Məhkəmə qərarları › İş №2(060)-2995/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2995/2020

01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2995/2020 01.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdülhüseyn oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh, vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə dair iddiasıüzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, Qorki küçəsi, 21-ci məhəllə, ev 50/15, 2 saylı mənzilinə hər birinə 15000 manat, cəmi 30000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı R.Zərifə cavabdehin keçmiş həyat yoldaşıdır. İddiaçı R.Vüsal isə cavabdehin oğludur. Sumqayıt şəhəri, Qorki küçəsi, 21-ci məhəllə, ev 50/15, 2 saylı mənzil mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Bunu AR ƏMDK yanında DƏDRX-nin 2s aylıƏrazi İdarəsinin xx.xx.2015-ci ildə vermiş olduğu RX seriyalı ******* saylı çıxarış təsdiq edir. İddiaçıların sözügedən mənzildə istifadə hüquqları vardır. Hər iki iddiaçı sözügedən mənzildə 1993-cü ildən yaşayırlar. Cavabdehlə ailə münasibətləri olsa da, cavabdeh onlarla yola getmir, əsaslı-əsassız evdə dava salır, müxtəlif bəhanələr gətirərək onların mənzildən çıxmasını tələb edir. Cavabdeh dəfələrlə məhkəməyə müraciət edərək kompensasiya yolu ilə istifadə hüquqlarına xitam verilməsini tələb etmişdir. Lakin cavabdeh onların istifadə hüquqlarına xitam verilməsi üçün cüzi məbləğ təklif edir. Sözügedən mənzil 2 otaqdan ibarət olub, ümumi sahəsi 56,6 kv metrdir. Hazırda mənzilin bazar qiyməti 55-60 min manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddiaya etiraz edir və iddianın rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin hüquqi əsası olmadığından rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 15/50, mənzil 2 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 277 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin şərh olunan maddəsinin məzmunundan görünür ki, kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini məhkəmə qaydasında tələbetmə hüququna yalnız mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi malikdir, digər şəxslərin belə bir hüququ qanunvercilikdə nəzərdə tutulmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmışşəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı halda ərizəçi subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçılar tələb üzrə subyektiv hüquqa malik olmadıqlarından iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eləcə də iş materiallarından görünür ki, cavabdeh hüquqlarının müdafiəsi üçün vəkil xidmətinə görə 110 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, vəkilin etdiyi köməyə görə ödənilən xərclər məhkəmə xərclərinə aid olduğundan MPM-nin 124.2-ci maddəsinə müvafiq olaraq hüquq xidmətlərinin göstərilməsinin əvəzi olaraq 110 manat iddiaçılardan tutularaq cavabdehə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Vəkil xidmətinə görə ödənilən xərcin əvəzi olaraq 110 (bir yüz on) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar