Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3005/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum atası X1 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanında yerləşən qaraja miras əmlakın qəbul müddətinin üzrlü sayılaraq müddətin bərpa edilməsi və uzadılması, həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X3 xx.xx.2014-cü ildə vəfat etmişdir. Atasının vəfat etdiyi tarixə qədər mülkiyyətində Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanında yerləşən qarajı var idi. Atası vəfat etdikdən sonra həmin qarajdan mütəmadi olaraq təyinatı üzrə istifadə etsə də, hüquqi savadsızlığına görə miras əmlakı qəbul etməsinə dair hüquqmüəyyənedici sənədlər almamışdır. Bununla bağlı Sumqayıt şəhər 1 saylı Notariat ofisinə müraciət etmişdir. 1 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 124 saylı cavab məktubu ilə ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirdi ki, 4-cü mikrorayonda yerləşən sözügedən qaraj hal-hazırda onun idarəçiliyindədir. Atası və anası vəfat etmişlər. Sadəcə vərəsəlik hüququ ilə bağlı notariat orqanına müraciət etdikdə, ona bildirilmişdir ki, mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məhkəmə qərarı olmalıdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası barədə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatənə dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 12 saylı Mənzil Kommunal Sahəsindən verilmiş 265 saylı, xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçının atası X2r. xx.xx.2015-ci il tarixli, 726695 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2014-cü ildə vəfat etmişdir. Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosunun xx xxxxxx 1966-cı il tarixli, 417 saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 10 saylı qaraj iddiaçının atası X1 məxsusdur. İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2021-ci il tarixli, 124 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (1248.1). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. Göründüyü kimi Sumqayıt şəhəri 4-cü mikrorayonda yerləşən qaraj iddiaçının atasının qanuni sahibliyində olmuşdur. Onun həmin qaraj üzərində mülkiyyət hüququnun yaranması ilə bağlı hüquqi gözləntisi olmuşdur. X3 vəfat etdikdən sonra iddiaçı qaraj üzərində vərəsəlik hüququnun tanınması üçün notariat orqanına müraciət edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin, atasının vəfat etdiyi tarixdən indiyədək qarajın istifadə hüququ iddiaçıya məxsus olmuşdur. Bu səbəbdən iddia mirasın qəbul edilmə müddətinin uzadılması hissəsində təmin edilməli, Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanında yerləşən qarajın miras əmlak kimi qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək uzadılmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (1321.1.). İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini iddia ərizəsində tələb kimi irəli sürmüşdür. Lakin, həmin şəhadətnamənin verilməsi məhkəmənin yox, notariat orqanın səlahiyyətlərinə aiddir. Bu səbəbdən iddia vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən X1 məxsus olmuş qarajın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3005/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3005/2021
06.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver