Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3013/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 29.12.2020-ci il tarixli 204847 saylı akta əsasən hesablanmış 289 manat 59 qəpik cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 3-cü mikrorayon ünvanında yerləşən 13/17 saylı binanın 3-cü mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu 30.01.2019-cu il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarış təsdiq edir. Tərtib edilən aktda mənzildə müvəqqəti yaşayan yeznəsi Cəfər Quliyevin adı qeyd edilmişdir. Bir daha bildirir ki, mənzilin mülkiyyətçisi özüdür. Cavabdeh tərəfindən mülkiyyətində olan ünvana xidmət edən elektrik sayğacına baxış keçirilmiş və 29.12.2020-ci il tarixdə 204847 saylı akt tərtib olunmuşdur. Aktda göstərilmişdir ki, mənzilə məxsus elektrik sayğacının üst örtüyü gövdədən sərbəst aralanır. Üst örtüyünün sağ aşağı hissədən vintlə gövdəyə bağlayan yuva yerindən çıxarılmışdır. Cavabdeh bunu sayğaca müdaxilə kimi qiymətləndirmiş və ona 289 manat 59 qəpik məbləğində cərimə hesablamışdır. O, bununla razılaşmır. Bildirir ki, sözügedən elektrik sayğacına heç bir müdaxilə etməmişlər. O, tərtib edilmiş aktı imzalamamışdır. Sayğac mənzilin blokunda, 2-ci mərtəbədə yerləşir. Mülkiyyətində olan mənzil isə 1-ci mərtəbədə yerləşir. İstehlakçı kimi elektrik sayğacına heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Aktın tərtibində iştirak etməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı hazırkı iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün, hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 29.12.2020-ci il tarixdə «xxxx» ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın üst örtüyünün sağ tərəfdən aralanması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 29.12.2020-ci il tarixli 204847 saylı akt əsasında 278 manat 45 qəpik dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı yuxarıda qeyd olunan bəndin tələblərinə əsasən, sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınaraq, akt əsasında 278 manat 45 qəpik yenidən hesablaşma aparılmışdır. İddiaçı isə ona məxsus mənzilə 289 manat 59 qəpik hesablaşma aparıldığını iddia edərək, həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Həmçinin, qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və «xxxx» ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacının üst örtüyünün sağ tərəf qulaqcığı qırıldığından üst örtük gövdədən sərbəst aralanması, üst örtüyün sağ aşağı hissədən vintlə bağlayan yuvanın yerindən çıxarılması müəyyən edilərək, 12.01.2021-ci il tarixli 206093 saylı protokolla təsdiq edilmişdir. MPM-in 149-cu maddəsinə, EEİQ-in 9.1-ci bəndinə istinadən hesab edir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır, iddiaçının bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Mülki Məcəllənin 560.3.2, 425-ci maddələrinə istinad edərək, qeyd edir ki, həmin hüquq normaları imperativ norma olduğundan, həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri 3-cü mikrorayon ev 110 mənzil 736 (ünvan 1 ünvana verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********00736 abonent kodu verilmişdir. 29 dekabr 2020-ci il tarixdə tərtib edilmiş R seriyalı 204847 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, sayğacın üst örtüyü sağ tərəfdən aralanır. Akta əsasən sayğac laboratoriyaya göndərilmiş, komissiya tərəfindən yoxlanılmışdır. 12.01.2021-ci il tarixli 206093 saylı rəy verilmiş və göstərilmişdir ki, elektrik hesabat sayğacının üst örtüyünün sağ tərəf qulaqcığı qırıldığından üst örtük gövdədən sərbəst aralanır, üst örtüyün sağ aşağı hissədən vintlə bağlayan yuva yerindən çıxarılmışdır. Akta əsasən iddiaçıya əlavə sərfiyyat üçün 278 manat 44 qəpik borc hesablanmışdır. Akt tərtib olunarkən abonent və şahidlərin iştirakı təmin edilməmişdir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, istehlakçının hüquqları pozulmuşdur. Bu səbəbdən, İddiaçı adına olan **********00736 saylı abonent koduna hesablanmış 278 manat 44 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt şəhəri 3-cü mikrorayon ev 110 mənzil 736 (ünvan 1 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00736 saylı abunə koduna hesablanmış 278 manat 44 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Çünki, iddia ərizəsində qeyd olunan akt üzrə itirilmiş elektrik enerjisinə görə hesablanmış borc məbləği 289 manat 59 qəpik deyil, 278 manat 44 qəpik təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri 3-cü mikrorayon ev 110 mənzil 736 (ünvan 1 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00736 saylı abunə koduna hesablanmış 278 manat 44 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3013/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3013/2021
21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver