Məhkəmə qərarları › İş №2(060)-2916/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2916/2024

27.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2916/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X4 oğlunun cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı «akt əsasında yazılmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən xx.xx.2023-cü il tarixli tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında yazılmış 4147,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023cü il tarixdə ünvan 1 ünvanına ******* saylı akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Həmin akt əsasında 4147,20 manat cərimə yazılmışdır. Həmin akt əsasında yazılmış borcla razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, akta imza etməmiş və xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında yazılmış borcla razı deyildir. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında yazılmış 4147,20 manat borc əsassızdır. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz onun tərəfindən müdaxilə olunması X2 tərəfindən sübuta yetirilməyib. İddiaçı məhkəmədə iştirak edən zaman iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi F.V.Əlməmmədova iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, ünvan 2 ünvanına əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan ’’Xidməti əraziyə baxış keçirən zaman sayğacdan kənar xətt aşkar olundu” qeyd olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2023-cu il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x360=34560m3 x 0.12 qəpik=4,147.20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Dövlət təşkilatı kimi X1 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Hər kəs qaz xəttinə müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədərsə bu da öz növbəsində dövlətə maliyə cəhətdən zərər vurar. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı ünvan 1-ə akt əsasında 4147,20 manat borc hesablanmışdır. İşə əlavə olan xx.xx.2023-cü il tarixli “Azəriqaz” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 34560 m3 İşdə olan “Azəriqaz” İB-nin əməkdaşları N.Mirzəyev, T.Əhmədov və B.Əzizovun iştirakları ilə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli “akt”ın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1-ə aid sayğaca baxış keçirilmişdir. Ünvanda sayğacdan kənar xətt aşkar olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi “Ceyranbatan” 1 saylı Məhəllə Komitəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X4 oğlu Sumqayıt şəhəri, “Ceyranbatan-1” 19№-li Yol Tikinti İdarəsi Asfaltzavod ərazisində qeydiyyatsız yaşayır. Məhkəmə təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddi kənar xətdən istifadə nəticəsində hesablanmış 4147,20 manat borcun silinməsi hissəsində qismən əsaslıdır. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.9-ci bəndinə əsasən istehlakçıların təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vasaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 6.5.3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi halları tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5.1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunmuş videodiskə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli mənzildə qazdan kənar xətt vasitəsilə istifadə edlimişdir. Lakin videodiskdə olan görüntülərdən müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən də bu davamiyyətin hansı müddəti əhatə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında iddiaçının qazdan kənar xətt vasitəsilə istifadə edilməsi müddətinə dair hər hansı sübut olmadığı təqdirdə, vurulmuş ziyanın cavabdeh tərəfindən 360 gün müddətinə hesablanması ağlabatan deyil. Əks yanaşma “İstehlakçıların hüquqlarının madafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olardı. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hesabatın 90 gün müddəti üçün aparılması daha ədalətli və qanunidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi olaraq həyata keçirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vurulmuş ziyan 90 gün müddətinə hesablanmaqla, eyni zamanda bir gün üçün sərfiyyatın miqdarı 4kubm qəbul edilməklə (4kubm x 12 saat x 90 gün=4320 kub.m x 12 qəpik=518.40 manat) təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan həmin məbləgdə (518.40) manat borcun tələb əsaslıdır, 3628,80 (4147,20-518.40) manat borcun tələb edilməsi hissəsində isə əsaslı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 3628 (üç min altı yüz iyirmi səkkiz) manat 80 (səksən) qəpik məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar