Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2965/2022 02.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Əlican oğlunun iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt “ASAN xidmət” Mərkəzi Notariat Ofisinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsini cəlb etməklə “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt “ASAN xidmət” Mərkəzi Notariat Ofisinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsini cəlb etməklə “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xəbəri və iştirakı olmadan Sumqayıt “Asan Xidmət” Mərkəzində notariat kontorunun xüsusi notariusu Ə.M.Əmirəliyev tərəfindən xx.xx.2019-cu il tarixli 4Ə-2054 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməsi və ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəsi, **********19 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2006-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Bu nikah dövründə xx.xx.2006-cı il təvəllüdlü X12 dünyaya gəlmişdir. Ailədə həmişə münasibətləri normal olmuş, axır vaxtlarda yoldaşının ona qarşı soyuq münasibətdə olduğunu hiss etmişdir. Xəbəri olmadan keçmiş həyat yoldaşı, Cavabdeh1 nikahın pozulması ilə bağlı Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-108/2021 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Birgə nikah dövründə keçmiş həyat yoldaşı Əliyev X7 rayonu, Saray qəsbəsində yerləşən 0,033 ha torpaq sahəsinə dair öz adına xx.xx.2017-ci il tarixli **********19 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli çıxarış almışdır. Daha sonra cavabdeh, yəni keçmiş həyat yoldaşı Cavabdeh1 öz adına olan 0,033ha torpaq sahəsini onun xəbəri və razılığı olmadan birinci yoldaşından olan oğlu Cavabdeh2 adına Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə bağışlamışdır. Baxmayaraq həmin vaxt rəsmi nikahda olmuşlar onun razılıq ərizəsi notariat ofisi tərəfindən alınmamışdır. Düşünür ki, cavabdeh, yəni keçmiş həyat yoldaşı Cavabdeh1 tərəfindən hüquqları pozulmaqla bərabər “Asan” Xidmət Mərkəzində yerləşən notariat hərəkətləri aparan dövlət orqanı tərəfindən də hüquqları tam şəkildə pozulmuşdur. Digər tərəfdən ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi çıxarış verərkən bunu nəzərə almamışdır. Həmin bağışlanma müqaviləsi qanunsuz olduğu üçün ləğv olunmalıdır. İş materiallarına əlavə edilmiş “Asan” Xidmət Mərkəzində yerləşən notariat ofisinin verdiyi 104 nömrəli cavabdan görünür ki, həmin bağışlanma müqaviləsi xx.xx.2019-cu il tarixli, 4Ə-2054 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. Baxmayaraq həmin vaxt idiaçı ilə cavabdeh rəsmi nikahda olmuşlar. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli iş № 2(012)-4679/2021 saylı qətnamənin surətindən görünür ki, mübahisə predmeti olan və birgə nikah vaxtı əldə etdikləri 0,033 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə ögey oğlu Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Keçmiş həyat yoldaşı Cavabdeh1 ilə birgə nikah vaxtı mübahisə predmeti olan 0,033 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş, orada yaşamışlar, hal-hazırda həmin ev rəsmi dövlət qeydiyyatına alınmasa da onun faktiki istifadəsində və sahibliyindədir. Lakin buna baxmayaraq cavabdehin ögey oğlu Əliyev X8 Rayon Məhkəməsinə müraciət edərək yaşadığı evin boşaldılmasını tələb etmişdir. Həmin qətnamədən artıq Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, tərəflər nikahda olmaqla, mübahisə predmeti torpaq sahəsində olan evdə yaşayıblar. Hazırda da iddiaçı həmin evdə yaşayır. Cavabdeh 2019-cu ildə bağışlama müqaviləsi əsasında iddiaçının xəbəri və məlumatı olmadan torpaq sahəsini digər Cavabdeh2 bağışlamışdır. 2021-ci ildə isə tərəflərin arasında nikah pozulmuşdur. Cavabdeh2 Abşeron Rayon Məhkəməsinə torpaq sahəsindən çıxarılma ilə bağlı müraciət etməsi nəticəsində Abşeron Rayon Məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra iddiaçı bağışlama müqaviləsi və torpaq sahəsinin bağışlanması barədə bilmişdir. Bunu bildikdən dərhal sonra iddiaçı araşdırılan iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianı əsaslı hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı keçmiş arvadıdır, mübahisə predmeti olan torpaq sahəsi 2000ci ildə, yəni iddiaçı ilə nikah bağlamamışdan öncə alınmışdır. İlk həyat yoldaşı 2003-cü ildə ölmüşdür. İddiaçı ilə isə 2006-cı ildə evlənmişdir. 2000-ci ildə həmin torpaq sahəsini faktiki alsa da, onu sənədləşdirə bilməmişdir. Onun torpağı aldığı şəxs Ağcabədi rayonuna köçdüyü üçün, eləcə də birinci arvadı xəstə olduğu üçün başı ona qarışıq olduğundan sənədləşmə işi gecikdirilmişdir. Sözügedən torpaq sahəsini alanda içində tikili olmaqla yaşayış üçün qismən yararlı olmuşdur. Fəxrəndə ilə evləndikdən sonra evdə təmir işləri oboy çəkdirmiş və s. gördürmüşlər. Aralarında olan münasibətlər soyuq olduğundan iddiaçıya məlumat vermədən bağışlama əsasında torpaq sahəsini oğlu Fəridə bağışlamışdır. Fəxrəndənin bu barədə heç bir məlumatı olmamışdır. Fəxrəndə bu barədə Fərid Abşeron rayon Məhkəməsinə torpaq sahəsindən çıxarılma ilə bağlı iddia qaldırdıqdan sonra bilmişdir. Torpaq sahəsi və üzərindəki ev Fəxrəndə ilə evlənməzdən öncə alındığı üçün iddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 digər cavabdeh tərəfindən verilən izahatı müdafiə etdiyini, əlavəsinin olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatını müdafiə etdiyini, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh1 tərəfindən 2000-ci ildə X1 alınmış və həmin torpaq sahəsində ev inşa olunmuşdur. Bununla bağlı X5 tərəfindən verilmiş qəbz, o cümlədən kommunal xərclərin ödənilməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh1 iddiaçı ilə 2006-cı ildə ailə qurmuşdur. Təqdim edilmiş sənədlər göstərir ki, həmin vaxtadək bu torpaq sahəsi və üzərində yaşayış evi olmuşdur. Odur ki, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz və iddiaçının bununla bağlı heç bir hüququ pozulmayıb. Bağışlama müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada bağlanmışdır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında şahid qismində dindirilən Yahubova Olha ifadəsində bildirdi ki, o, 1998-ci ildən ünvan 1 ünvanında yaşayır. Fərhad 2000-ci ildən onun qonşusudur. Mübahisə predmeti olan torpaq sahəsi alınarkən orada kiçik birotaqlı ev olmuşdur. Torpaq sahəsinin neçə sot olduğunu bilmir. Fərhadın 2-ci həyat yoldaşının nə vaxt gəldiyini, onun vaxtında nə iş görüldüyü haqqında da dəqiq məlumatı yoxdur. Lakin, Fərhadın birinci arvadını, sonuncu orda iş görüdüyünü, torpaq daşıdığını və Fərhadın evi tikdiyini öz gözlərilə görmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın RX seriyalı ******* saylı Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, sahəsi 0.033 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə 906 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydə alınmışdır. AZ-İ seriyalı, 289773 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X6 arasında 18 noyabr 2006cı il tarixdə 1787 №li akt qeydi ilə nikah bağlanmış, qadına Əliyeva soyadı verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4679/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, Lerik rayon məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(048)-108/2021 saylı qətnaməsi ilə Cavabdeh1 ilə X4 arasında 18 noyabr 2006-cı il tarixdə 1787 №li akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Əliyev X7 rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.033 ha olan torpaq sahəsini Cavabdeh2 mülkiyyətinə vermişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4679/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh X3 qarşı cavabdehin torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılması, tikililərin boşaldılması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh X2 iddiaçı Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0330 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 21 aprel 2022-ci il tarixli №**********96 saylı məktubun məzmunundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0330 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, 4Ə-2054 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2019-cu i tarixində **********19 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı və Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixdə rəsmi nikah bağlanmaqla hüquq və vəzifələr yaranmışdır. Cavabdeh1 birgə nikah dövründə, yəni xx.xx.2017-ci il tarixdə hüquqları dövlət qeydiyyatında alınmaqla Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0330 ha torpaq sahəsi almış, daha sonra xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən həmin torpaq sahəsini oğlu Cavabdeh2 mülkiyyətinə vermişdir. İddiaçı və Cavabdeh1 arasında ailə münasibətlərinə məhkəmə qətnaməsinə əsasən 26 may 2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı mübahisə predmetini təşkil edən bağışlama müqaviləsi bağlanarkən onun məlumatı olmadığını, topaq sahəsinin birgə nikah dövründə cavabdehin adına qeydə alındığını və birgə nikah dövründə orada ev inşa edərək yaşadıqlarını, bu səbəbdən birgə mülkiyyətləri olmasını, həmin bağışlama müqaviləsinə razılığını bildirmədiyini, əri – Cavabdeh1 onun xəbəri və məlumatı olmadan bağışlama müqaviləsi bağlamaqla torpaq sahəsini birinci həyat yoldaşından olan oğlu Cavabdeh2 bağışladığını, bu barədə xeyli müddət sonra 2021-ci ilin noyabr ayında, yəni digər məhkəmə mübahisəsi zamanı bildiyini iddia edir və bu əsaslara görə bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə ilk öncə etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddəti ilə bağlı məsələyə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İşin hallarından göründüyü kimi mübahisələndirilən Bağışlama müqaviləsi 22 iyul 2019-cu il tarixdə bağlanılmış, iddiaçı isə araşdırılan tələblə bağlı 05 aprel 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisələndirilən müqavilənin bağlanmasından xəbərsiz olduğunu, bu barədə yalnız 2021-ci ilin noyabr ayında Abşeron rayon Məhkəməsi tərəfindən müvafiq qətnamə qəbul edildikdən sonra bildiyini iddia edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf bağışlama müqaviləsinin bağlanılmasından iddiaçının həqiqətən də məlumatı olmadığını, iddiaçının bu barədə Abşeron rayon Məhkəməsində Cavabdeh2 iddiası üzrə işə baxılarkən bildiyini təsdiq etdi. Bu qeyd olunanlara əsasən məhkəmə Mülki Məcəllənin 354-cü maddəsi baxımından əqdin mübahisələndirilmə müddətinin iddiaçı tərəfindən ötürülməməsi qənaətinə gəlir. İş üzrə toplanmış sübutlardan göründüyü kimi mübahisələndirilən Bağışlama müqaviləsinin predmeti olan torpaq sahəsi üzərində hüquqlar iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə qeydə alınmış, topaq üzərində inşa olunmuş evdə əsaslı təmir işləri gördürmüşlər. Bağışlama müqaviləsi bağlanarkən iddiaçının razılığı alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinin tələbinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan müqavilə üzrə bağışlanan torpaq sahəsi ər-arvadın ümumi mülkiyyətinin hüquqi rejiminə aid olduğundan həmin əmlakın iddiaçının razılığı olmadan bağışlanması haqqında müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Odur ki, məhkəmə bu nəticə gəlir ki, iddiaçının tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair Sumqayıt “Asan Xidmət” Mərkəzində notariat kontorunda təsdiq edilmiş 4Ə-2054 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edildiyindən etibarsızlıqla bağlı nəticələr istisna olmaqla heç bir hüquqi nəticə yarada bilməz. Odur ki, Cavabdeh2 adına Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən sahəsi 0.033 ha olan torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində notariat kontorunda təsdiq edilmiş 4Ə-2054 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 adına Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən sahəsi 0.033 ha olan torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli **********19 reyestr nömrəli Çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2965/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2965/2022
02.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver