli, 007063 saylı aktdan görünür ki, Sumqayıt şəhəri,2 6-cı məhəllədə yerləşən Energetika yataqxanasının yanında d=15 mm-lik boru vasitəsi ilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə olunur. -07 mart 2021-ci il tarixli aktdan görünür ki, Mustafayev X1 yataqxanasında məskunlaşıb və sanatoriyanın həyətində yerləşən yarımçıq tikilinin bir otağını 45 kv.m-lik otağı saxlama evi kimi istifadə edir. Qeyd olunan yer 2020-ci ilin iyul ayından İddiaçı istifadəsinə verilmişdir. - təqdim edilmiş 1 ədəd DVD diskdə olan video görüntülərdən görünür ki, cavabdeh təşkilatın əməkdaşı iddiaçıya məxsus təmir sexində baxış keçirərkən 15 mm diametrlik boru ilə, sayğac olmadan sudan istifaə aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı məüyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri,26-cı məhəllədə yerləşən Energetika sanatoriyasında yaşayır. Həmin həyətdə yerləşən boş sahədən illər boyu saxlanc yeri kimi istifadə olunmuşdur. Həmin sahədə sayğac olmadan sudan istifadə olunmuş və su pulu ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sudan istifadə qaydalarının” 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu 30cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, iddiaçı tərəfindən sayğacsız sudan istifadə etməməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı 007063 saylı akt əsasında hesablanmış 1098 manat cərimənin silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı 007063 saylı akt əsasında hesablanmış 1098 manat cərimənin silinməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2905/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2905/2021
30.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver