Məhkəmə qərarları › İş №2(060)-3024/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3024/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3024/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi və vəkili X3, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər PŞ-nin 14 oktyabr 1992-ci il tarixli 257 saylı əmrində olan “X1” qeydinin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, o, polis orqanlarında işlədiyi müddətdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və bununla əlaqədar olaraq müharibə veteranı kimi təqaüdə çıxarkən bu nəzərə alınaraq müharibə veteranı kimi təqaüdünə 11 manat da əlavə edilmişdir (AR ƏƏSMN yanında DSMF-nin xüsusi şərtlərlə təyinat İdarəsinin 20.08.2019-cu il tarixli məktubu). Lakin onun «Müharibə veteranı» adı və vəsiqəsi verilməsinə köməklik üçün AR DİN-nə müraciətinə cavab olaraq bildirilmişdir ki, onun döyüşlər gedən ərazilərə ezam olunmağı barədə əmrdə adı «Vadim» kimi göstərildiyi üçün bu qeydin dəyişdirilməsinin mümkünsüzlüyü və hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi qeyd edilmişdir. Ona görə də o, hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edir. Sumqayıt şəhər Pİ-nin ona ünvanlanmış 17.06.2019-cu il tarixli məktubundan görünür ki, xidmət siyahısında adı «Vadil» kimi göstərilməsinə baxmayaraq, 14 oktyabr 1992-ci il tarixli 257 saylı əmrində adı «Vadim» kimi qeyd edilmişdir və bu səbəbdən Ağdam şəhərinə ezam olunmağı barədə müvafiq arayışın ona verilməsi qeyri- mümkün hesab edilmişdir. AR DİN X7 idarəsinin 11.12.2019cu il tarixli məktubundan da görünür ki, Sumqayıt şəhər Pİ-nin 14.10.1992-ci il tarixli 257 saylı əmrində adı «Vadil» deyil, «Vadim» kimi qeyd edilmişdir və bu halda məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçinin vəkili ərizəçinin göstərdiklərini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi izahatında göstərdi ki, ərizənin təmin edilməsinə etirazları yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin mülki iş üzrə 11 mart 2020-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 aprel 2021-ci il tarixli 012-5259-1221 saylı məktubuna əlavə edilmiş Sumqayıt şəhər PŞ-nin 14 oktyabr 1992-ci il tarixli 257 saylı əmrindən görünür ki, Sumqayıt şəhər RŞ-nin əməkdaşları, ……. kiçik s-t “X1” əhalini erməni hərbi birləşmələrinin hücumlarından müdaifə etmək və ictimai asayişi təmin etmək məqsədi ilə 10 oktyabr 1992-ci il tarixdən Ağdam şəhərinə ezam edilmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 İdarəsinin 06 aprel 2021-ci il tarixli, 024-968-1221 saylı məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 17.04.2019-cu il tarixli, 012-10939-1219 nömrəli məktubla təqdim olunmuş arxiv şəxsi işinin xidmət keçmə siyahısında Ərizəçi ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmasa da, Qarabağda və Ermənistanla sərhəd rayonlarında yaranmış müharibə vəziyyəti ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinin 14.10.1992-ci il tarixli, 257 nömrəli əmri ilə onun Ağdam şəhərinə ezam olunması qeyd edilmiş, həmin əmrdə adının “Vadil” deyil, “Vadim” kimi yazılması sonuncunun döyüşlərdə iştirakı faktının məhkəmə qaydasında təsdiqlənməsi zərurətini yaratmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəmə sorğusuna əsasən təqdim edilmiş Ərizəçi barəsində DİN Xidməti siyahıdan görünür ki, Ərizəçi 06.02.1992-ci ildə Sumqayıt şəhər Pİ-nin PPXB-də polis nəfəri işləmişdir. AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1961 il tarixdə Ucar rayonu Alpı kəndində doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 İdarəsi tərəfindən verilmiş 24.04.2019-cu il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin əmrində adın düzgün yazılmaması hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasına baxılmasını zəruri edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İş materiallarından göründüyü kimi, ərizəçinin adı ona məxsus dövlət qeydiyyatı aktlarında “Vadil” kimi qeyd olunmasına baxmayaraq, Sumqayıt şəhər PŞ-nin 14 oktyabr 1992-ci il tarixli 257 saylı əmrində səhvən “Vadim” kimi qeyd olunmuşdur və yanlışlığın yol verildiyi sənəd müəyyən hüquqları reallaşdırmaq üçün zəruri vasitə rolunu oynayan sənəddir və hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, ərizə təmin edilməli, Sumqayıt şəhər Polis Şöbəsinin 14 oktyabr 1992-ci il tarixli 257 saylı əmrində göstərilmiş «X1» qeydinin xx.xx.1961-ci il tarixdə Ucar rayonu Alpı kəndində doğulmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt şəhər Polis Şöbəsinin 14 oktyabr 1992-ci il tarixli 257 saylı əmrində göstərilmiş «X1» qeydinin xx.xx.1961-ci il tarixdə Ucar rayonu Alpı kəndində doğulmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar