Məhkəmə qərarları › İş №2(060)-2974/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2974/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2974/2024 03.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Qulamhüseyn qızının, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Qulamhüseyn qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə, Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Qulamhüseyn qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə, Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qulamhüseyn qızı xx xxx 1951-ci ildə anadan olmuşdur. Xəstəliyə görə İİ qrup əlildir. Tənha yaşayır. Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən 5/2 saylı evin, 46-cı mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Bunu xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış MH seriyalı ******* №-li çıxarış təsdiq edir. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 iddiaçının qonşuluğunda yaşayır. Cavabdeh2 digər cavabdeh olan Cavabdeh1 yaxın qohumudur. Cavabdeh1 iddiaçının qocalığından, tənha qadın olmağından, huşsuzluğundan və xəstəliyindən istifadə edərək onu aldatmış və 29 iyul 2023-cü ildə iddiaçıdan daşınmaz əmlakının satılmasına görə etibarnamə almışdır. Həmin etibarnamə Sumqayıt şəhəri, 3 saylı Notariat ofisi tərəfindən iddiaçı tərəfdən Cavabdeh1 10 il müddətinə verilmişdir. İddiaçı etibarnamənin verilməsindən və orada əmlakına dair Cavabdeh1 tərəfindən hər hansı bir hərəkətlərin aparılmasına razılıq verməmiş, baxmayaraq ki, həmin etibarnaməni iddiaçı imzalamış, lakin həmin etibarnamənin mətnindən, onun nəticələrindən xəbərsiz olmuş, müqavilənin nə üçün bağlanmasını dərk etməmişdir. İddiaçı evinin Cavabdeh1 tərəfindən satılmasını istəməmişdir. Cavabdeh1 iddiaçının xəstəliyindən istifadə edərək həmin etibarnamənin alınmasına nail olmuşdur. Cavabdeh1 həmin etibarnamə əsasında mülkiyyətçisi olduğu mənzili öz qohumu olan Cavabdeh2 01 avqust 2023-cü ildə 27000 manata satmışdır. AN-İ № ******* saylı “daşınmaz əmlakı alqı-satqı” müqaviləsi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçının mülkiyyətçisi olduğu daşınmaz əmlakı 27000 manata satmışdır. Həmin əmlakın satışından əldə olunan 27000 manat pulu iddiaçı almamışdır. 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində Cavabdeh1 oğlu işlədiyinə görə həmin müqavilə orada rəsmiləşmişdir. Cavabdeh1 müqavilə bağlanan ərəfədə iddiaçını özünə məxsus evdə saxlamış, təqribən müqavilə bağlanandan 2-3 ay sonra evindən çıxartmışdır. İddiaçının mülkiyyətçisi olduğu mənzil Cavabdeh2 satılsa da, həmin mənzildə hal-hazırda iddiaçı yaşayır və orada qeydiyyatdadır. Beləliklə, cavabdehlər maddi imkansızlığından, xəstəliyindən, İİ qrup əlil, huşsuz, olmağından, etdiklərini dərk etmək qabiliyyətindən məhrum olduğundan istifadə edərək aldatma yolu ilə mənzilini ələ keçirmişlər. Nəticədə iddiaçının mülkiyyət hüququ pozulmuş, ahıl vaxtında evsiz-eşiksiz qalmışdır. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, 5/2 saylı evin, 46-cı mənzilinin satılmasına görə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ № ******* saylı “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı Qulamhüseyn qızı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, ünvan 1 ünvanına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********32-051101-093002 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı Qulamhüseyn qızı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinə etirazı olmadığını bildirmişdir.

7. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Cavabdehlər 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi və Sumqayıt şəhər 3 saylı Notariat Ofisi tərəfindən məhkəməyə məktublar göndərilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir.

9. Məhkəmə işə 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

13. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayonda istifadədə olan 0,095 ha torpaq sahəsində yerləşən 5/2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 31,64 kv.m ümumi, 17,08 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 46 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı Qulamhüseyn qızının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə, ********* nömrə ilə qeydiyyata alınmışdır.

14. İş materiallarında olan AR-İİİ seriyalı 079736 №-li, 29 iyul 2023-cü il tarixli Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu T.M.Mustafazadə tərəfindən təsdiq olunmuş etibarnamədən görünür ki, İsmayılova X1 Səadət İsmayıl qızına onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir.

15. İş materiallarında olan notariat qaydasında təsdiq olunmuş 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 31,64 kv.metr olan ünvan 1 Cavabdeh1 (İddiaçı Qulamhüseyn qızının əvəzindən) tərəfindən Cavabdeh2 27000 manat məbləğinə satılmışdır.

16. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 5/2 ünvanında yerləşən 46 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyatdan keçirilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 5/2 ünvanında yerləşən 46 saylı mənzil İddiaçı Qulamhüseyn qızına məxsus olmuş, 29 iyul 2023-cü il tarixli etibarnaməyə əsasən İsmayılova X1 Səadət İsmayıl qızına onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 31,64 kv.metr olan ünvan 1 Cavabdeh1 (İddiaçı Qulamhüseyn qızının əvəzindən) tərəfindən Cavabdeh2 27000 manat məbləğinə satılmışdır. Hazırda iddiaçı aldadıldığını iddia edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və çıxarışın ləğvini tələb edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz etmirlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.

22. Eyni Məcəllənin 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

23. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

24. Eyni Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

25. Göstərilən Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

26. Məhkəmə qeyd edir ki, qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

29. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

30. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

33. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

28. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 34.Yuxarıda qeyd olunduğu kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin təmin olunmasına razı olmaları ilə əlaqədar məhkəməyə ərizələr təqdim etmişlər.

35. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********32-05101-093002 reyestr nömrəli çıxarış ləğv edilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi:

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********32-05101-093002 reyestr nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar