Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2999/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Betonzavod ərazisində yerləşən abonent kodu **********00377 olan ünvana hesablanmış 1152 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə qeyd olunan fərdi yaşayış evində yaşayır. Mənzildə X1yə görə ödənişləri vaxtı-vaxtında ödəmiş və onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh təşkilatın əməkdaşları xx.xx.2023-cü il tarixdə akt tərtib etmişlər. Həmin aktın əsasında mənzilə 1152 manat məbləğində cərimə hesablanmışdır. O, aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Sayğacda olan hər hansı bir texniki nasazlığa görə o heç bir məsuliyyət və cavabdehlik daşımır. Yaşadığı mənzilin işıq sayğacı evdən kənarda quraşdırılmışdır. O, cavabdeh tərəfindən tələb olunan məbləği əsassız hesab edir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinə kənar xətt daxil olur. Kənar xətt sayğacı qidalandıran sip xəttinin fərdi yaşayış evinin hasarının üst hissəsindən mişar daşından dəlik açaraq budaqlarıma yolu ilə çəkilmişdir. Ölçmə zamanı xətdən axan yük Pkən=1.66 kvt Psay=0.12 kvt Qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2x10 mm2 aliminum naqil Pqoy=l kvt təşkil etməsi halı aşkar edilmiş və xx.xx.2023-cü il tarixli akt əsasında 1152.94 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. İddiaçı məhkəmə iclasında iddiam müdafiə edərək, ərizəsi ilə eyni məzmunlu izahat verdi və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, EİQ-nin pozulmasına görə aktlara əsasən 1427.99 manat borc mövcuddur. Cəmi borc isə 1152.94 manatdır. - Abunə haqqında çıxarışdan görünür ki, abonent kodu **********00377 olan ünvanda 2023cü ilin yanvar-mart aylarında müvafiq olaraq 8.16; 7.44; 7.12 manat, həmin ilin may ayında isə 9.60 manat dəyərində elektrik enerjisi sərfiyyatı olmuşdur. - Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı Məhəllə Komitəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən ev № 587b-də xx.xx.2022-ci ildən yaşayır. - 032236 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinə kənar xətt daxil olur. Kənar xətt sayğacı qidalandıran sip xəttinin fərdi yaşayış evinin hasarının üst hissəsindən mişar daşından dəlik açaraq budaqlanma yolu ilə çəkilmişdir. Ölçmə zamanı xətdən axan yük Pkən=1.66 kvt Psay=0.12 kvt Qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2x10 mm2 aliminum naqil Pqoy=l kvt təşkil edir. Akt "xxxx" ASC-nin əməkdaşları R.Osmanov və H.Kazımov tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Betonzavod ərazisində yerləşən abonent kodu **********00377 olan ünvanda kənar xətt aşkar olunduğundan akt əsasında 1152 manat borc hesablanmışdır. Akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmışdır. Abonent 2023-cü ilin yanvar-mart aylarında müvafiq olaraq 8.16; 7.44; 7.12 manat, həmin ilin may ayında isə 9.60 manat dəyərində elektrik enerjisi sərf etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş“X1 Qaydaları”nın 8.17-1-ci bəndində göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq X1 etməsi halı iş materialları və təqdim olunmuş sübutlarla, eləcə də abonentin abunə haqqında çıxarışının təhlili ilə öz təsdiqini tapmır. Belə ki, müvafiq akt qanunvericilikdə imperativ şəkildə nəzərdə tutulmuş qaydada istehlakçının iştirakı ilə tərtib olunmamış, bir nüsxəsi ona təqdim edilməmiş, eyni zamanda həmin vaxt belə halın mövcudluğu barədə videoyazı, bunu təsdiqləyəcək fotoşəkil məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia əsaslıdır. Həmçinin, abunə haqqında çıxarışdan görünür ki, akt tərtib olunanadək 2023-cü ilin yanvarmart aylarında müvafiq olaraq 8.16; 7.44; 7.12 manat, aktın tərtibindən sonrakı dövrdə, həmin ilin may ayında isə 9.60 manat dəyərində elektrik enerjisi istifadə edilmiş və ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi aktdan əvvəlki, sonrakı illərin müvafiq dövründə də elektrik enerjisi istehlakı əsasən sabit qalmışdır. Bu hal da bir daha elektrik enerjisinin kənar xəttlə qoşularaq istehlakını təkzib edir. Belə ki, əks halda əvvəlki dövrdə və kənar xəttin aşkarlanıb ləğvindən sonra ilin müvafiq vaxtlarında elektrik enerjisinin sərfiyyatında artım müşahidə olunardı. Məhkəmə, araşdırılma zamanı baxış keçirilən disklə bağlı qeyd edir ki, həmin videoyazıda iddiaçıya məxsus sayğaca kənar xətt qoşulması görünsə də, bu xəttin İddiaçı yaşadığı evə daxil olması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisi istehlak etməmişdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, hesab edir ki, iddia təmin edilməli, abonent kodu **********00377 olan ünvana hesablanmış 1152 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Betonzavod ərazisində yerləşən abonent kodu **********00377 olan ünvana hesablanmış 1152 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2999/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2999/2023
04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver