Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3027/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, iddiaçı, həmçinin digər iddiaçının nümayəndəsi İddiaçı1 və onun nümayəndəsi, Vəkil, üçüncü şəxslər X4 və X2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı (üçüncü şəxslər- X7 və X5) mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) Sumqayıt şəhəri 3 saylı notariat ofisinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, anaları X1 miras qalmış əmlakın (Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 27, mənzil 46) qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1972-ci ildə Sumqayıt şəhəri və İddiaçı2 xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuşlar. X6 onların analarıdır. O, xx.xx.2020-ci ildə vəfat etmişdir. Onlar anaları X1 miras qalmış əmlakın - Sumqayıt şəhəri, 12-ci mkr, ev 27, mənzil 46-nın qəbulu ilə əlaqədar olaraq cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisinə müraciət etmişlər. Notariat ofisindən onlara verilən imtina məktubunda mirasın qəbul edilmə müddətinin ötürülməsi səbəbindən məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Əliyev X8 Federasiyasında yaşayır. Pandemiya ilə əlaqədar olaraq o, Azərbaycan Respublikasına gələ bilmirdi. Ona görə də üzürlü səbəbdən müddəti ötürmüşdür. Bundan əlavə digər vərəsələrlə öz aralarında razılığa gəlmişdilər ki, ev vərəsəlik qaydasında onun adına sənədləşdiriləcək. Hazırda digər vərəsələr buna narazılıq edir və onlar xx.xx.2022-ci ildə mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət ediblər. İddiaçı1 isə öz aralarında razılıq olduğu vaxtında notariat ofisinə müraciət etməmişdir. Belə ki, onlar öz aralarında razılaşmışlar ki, ev qardaşı İddiaçı2 adına sənədləşdirilsin. İşə məhkəmədə baxılarkən X7 və X5 (bundan sonra – üçüncü şəxslər) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilmişlər. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, anası vəfat edərkən belə qardaşı Elşən pandemiya səbəbindən ölkəyə gələ bilməyib. Yalnız anasının il mərasimində gəlib və bütün xərcləri çəkib. Bacı və qardaşları arasında razılğıa əsasən ev Elşənin adına keçirilməli idi. Bu səbəbdən o da notariat orqanına müraciət etməyib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı1 nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı Elşən hal-hazırda Rusiyadadır. Pandemiya zamanı sərhədlər bağğlandığı üçün ölkəyə gələ bilməyib və bu səbəbdən müdəti ötürüb. Eləcə də İddiaçı1 da qardaşını gözlədiyi üçün müddəti ötürüb. Belə ki, iddiaçılar və üçüncü şəxslər öz aralarında razılaşmışlar ki, evi Elşənin adına rəsmiləşdirsinlər. Bu səbəbdən iddiaçılar notariat orqanına müraciət etməyiblər. Lakin sonradan üçüncü şəxslər həmin razılaşmanı pozmuş və İddiaçı1 mənzilə buraxmamışlar. Üçüncü şəxslərin ərizələrinin notarius tərəfindən qəbul edilməsinə səbəb odur ki, onlar həmin mənzildə qeydiyyatdadırlar və notarius mirasın onlar tərəfindən qəbul edildiyi qənaətinə gəlib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs şəxs X7 öz izahatında bildirmişdir ki, mübahisəli mənzildə bacısı Kəmalə və özü qeydiyyatdadırlar. O, həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Bacı qardaşlar arasında mənzilin Elşənin adıan keçşirilməsi ilə bağlı heç bir razılıq olmayıb. Elşən daim Rusiyada yaşayıb və analarına baxmayıb. Analarının vəfatının ildönümündə gəlib və heç bir xərc çəkməyib. Bacıları Sevdanın həmin evdə yaşamasına etirazı yoxdur. Lakin, evin paylara bölünməsi və satılmasını istəmirlər. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 öz izahatında bildirmişdir ki, Elşən 1994-cü ildən bəri Rusiyaya gedib. Analarını bacılar saxlayıblar. Elşən hətta anasının yasına da gəlməyib. Bacı qardaşlar arasında mənzilin Elşənin adıan keçşirilməsi ilə bağlı heç bir razılıq olmayıb. Mənzildə o və bacısı Arzu qeydiyyatdadırlar. Mövcud mübahisə ilə bağlı bu günə kimi notariusa hüquqi savadsızlıqları üzündən müraciət etməmişlər. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddianın rədd ediməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahalarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından göründüyü kimi İddiaçı1 xx.xx.1972-ci ildə anadan olmuşdur. O, Zəngilan rayonu, Malatkeçin kəndində qeydiyyatdadır. Digər İddiaçı2 isə xx.xx.1975-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Üçüncü şəxslər Kəmalə Əliyeva xx.xx.1976-cı ildə, Arzu Nəbiyeva xx.xx.1970-ci ildə anadan olmuşlar. Üçüncü şəxslər ünvan 2 ünvanında qeydiyyatdadırlar. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X6 xx.xx.2020-ci ildə vəfat etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 27, mənzil 46 (bundan sonra – mübahisəli mənzil) X3 mülkiyyətindədir. İddiaçılar miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdehin xx.xx.2022-ci il tarixli, 705,706 saylı məktublarında mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçılara imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş notariat işinin materialları ilə müəyyən edilir ki, üçüncü şəxslər anaları X1 miras qalmış mübahisəli mənzilə dair vərəsəlik şəhadətnaməsi almaq üçün 3 saylı Notariat ofisinə müraciət etmişlər və ərizələri qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (1248.1). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mirasın qəbul edilməsi üçün qanunvericilik altı ay müddət müəyyən etmişdir. Həmin müddət ötürüldükdən sonra mirasın qəbul edilməsi üçün mirasın qəbul edilmə müddəti məhkəmə tərəfindən üzrlü sayılaraq uzadıla bilər. Bu halda vərəsə mirası həmin müddətdə qəbul etməsinə hansı üzrlü halların mane olduğunu əsaslandırmalı və bununla bağlı sübutlar təqdim etməlidir. İş materiallarından görünür ki, X6 xx.xx.2020-ci ildə vəfat etmiş və ondan miras əmlak kimi mübahisəli mənzil qalmışdır. İddiaçılar isə mirasın qəbul edilməsi üçün notariat orqanına təxminən bunda 2 ilə yaxın müddət keçdikdən sonra müraciət etmişlər. Buna səbəb kimi onlar İddiaçı2 Rusiya Federasiyasında yaşamasını, pandemiya şərtləri daxilində ölkəyə gəlməsinin qeyri-mümkün olmasını, həmçinin bacı və qardaşlar arasında mübahisəli mənzilin İddiaçı2 adına rəsmiləşdiriləcəyi barədə razılığın olduğunu göstərmişlər. Qeyd edilməlidir ki, İddiaçı2 ölkəyə gələ bilməməsi mirasın qəbulu müddətinin ötürülməsi üçün üzrlü səbəb sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı2 ölkəyə gələ bilməsə də mirasın qəbulu üçün hər hansı şəxsə etirbarnamə verə bilər və həmin şəxs onu təmsil edərək notariat orqanına müraciət edə bilərdi. Həmçinin bacı-qardaşlar arasında mənzilin İddiaçı2 verilməsi barədə razılığın olması isə iş materialları ilə sübuta yetirilmir. Hətta belə bir razılıq olmuş olsa belə bu hal,mirasın qəbulu müddətinin ötürülməsi üçün əsas ola bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında blə bir hüquqi mövqe ifadə olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşdən göründüyü kimi üçüncü şəxs Arzu Nəbiyeva mübahisəli mənzildə qeydiyyatda olmaqla orada yaşayır və bununla da o, mübahisəli mənzili miras əmlak kimi qəbul etmişdir. Mülki Məcəllənin mirasın qəbulu üçün 6 ay müddət müəyyən edən 1246-cı maddəsi vərəsələri mirasın qəbulu məsələlərində daha məsuliyyətli olmağa vadar edir və mirası faktiki və formal yolla vaxtında qəbul etmiş vərəsələrin hüquqlarının müdafiəsinə xidmət edir. Belə ki, bir sıra vərəsələr tərəfindən mirasın idarə edilmə və ya notariat orqanına müraciət edilməklə qəbulundan uzun müddət keçdikdən sonra yeni vərəsələrin ortaya çıxaraq mirasın qəbulu müddətinin uzadılmasını tələb etmələri ədalətli sayıla bilməz. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı anaları X1 miras qalmış əmlakın (Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 27, mənzil 46) qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3027/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3027/2022
29.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver