Məhkəmə qərarları › İş №2(060)-2922/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2922/2022

13.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2922/2022 13.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 1 ünvanında yaşayış sahəsi 45 kv.m olan 3 otaqlı mənzildə istifadə etdiyi qaz sayğacına görə ödənişlər vaxtlı-vaxtında ödənilmişdir. Bütün bu ödənişlər barədə qəbzləri var. Heç bir borcunun olmamasına baxmayaraq əsasız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə guya sayğaca müdaxiləyə görə onun 948.48 manat debitor borcunun olduğunu bildirmişdir. Qeyd edilənlərlə əlaqədar “Azəriqaz” İB tərəfindən Qaz sayğaclarının yoxlanılması barədə 14 dekabr 2021-ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Guya ki, qaz sayğacına müdaxilə olunmuşdur. Qaz sayğacı mənzilindən çöldə yerləşir. Onun qaz sayğacından heç bir məlumatı yoxdur və ona müdaxilə edə bilməz. Onun xəbəri olmadan smartkart tipli qaz sayğacını dəyişdirərək, mexaniki sayğac qoymuşlar. Hesab edir ki, həmin borclar qanunsuz və əsassız olduğu üçün silinməlidir. “Azəriqaz” İB görə hesablaşmalar Sumqayıt QİS-nin qaz sərfiyyatına görə abonetə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Bununla əlaqədar cavabdeh təşkilata dəfələrlə müraciət etməyinə baxmayaraq həmin borcun necə yarandığını sübüt edə bilməmiş, həmçinin heç bir ödəniş sənədi təqdim etməmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilat qeyri-müəyyən yollarla istifadəsində olan yaşadığı mənzilə qanunsuz olaraq 948.48 manat məbləğində yazılmış akta əsasən hesablaşma aparmışdır. “Azəriqaz” İB-nə əsasən qaz təcihzatı müəssiəsi istehlakçıdan yalnız istifadə olunmuş qaza görə ödəniş alır. Cavabdeh təşkilat isə ondan istifadə etmədiyi qaza görə ödəniş tələb edir. Qeyd edilən evdə daimi yaşamır və arabir gedib müvəqqəti qalıb qayıdır. Bu səbəbdən onun aylıq qaz sərfiyyatı az olur, cavabdehin əsassız şübhələri də burdan yaranır. Qeyd edilənlərə əsasən məhkəmədən, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona məxsus ünvan 1 ünvanında yaşayış sahəsi 45 kv.m olan 3 otaqlı mənzildə qaz sərfiyyatından istifadəyə görə əsassız olaraq akta görə hesablanmış 948.48 manat məbləğində debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, İddiaçı onun bacısıdır. Mənzildə o yaşamışdır. Artıq neçə aydır ki, orada yaşamır. Cavabdeh tərəfindən tərtib olunmuş aktla razı deyil və onu əsassız hesab edir. Onların xəbəri olmadan cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğac 2 dəfə qeyri-qanuni olaraq dəyişdirilmişdir. Aktdan xəbəri olmamış, edilən ödənişlər də cəriməyə görə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbini təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı tərəfindən qeyri-qanuni qoşulma aşkar olunmuş, bu səbəbdən akt tərtib edilmişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı nümayəndəsi Nümayəndə1 izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, abonent mənzildə sayğacdan kənar qeyri-qanuni şəkildə təbii qazdan istifadə edir. Ona görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələb edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı təbii qazdan istifadəyə görə 948.48 manat məbləğində borcu var. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, xx.xx.2021-ci il tarixli akt iddiaçıya məxsus mənzilə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca iddiaçının fərdi yaşayış evinə əlavə xətt qoşduğu üçün tərtib edilmişdir. Ona görə cavabdeh təşkilat tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 948.48 manat cərimə qismində hesablanmış borc tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, sayğaca müdaxilə edilməsi qeyd olunmasına baxmayaraq, həmin qanunsuz qoşulma halı məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən sübut olunmamışdır. Belə ki, cavabdeh tərəfindən sözügedən akta əsasən mənzildə sayğacdan kənar qeyri-qanuni şəkildə təbii qazdan istifadə etməsi qeyd olunsa da, qeyri-qanuni xəttin həqiqətən olması iş materialları ilə müəyyən olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən abonentin mənzildə sayğacdan kənar qeyri-qanuni şəkildə təbii qazdan istifadə etməsi işin müəyyən edilən hallları ilə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən 948.48 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 948.48 manat borc abonentin hesabından (abonent kodu **********00330) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 948.48 manat borc abonentin hesabından (abonent kodu **********00330) silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar