Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2995/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtlı-vaxtında ödəyir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Cavabdeh Sumqayıt şəhəri, X3nin nümayəndələri iddiaçının ünvanına məxsus məşiət qaz sayğacını onun iştirakı və xəbəri olmadan çıxardaraq nöbəti dövlət yoxlamasına göndəriməsi ilə bağlıxx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib etmişlər. Sumqayıt şəhəri X3 tərəfindən ünvana quraşdırılmış G-4 markalı, 1202AQ**********3 nömrəli məşiət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən verilmiş rəyə əsasən ünvandan çıxarılmış sayğacın çıxışı plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Sumqayıt şəhəri X3 dəymiş ziyanın bərpasına dair tələbnamə ilə dəymiş ziyanı və sayğacın dəyərini iddiaçının ödəməsini tələb edir. Sonradan məlum olmuşdur ki, iddiaçıya borc yazılmışdır. Bundan əlavə iddiaçı qeyd edir ki, sayğaca nəzarət etmək ev sahibinin vəzifəsi deyildir, qaz paylayıcısının vəzifəsidir . Evdən kənarda quraşdırılmış sayğaca müdaxilə olunmuşsa və ya zədə dəymişsə onun bundan xəbəri olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən, Cavabdeh Sumqayıt Şəhəri X3nin işçiləri tərəfindən hesablanmış 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində ziyanın-borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki,iddiaçı sayğac dəyişdirilərkən həyət evində olmuş, ünvanda olmamışdır. Sayğac dəyişdirilərkən onun xəbəri olmamışdır. O ünvanda iddiaçının gəlini, oğlu, 2 nəvəsi, həyat yoldaşı və iddiaçı özü yaşamışdır. Ünvanına borc 1555.20 manat təyin olunmuşdur. Sayğacı plombu üzərində sökmüşlər. Sayğac daim işlək vəziyyətdə olmuşdur. Vaxtaşırı yoxlanılmışdır. Nəzarətçi İlham olmuşdur və hər ay sayğacı yoxlamışdır. Cavabdehnə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal sahəsinin 203 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhər 3-cü mikrorayon, ev 20/33, mənzil 20-də yaşayır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də göründüyü kimi İddiaçı xx.xx.1964-cü ildə Gürcüstan Respublikasında anadan olmuşdur. Sumqayıt şəhər 3-cü mikrorayon ev 20/33, mənzil 20-də yaşayır. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********04560) ünvan 4 ünvanında xx.xx.2022-ci il tarixdə ZENNER G4T SMART tipli, **********609 nömrəli sayğac quraşdırılmışdır. 2023-cü ilin sonuna 12960 kub metr qaz sərfiyyatı olmuş və ilin sonuna 1555.20 manat vəsait hesablanmışdır. 28 fevral 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, ünvanına ******* saylı, 28 fevral 2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 12960 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın kalapanı işlək deyil, sayğacın çıxış plastmas borusu deşilib kimi hallar qeydə alınmışdır. Sayğacın yaddaş arvixi oxunmuş və istismar müddətində ALARM-1 rejimi aşkar olunmamışdır. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xəta ilə işləyir. Sayğac istismara yararsız olması qeyd olunmuşdur. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, Sumqayıt şəhəri X3 tərəfindən ünvana quraşdırılmış G-4 markalı, 1202AQ**********3 nömrəli məşiət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğacın kalapanı işlək olmaması, sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın yaddaş arvixinin oxunması və istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda -100% nisbi xəta ilə işləməsi, sayğacın istismara yararsız olması kimi hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, abonent saldosuna əsasən 2023cü ilin sonuna 12960 kub metr qaz sərfiyyatı olmuş və ilin sonuna 1555.20 manat vəsait hesablanmışdır. Bu 12960 kub metr qaz sərfiyyatı üçün 28 fevral 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 1555.20 manat pul vəsaiti hesablanmışdır. Bu səbəbdən sözügedən 1555.20 manat məbləğində cərimənin hesablanması qanuna uyğun olmamaqla, əsassızdır. Belə ki, sayğacın işlək vəziyyətdə olmamasına görə iddiaçının məsuliyyəti müəyyən edilməyərək, onun qanuna zidd əməli və ya hər hansı müdaxiləsi nəticəsində baş verməsi cavabdeh tərəfindən sübut olunmamış, iddiaçının iddia tələbinin əsasları öz təsdiqi taparaq (aktın tərtibatında iştirak etməməsi, sayğacın mənzildən kənarda yerləşməsi və sair hallar), sübut olunmuşdur. Odur ki, bu səbəbdən iddia tələbi təmin edilərək iddiaçıya hesablanmiş 1555.20 manat borc silinməlidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1555.20 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 fevral 2023-cü il tarixli, ******* №-li akta əsasən hesablanmış 1555.20 manat borc abonentin hesabından (abonent kodu **********04560) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus mənzildə Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 fevral 2023-cü il tarixli, ******* №-li akta əsasən hesablanmış 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc abonentin hesabından (abonent kodu **********04560) silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2995/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2995/2023
22.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver