Məhkəmə qərarları › İş №2(060)-298/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-298/2021

11.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-298/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Musayev Nahid Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı yaşadığı ünvan 1 ünvanına hesablanmış 291,25 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 hazırda onun mülkiyyətindədir. Həmin ünvanda 2020-ci ildən yaşamağa başlamışdır. Cavabdeh təşkilatdan ona xx.xx.2014-cü ildən 291,25 manat borcu olduğu bildirilmişdir. Lakin o, həmin mənzilə 2020ci ildə köçmüşdür. Hesab edir ki, Cavabdeh ASC-nin həmin borcu, qanunvericilikdə bunun üçün nəzərdə tutulmuş müddət keçdiyindən, habelə həmin ünvanda yaşayış olmadığından tələb etmək hüququ yoxdur. Odur ki, qeyd olunan borcun əsassız hesablandığından silinməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh “Cavabdeh ” ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, ünvan 1 ünvanında xx.xx.2014-cü il tarixdən abonentlə bağlanmış müqavilə əsasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. İddiaçı istifadə etdiyi xidmətlərə görə ödənişləri həyata keçirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçınının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Bələdiyyəsi 1 və 3-cü məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1-də İddiaçı və ailə üzvləri qeydiyyatsız yaşayır. - abonent kartından görünür ki, sayğac göstəriciləri əks olunana, yəni 2016-cı ildən 2021-ci ilədək 291,25 manat borc hesablanmışdır. - Sumqayıt Şəhər Bələdiyyəsi 1və 3 saylı məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsinin veridiyi 821 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ailəsi ilə birlikdə ünvan 1 –də 2020-ci ilin yanvar ayından yaşayır. - Sumqayıt Şəhər Bələdiyyəsi 1və 3 saylı məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsinin veridiyi 110 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 – də 2020-ci ilin yanvar ayına qədər yaşamamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ünvan 1 ünvanında 2020-ci ildən yaşamağa başlamışdır. Cavabdeh təşkilat ona 2014-cü ildən 2017ci ilədək olan dövr üçün sudan istifadəyə görə 291,25 manat borc normativ qaydada hesablamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin qərarın 6.14-cü bəndinə əsasən su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Həmin qərarın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 7.6-cı bəndinə verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 2020-ci ilin yanvar ayınadək göstərilən ünvanda yaşamadığından onun həmin vaxtadək sudan istifadə etməsi barədə cavabdehin dəlili, həmin dövrə qədər borcun hesablanması əsassızdır. Belə ki, iddiaçının sözügedən ünvanda 2020-ci ilin yanvar ayınadək yaşaması və orada sudan istifadə etməsi iş materialları ilə təsdiqini tapmır, eyni zamanda cavabdeh tərəfindən bunun əksinə dəlalət edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı istifadə etmədiyi suyun dəyərini ödəməyə borclu deyildir və bu halda borcun tələb edilməsi onun qanunla qorunan hüquq və maraqlarını pozur. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək hesab edir ki, istifadə edilən suyun dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda iddiaçının 2017-ci ildən əvvələ yaranmış sudan istifadəyə görə edilməli olan 280,75 manat ödənişin tələb etmə müddəti keçdiyindən tələb qüvvəsini itirmişdir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh ASC tərəfindən ünvan 1 –a aid **********630 abonent koduna hesablanmış 291,25 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 500 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 –a aid **********630 abonent koduna hesablanmış 291,25 manat borc silinsin. İddianın verilməsinə görə 20 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar