Məhkəmə qərarları › İş №2(060)-298/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-298/2023

07.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-298/2023 07.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 11 saylı evin 18 saylı mənzilindən 7000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 11 saylı evin 18 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Cavabdeh sözügedən mənzildə yaşamaqda davam edir. Onun mənzildə qeydiyyatda olmağı onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. 7000 manat kompensasiya cavabdehə təklif edilmiş, lakin razılaşmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, həmin evdə onun yaşamaq və istifadə etmək hüququ olduğunu, hazırki mülki iş üzrə iddiaçı qismində çıxış edən mülkiyyətçi tərəfindən ona təklif olunan kompensasiya məbləğinin ağlabatan və ədalətli olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O, eyni zamanda bildirdi ki, onun istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məsələni iddiaçı son zamanlarda gündəmə gətirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 11 saylı evin 18 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq Sumqayıt şəhər texniki inventarlaşdırma bürosu dövlət reyestrində 14 nömrəli kitabda qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DİN-nin ******* №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 11 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6021/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.1992-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 11 saylı evin 18 saylı mənzili xx.xx.2000-ci ildə tərəflərin birgə nikah dövründə əldə edilmiş və həmin tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların xx.xx.1992-ci il tarixli nikahlarına xitam verilmişdir. Cavabdehlər iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaqla yaşayır. Cavabdehin mübahisəli evə istifadə hüququ vardır və təklif olunan kompensasiya müqabilində istifadə hüququna xitam verilməsinə etiraz edir. Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin predmeti qismində kompensasiya verilməklə mənzilə dair istifadə hüququna xitam verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Bu Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisəli əmlak birgə nikah dövründə və ümumi vəsait hesabına əldə edildiyindən, habelə cavabdehin qanunvericilikdə ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair nəzərdə tutulmuş iddia müddətini ötürmədiyindən iddia əsassızdır. Belə ki, cavabdeh mülkiyyət hüququnun pozulduğunu iddiaçının məhkəməyə müraviəti ərəfəsində bilmişdir. Qanunvericilik ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsinin başqa qaydasını müəyyən etmişdir. Məhkəmə, həmçinin, cavabdehə nikah dövründə əldə edilmiş ümumi əmlaka dair payının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət (3 il) çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyini izah edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzilə istifadə hüququna xitam verilməsinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzilə istifadə hüququna xitam verilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar