Məhkəmə qərarları › İş №2(060)-3022/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3022/2021

02.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3022/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 12.04.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 12.04.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə görə 2500 manat pulun ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmadığından birinci instansiya məhkəməsində iştirak edə bilməmişdir. Həmin qətnamədən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Cavabdeh heç vaxt 2500 manat borc pul almamışdır. Cavabdeh ilə aralarında olan müqavilə ilə bağlı münasibətlər deyil, əmək münasibətləri yaranmışdır. Cavabdehin müəssisəsində dondurmaların paylanması ilə məşğul olmuşdur. Cavabdeh öz riskini sığortalamaq üçün iddiaçıya belə bir kredit müqaviləsi bağlamağı tələb etmişdir. İddiaçı işə düzələcəyini və gələcəkdə işlə məşğul olub ailəni maddi cəhətdən təmin olunmağını əsas götürüb kredit müqaviləsini bağlamışdır. 5-6 ay, yəni dondurma movsümü qutardıqdan sonra münasibətləri pozulduğundan iddiaçı iş yerini tərk etmişdir. İddiaçı iş yerini tərk edərkən cavabdehdən kredit müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya söz vermişdir ki, notariat kontoruna gedib kredit müqaviləsinin ləğv olunması üçün ərizə verəcəkdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu baxımdan tərəflər arasındakı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsi ilə tənzim olunmur. Lakin notarial qaydada təstiq olunmuş borc müqaviləsinin mövcudluğu iddianın təmin olunmasına gətirib çıxardır. Hal-hazırda iddiaçı iddia ərizəsi verib kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Faktiki olaraq yuxarıda göstərilən kredit müqaviləsi əhəmiyyətsiz əqddir və hüquqi nəticələr yarada bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini əsassız hesab etdi və iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, iddia tələbi tam qanunsuzdur və buna görə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən görünür ki, Cavabdeh və İddiaçı arasında 12.04.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən borcalan xx.xx.1987-ci ildə anadan olmuş İddiaçı krediti 5 ay, yəni 15.09.2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə əqd bağlanarkən tərəflər öz hərəkətlərini dərk edir, nəticələrini anlayırdılar. İddia müddəti bir il keçdiyindən hazırki işə baxılmalı deyildir. Həmin müqavilənin etibarsızlığını tələb etmək müddəti də keçmişdir. Müqavilədən 4 ildən çox müddət keçmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan 12.04.2017-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 2500 manat məbləğində pulu İddiaçı 5 ay, yəni 15.09.2017-ci il tarixə kimi borc vermişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 632/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair iddiası təmin edilmiş, həmin qətnamədən cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin iş üzrə 05.03.2018-ci il tarixli, 2(060)-1446/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış 12.04.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə» dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə» dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar