Məhkəmə qərarları › İş №2(060)-295/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-295/2025

24.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-295/2025 24.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi və Cavabdeh2 qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 2 saylı Sumqayıt Ərazi İdarəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) «miras əmlaka dair vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi və Cavabdeh2 qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 2 saylı Sumqayıt Ərazi İdarəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt «Asan Xidmət» Mərkəzində notariat ofisinin xüsusi notariusu X18 tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-409 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi və bunun əsasında 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına həmin mənzilə dair çıxarışın, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar rayonunda yerləşən 0,16 ha torpaq sahəsinə dair verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, eləcə də ödənmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşmə ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt «Asan Xidmət» Mərkəzində notariat ofisinin xüsusi notariusu X18 tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-409 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi və bunun əsasında 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına həmin mənzilə dair çıxarışın ləğv edilməsi, eləcə də ödənmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil sonradan iddia ərizəsinə dəqiqləşmə ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən hazırki iş üzrə iddia ərizəsindəki iddianın həcmini artıraraq, mübahisəli mənzilə-miras əmlaka dair vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsini və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında babası Babaxanov Seyidxan Məhəmmədrəsul oğlunun mülkiyyətində olmuşdur. Bundan əlavə, babası Babaxanov Seyidxan Məhəmmədrəsul oğlunun mülkiyyətində Qusar rayonunda JN-469F saylı şəhadətnaməyə əsasən 0,16 ha torpaq sahəsi olmuşdur. Onlar –anası, iki bacısı –o, və bacısı X15 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. X1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edəndən sonra da onlar bacısı ilə həmin evdə yaşamağa davam etmişlər. Babası S.Babaxanov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onlar iki bacı onun dəfnində iştirak etmiş, həmin miras əmlakda yaşamağa davam etmişlər. Mirası qəbul etdikləri vaxt açıqaçığa nümayiş etdirmiş və bu günə qədər də həmin miras-əmlakda yaşayırlar. Son vaxtlar dayısı – Cavabdeh2 ilə münasibətlər pozulmuş və bunun da səbəbkarı dayısı özü olmuşdur. Özünü evin tək sahibi kimi aparmağa başlamışdır. O, bundan şübhələnmişdir. Babasının evinin taleyi barədə maraqlanmaq üçün vəkilə müraciət etmişdir. Onun verdiyi sorğular nəticəsində məlum olmuşdur ki, dayısı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə notariat orqanına müraciət edərək babasından qalmış miras əmlakı qəbul etməsini bildirmiş və yalnız iki vərəsəni – nənəsi X10 və xalası X3 göstərmiş, anası və onun varisləri kimi onlar isə ərizəsində qeyd etdirməmişdir. Nənəsi və xalası miras əmlakdan imtina etdikləri üçün vərəsəlik hüququ haqqında şəhadətnamə təkbaşına olaraq dayısı Cavabdeh2 adına yazılmış və bunun əsasında dayısı həm miras mənzilə, həm də miras torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almışdır. Dayısının və notariat ofisinin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, ilk əvvəl mirasın qəbulu barədə ərizə 3 ay ərzində verilməli olduğu halda, mirasın qəbulu barədə ərizə 3 aydan sonra verilmiş, bundan əlavə, cavabdeh – dayısı vərəsələrin siyasıhısına anası və onun varisləri kimi onları da qeyd etməməklə onların vərəsəliyə çağrılmağlarının qarşısını almışdır. Cavabdeh-dayısının təqdim etdiyi ailə tərkibinə dair arayış da onların da aldıqları olduğu halda notarius onların mirasa münasibətlərini və potensial vərəsə olmaqlarını araşdırmamış və onları vərəsəliyə dəvət etməmişdir. Bunun da əsasında qanunun tələbləri pozularaq onların miras-əmlaka vərəsəlik hüquqları əllərindən alınmış və cavabdehə notarius tərəfindən qanunsuz vərəsəlik hüququna dair təkbaşına şəhadətnamə verilmişdir. Hansı ki, cavabdeh notariat kontoruna babasının vərəsələrinin siyahısını düzgün vermiş, anası (onun ölümünə görə onları) vərəsə kimi göstərsə idi, onda miras əmlakda ½ hissədə vərəsə payları müəyyən edilərək (digər iki vərəsənin mirasdan imtinası nəzərə alınmaqla), bu barədə vərəsəlik haqqında şəhadətnamə və bunun da əsasında miras-əmlaka dair notariat sənədləşdirilməsində qanunun tələbləri pozulduğu üçün cavabdeh-dayısı Cavabdeh2 adına verilmiş vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməklə, bunun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışlar ləğv edilməlidir. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, iddia tələbini qəbul etmir. Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23-də yerləşən 39 saylı mənzil üzərində mülkiyyət hüquqları onun atası Babaxanov Seyidxan Məhəmmədrəsul oğluna məxsus olmuş və bundan başqa Qusar rayonunda atasının 0,06 ha torpaq sahəsi də olmuşdur. Onun bacısı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Lakin miras əmlakın sahibi olmuş atası ondan 3 il 8 ay sonra dünyasını dəyişmişdir. Yəni miras qoyan vərəsədən sonra dünyasını dəyişmişdir. İddiaçı miras qoyanın vəfatından sonra bu mənzidə yaşamamış, miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmiş və onun idarəçiliyində olmamışdır. Bundan başqa onun anası – atasının qanun üzrə birinci növbə vərəsəsi hesab olunan qızı atasından qabaq dünyasını dəyişdiyi üçün irsi transmissiyaya yol verilmir. Yəni iddiaçının miras əmlaka hər hansı bir hüququ yoxdur. O, atasının vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna müraciət etmiş və mirası qəbul etmiş, vərəsəlik haqqında şəhadətnamə almaqla miras-əmlak üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Qarşı tərəf iddia ərizəsində onun mirasın qəbulu ilə bağlı ərizəni 3 aydan sonra verdiyini və ərizə verərkən mərhum bacısının da vərəsə olması barədə bildirmədiyini qeyd edir. Halbuki miras əmlak miras qoyanın miras açılan vaxt sağ olan vərəsələri arasında bölünür, bundan başqa o, miras əmlakı faktiki qəbul etmiş və notarius da onun ərizəsini qəbul edərək vərəsə kimi onu tanımışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, mübahisələndirilən əmlak iddiaçının nənəsinə məxsus olmuşdur. Cavabdeh də onun doğma dayısıdır. Həmin əmlak iddiaçının babasının mülkiyyətində olmuşdur. İddiaçı, anası və bacısı orada yaşamışlar. İddiaçının anası da 2018-ci il tarixdə rəhmətə getmişdir. Miras qoyan 10 sentyabr 2021-ci il tarixdə rəhmətə getmişdir. Ondan sonra hər iki bacı orada yaşamaqla bərabər, babalarının dəfnində iştirak etmişlər. Həmin evdə bu gün də yaşamaqda davam edirlər. Doğulan gündən həmin mənzildə qeydiyyata olmuşlar. Son zamanlarda iddiaçı hiss etmişdir ki, dayısı özünü evin yeganə sahibi kimi aparır. Babasının evinin taleyini müəyyən etmək üçün onunla müqavilə bağlamış və onlar da sorğular əsasında məlum olmuşdur ki, 25 dekabr 2001-ci il tarixdə cavabdeh notariat orqanına müraciət etmiş, vərəsə kimi də yalnız öz anasını və bacısını göstərmişdir. Rəhmətə getmiş bacısı və onun iki qızı barəsində heç bir məlumat verməmişdir. Halhazırda həmin şəxslər bu gün də mənzildə qeydiyyatdadırlar. Vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat işini tələb etmiş və orada da müəyyən olunur ki, cavabdeh oraya qeydiyyat arayışını da əlavə etmişdir. Orada həm iddiaçının və bacısının da adları yazılmışdır. Notarius orqanı da arayışda həmin şəxslərin adları olmasına baxmayaraq vərəsələri cəlb etməmişdir. Həmin şəxslərin miras-əmlaka münasibətlərini də müəyyən etməmişdir. Vərəsəlik şəhadətnaməsi verilərkən cavabdehin anası və bacısı mirasdan imtina etmişlər. Ona görə də cavabdehin adına təkbaşına şəhadətnamə verilmişdir. Bunun əsasında da çıxarış verilmişdir. Ona görə də onu qanunsuz hesab edirlər. İddiaçı anasının əvəzinə bacısı ilə birlikdə miras-əmlaka vərəsədir. Onlar da vərəsəliyə cəlb edilməli və payları müəyyən edilməlidir. Notarius ümumiyyətlə ərizəni qəbul etməməli idi. Çünki mirası qəbul etmək barədə 3 ay ərzində verilməli idi. Babaxanov 10 sentyabr 2001-ci il tarixdə rəhmətə getmişdir. Vərəsəlik barədə müraciət isə 25 dekabr tarixində olmuşdur. 3 aydan 15 gün keçmişdir. Notarius ümumiyyətlə miras əmlakın qəbulu barədə ərizəni qəbul etməməli idi. Buna görə də iddiaçı hazırda məhkəməyə müraciət edərək həmin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Mülki məcəllədə bir başa yazılmışdır ki, miras qoyanın vərəsəsi rəhmətə getmişdirsə, onun uşaqları rəhmətə gedən valideynlərinin əvəzinə vərəsədirlər. Konstutsiya Məhkəməsinin qərarı vardır ki, bağışlanma və yaxud vəsiyyətnamə olarkən transmissiyaya yol verilir. Adi halda isə vərəsəlikdə buna yol verilmir. Ona görə də hesab edirlər ki, cavabdehin bu barədə dəlili əsassızdır. Bu günləri də nənəsi və xalası ilə münasibətləri yaxşıdır. Onlar da heç bir xəbər verməmişdirlər. Münasibətlər pozulmayana kimi hesab etmişdir ki, miras-əmlak babasının adınadır. Yalnız ona müraciət edildikdən, sorğu verildikdən sonra Reyestr Xidmətindən sorğu alınmışdır. Daha sonra vərəsəlik işini almış və hazırki iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, o uşaq orada doğulmamışdır. Atasının evində 11-ci mikorayonda anadan olmuşdur. Nərgiz adlı kiçik bacısı isə onların evində anadan olmuşdur. Evdə konflikt olduğu üçün atası bıçaq ilə bacısını üzərinə getmişdir. Daha sonra bıçağı atmış və şram əmələ gəlmişdir. Onu da tikişə aparmışdılar. Polislər gəlmiş, yoldaşı qarışıq onu içəri atmış və 3 və yaxud 4 il azadlıqdan məhrum edilmişdir. Sonra boşanmış, Sevinc ilə birlikdə gəlmişlər. Nərgizə həmin vaxtı hamilə olmuşdur. Ona görə də orada anadan olmuşdur. Orada da böyümüşlər. Həmin qızların bacısının başına açmadığı oyunlar olmamışdır. On birinci sinifdə oxuyarkən damarını kəsmişdir. O, iddiaçıdan heç nə gizlətməmişdir. Notarius orqanına müraciət etmiş, vəziyyəti izah etmişdir. Ona da demişlər ki, müəyyən vaxt gələrək sənədləri gətirsin. Sənədləri vermiş və müəyyən şəxslərin qeydiyyatda olduğunu demişdir. Bir bacısı və bir anasını təqdim etmişdir. Notariusa digər şəxslərin çağırılmalı olubolmadığın demiş, onlar da heç kimin lazım olmadığını demişlər. Onlar bir bacısı və bir anasını dəvət etmişlər. Daha sonra ona 6 ayın tamamında gəlməsi bildirilmişdir. Özü dənizdə işlədiyi üçün 5-10 gün gec getmişdir. Qızların da xəbəri olmuşdur. İddiaçının nənəsi ilə arası yoxdur. Nənəsini xəstə evdə qoyaraq bura gəlmişdir. Özü dejurnuda yaşayır. İşdə olmayanda özü, olarkən isə bacısı anasına baxır. Babası onkoloji xəstə olmuş, bir dəfə də olsun babasının qabağına bir çay qoymamışdır. Sevinc heç vaxt o mənzildə yaşamamış, evlənərək Fransaya getmişdir. Onun bacısı Nərgiz isə qalmışdır. İddiaçıya özü demişdir ki, ev satılacaq və paylar bölünəcəkdir. Fikirləşmişdir ki, 3 nəfərə 30 min manatdan pul düşür. Daha sonra isə Nərgizi fikirləşmiş və 30 minə ev ala bilməyəcəyi qənaətinə gəlmişdir. Fikirləşmişdir ki, bir otaqlı ev alar və o, ayrıca yaşayar. 1 otaqlı evin alınıb veriləcəyini demişdir. İddiaçının davası odur ki, ev Nərgizin adına deyil, onun adına verilsin. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü üçüncü şəxslər (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 2 saylı Sumqayıt Ərazi İdarəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndələri iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli, 3-21-3-31/2-814/2024 nömrəli Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 2 ünvanlanmış sorğuya cavabdan görünür ki, Sumqayıt Şəhər XDS İK Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, 10/1210 nömrəli order əsasında Sumqayıt Şəhər Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Babaxanov Seyidxan Məhəmmədrəsul oğlunun adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli, 2V-409 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında sözügedən mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır və hal-hazıda mülkiyyətindədir. - Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli, 3- 16-5/8-13xx/xx/2024 nömrəli notarial qaydada təsdiq olunmuş arayışdan görünür ki, X8 02 sentyabr 1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə 20 sentyabr 1971-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 2699 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Babaxanov Seyidxan Məhəmmədrəsul oğlu, anası isə X12 olmuşdur. xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 ölümü xx.xx.2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. - Azərbaycan Respublikası 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli, AZ-İİ seriyalı, 447831 nömrəli ölüm haqqında şəhadətnamənin təkrar verilmiş, notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 07 yanvar 2018-ci il tarixdə Sumqayıt şəhərində xroniki böyrək xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 01-ci ayının 09-cu günündə 68 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-AZ seriyalı, 029252 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1992-ci ilin iyun ayının 10-cu günündə 3276 nömrə ilə qeyd edilmişdir. X9, anası isə X6r. - Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş vərəsəlik işinin nömrəsi: V-1268/2021 olan, reyestrdə 2V-409 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş 16 mart 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Babaxanov Seyidxan Məhəmmədrəsul oğlunun vərəsələri – Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras-əmlak Sumqayıt TİB tərəfindən xx.xx.2005-ci il tarixdə Babaxanov Seyidxan Məhəmmədrəsul oğluna verilmiş 33850 qeydəalma nömrəsi ilə 14 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 88,36 kv/m, yaşayış sahəsi 47,31 kv/m, yardımçı sahəsi 21,05 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi 14C/1585 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadənamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 14C/1585 nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 3 otaqlı yaşayış sahəsi 47,31 kv.m, köməkçi sahəsi 21,05 kv.m-dən ibarət olan 23 saylı evin 39 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər DTİ, MHQ və ŞKİ-nin 16 sentyabr 2005-ci il tarixli, 37 nömrəli protokolu əsasında vətəndaş Babaxanov Seyidxan Məhəmmədrəsul oğlunun adına qeydə alınmışdır. - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 204158 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babaxanov Seyidxan Məhəmmədrəsul oğlu 10 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində qırtlaq qığırdaqları səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 09-cu ayının 15-ci günündə 1842 nömrə ilə qeyd edilmişdir. - “Elektron notariat” X2 vasitəsilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Babaxanov Seyidxan Məhəmmədrəsul oğlu xx.xx.1939-cu il tarixdə anadan olmuş, xx.xx.2021-ci il tarixdə ölmüşdür. Son yaşayış yeri Sumqayıt, 11-ci mikrorayon, ev 23, mənzil 39 olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx xxxxxx 1974-cü il tarixdə anadan olmuşdur. 01 noyabr 2005-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X20, X12, X15, X22 oğlu, X11, İddiaçı, X5r. - X12 tərəfindən Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş Babaxanov Seyidxan Məmmədrəsul oğlundan irs qalmış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlaklarından ibarət mirasın ona çatası hissəsindən imtina edir. - X7 tərəfindən Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş Babaxanov Seyidxan Məmmədrəsul oğlundan irs qalmış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlaklarından ibarət mirasın ona çatası hissəsindən imtina edir. - “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat”dan görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23 ünvanında yerləşən 39 nömrəli mənzil İddiaçı babası Babaxanov Seyidxan Məhəmmədrəsul oğluna mülkiyyət hüququ üzrə məxsus olmuşdur. İddiaçı anası X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının babası Babaxanov Seyidxan Məhəmmədrəsul oğlu ölmüşdür. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Sumqayıt “ASAN xidmət mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə digər vərəsələr X12 və X7 miras qalmış əmlakda onlara düşən payından imtina etmişlər. Beləliklə xx.xx.2022-ci il tarixdə Cavabdeh2 atası Babaxanov Seyidxan Məhəmmədrəsul oğlundan miras qalmış əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Hazırda iddiaçı, onun babası Babaxanov Seyidxan Məhəmmədrəsul oğlunun ölümündən sonra Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23 ünvanında yerləşən 39 nömrəli mənzilə Sumqayıt “ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi 2V-409 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edərək, onun əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2-ci maddəsinə əsasən, bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1253.1-ci maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən, əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bu yerdə məhkəmə qeyd edir ki, İddiaçı anası X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə isə iddiaçının babası Babaxanov Seyidxan Məhəmmədrəsul oğlu vəfat etmişdir. İddiaçının babasının vəfatından sonra isə vərəsəlik işi açılmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normasından görünür ki, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının babasının ölümündən sonra onun beş vərəsəsi- mərhumun arvadı X12, mərhumun qızı X7, oğlu Cavabdeh2 və mərhum X4 qızları İddiaçı və X15 olmuşdur. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt “ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 vərəsələri tam şəkildə araşdırılmamış, qeydiiyatda olan iddiaçıya münasibətdə belə vərəsələrin dairəsi və iş üzrə əhəmiyyətli hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinin tələbinə görə, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinin tələbinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinin tələbinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun: 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 57- ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58- ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59- cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60- cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt “ASAN xidmət mərkəzində notariat ofisində xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 vərəsələri müəyyən edilməmiş, qanunvericilklə miras əmlakın qəbulu müddətidə pozulmuş (Babaxanov 10 sentyabr 2001-ci il tarixdə rəhmətə getmişdir. Vərəsəlik barədə müraciət isə 25 dekabr tarixində olmuş, 3 aydan 15 gün keçmişdir), sonuncular notariat ofisinə dəvət edilməmiş, ümumiyyətlə mərhumun vərəsələri kimi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt “ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi 2V-124 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Sumqayıt “ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi 2V-409 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi 2V-409 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilsin. Cavabdeh2 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar