Məhkəmə qərarları › İş №2(060)-2984/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2984/2022

06.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2984/2022 06.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 06 iyun 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********02158) hesablanmış 3261.23 manat borcun silinməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 17 saylı yeməkxanada yaşayır. Cavabdeh tərəfindən onun yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 17 saylı yeməkxana ünvanına (abonent kodu: **********02158) 31.12.2016-cı il tarixə 3261.23 manat borc hesablanmışdır. Dəfələrlə həmin borcun silinməsi ilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin edilməsi haqqında” fərmana uyğun olaraq 2017-ci ilin 01 yanvar tarixindən aylıq müavinət müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq həmin tarixə kimi kommunal borclar dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada tam şəkildə ödənilmişdir. Ona görə də hazırda cavabdeh tərəfindən hesablanmış 3261.23 manat məbləğində borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 mübahisələndirilən borc məbləğinin debitor borc olduğunu, 31.12.2016-cı il tarixdə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 3261.23 manat borcunun dondurulduğunu, həmin borcun abonentlərə verilən bildirişlərdə qeyd edilmədiyini və bu borcların silinməsinin müəssisənin səlahiyyətinə aid olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 1266 nömrəli, 30.03.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı məcburi köçkün kimi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 17 saylı yeməkxanada məskunlaşmışdır. İş materiallarında olan abunə haqqında 11.05.2022-ci il tarixli invoisdən görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 0500, 2158 saylı mənzildə quraşdırılmış sayğaca əsasən 31.12.2016-cı ildə 3261.23 manat borc “Məcburi köçkün borcunun dondurulması” kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş AA 312491 seriyalı məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Qubadlı rayonundan məcburi köçkün statusuna malikdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 0500, 2158 saylı mənzilində X1yə görə hesablanmış 3261.23 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı məcburi köçkün kimi ünvan 2 ünvan "xxxx" ASC-də ünvan 3 qeydə alınmışdır. İddiaçı məcburi köçkün kimi 3261.23 manat məbləğində borcu 31.12.2016-cı il tarixdə cavabdeh tərəfindən dondurulmuşdur. Həmin borcun silinməməsi isə hazırda sözügedən mənzildə yaşayan istehlakçı İddiaçı hüquqlarının pozulmasına səbəb olur. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Həmin Fərmanın 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından və həmin Fərman əsasında cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 17 saylı yeməkxanaya (Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 0500, 2158 saylı mənzil) X1yə görə hesablanmış 3261.23 manat məbləğində borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı (abunə kodu: **********02158) X1yə görə hesablanmış 3261,23 (üç min iki yüz altmış bir manat iyirmi üç qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar