Məhkəmə qərarları › İş №2(060)-3018/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3018/2024

27.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3018/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Qeyd etdiyi abonent koduna dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə tam şəkildə ödəmişdir. Lakin, mənzildə 21 fevral 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən mənzilin elektrik sayğacına 333074 saylı akt tərtib etmişdirlər. 830 manat məbləğində borc yazılmışdır. xx.xx.2023-cü il tarixdə sayğac yoxlaması həyata keçirilir. Yaşamadığı üçün sayğac 0 qeyd edir. Sonuncu yoxlama isə 7 ay sonra xx.xx.2024-cü il tarixdə yenə də 0 göstərici qeyd olunmuşdur. Abunə haqqında çıxarışda da görünür ki, o, həmin mənzildə uzun müddət yaşamamışdır. Bir neçə dəfə "xxxx" ASC-yə müraciət etsə də həmin borcun onların səlahiyyətində olmadıqlarını bildirmişlər. Bunun üçün də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, ona hesablanan cərimə borcu tamamilə qanunsuzdur. Sayğac çöldə yerləşir və sayğaca cavabdehliyi o daşımır. Qeyd olunanlara əsasən məhkəmədən Rİ 333074 saylı akt üzrə əsassız hesablanmış 830 manat məbləğində borcun **********00200 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində ayağı büdrəyib yıxılmış, qabırğanın sınığı səbəbindən halhazırda ev şəraitində müalicə alır. xx.xx.2024-cü il tarixində məhkəməyə gələ bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə abonentin elektrik sayğacına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentə məxsus elektrik sayğacının giriş və çıxış xəttlərinin kəsilib sayğacdan kənar xətlərdən istifadə etməsi faktı ilə əlaqədar xx.xx.2024-cü il tarixdə 822 manat 89 qəpik itirilmiş qazın bərpasına dair hesabat aparılmışdır. Hazırda iddiaçının ümumi olaraq 1418 manat 07 qəpik borcu vardır. Sərf etdiyi elektrik enerjisinin dəyəri 18 manat 80 qəpik, 49 manat 40 qəpik, 42 manat 80 qəpik məbləğlərdə olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 271 manat ödəniş etmişdir. Abonentə akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə sayğaca baxış keçirilmiş 0 sərfiyyat göstəricisi ilə, xx.xx.2024-cü il tarixdə yenə baxış keçirilən zaman 0 sərfiyyat göstəricisi olmuşdur. Məhkəmə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev(Bina):0000, mənzil:0200 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 21 fevral 2024-cü il tarixli, 333074 nömrəli aktdan görünür ki, mənzilə məxsus elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, abonent elektrik sayğacın giriş-çıxış xəttlərini kəsib, sayğacdan qeyri-qanuni istifadə etmişdir. "xxxx" ASC-nin Akt komissiyasının sədri tərəfindən tərtib olunmuş əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərinə aid cədvəldən görünür ki, M.Bayramovun Sumqayıt, 1-ci mikrorayon ünvanında yerləşən **********00200 saylı sayğacına baxış keçirilən zaman kənar xətt aşkar olunmuş, 822.89 (səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat hesabat aparılmış və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 45V ünvanında yerləşən 58A nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına cavabdeh tərəfindən 822.90 manat borc əsassız hesablanmışdır. Belə ki, akt yoxlama zamanı iddiaçıya məxsus mənzilə elektrik hesabat sayğacına kənar xətt daxil olması məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. İşin araşdırılan hallarına əsasən iddiaçının məzilindən kənarda yəni mənzilin girişində kənar kəttin qoşulması, həmçinin onun iddiaçı tərəfdən qoşulması, mənzildə işıqdan istifadənin həmin xətt vasitəsi həyata keçirilməsi təsdiq edilmir. Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mənzilə elektrik hesabat sayğacına kənar xətt daxil olması halı öz təsdiqini tapmır. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına da əsasən sayğaca nəzarət edilməsi və onun işlək vəziyyətdə saxlanılması iddiaçının deyil, cavabdeh təşkilatın üzərinə düşür. Belə olan halda mənzilə elektrik hesabat sayğacına kənar xətt daxil olması halında iddiaçı tərəfindən edilməsi, həmçinin mənzildən kənarda yerləşən sayğaca baxış keçirilməsi zamanı abonentin məlumatlandırılması zəruri olduğundan bu edilməmiş, aktın tərtibatında iştirak edən şəxslərin iştirakı məhkəmə iclasında təmin edilməmiş, iddiaçının təqsiri ucbatından olması sübuta yetirilməmiş, sayğacda olan nasazlıqlara görə məsuliyyət daşımadığından iddia tələbi qismən edilməlidir. Bu səbəbdən iddiaçının abunə hesabına yazılmış borc məbləği əsassız olmaqla bərabər, onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmir. Ona görə də məhkəmə iddianın qismən əsaslı olması qənaətinə gəlir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 58A (saldo üzrə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev(Bina):0000, mənzil:0200) ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 822.89 (səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat məbləğində borc **********00200 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 58A (saldo üzrə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev(Bina):0000, mənzil:(0200) ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 822.89 (səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat məbləğində borc **********00200 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar