Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3027/2024 01.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhər, Yaşıldərə, Yeni yaşayış massivi ərazisində iddiaçıya məxsus fərdi yaşayış evinə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 3110,40 manat (sayğacın zavod nömrəsi **********403, abonent kodu **********00008) əsassız olaraq yazılmış cərimə borcunun araşdırılıb silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yaşıldərə, Yeni yaşayış massivi ərazisində iddiaçıya məxsus fərdi yaşayış evinə heç bir xəbərdarlıq etmədən Sumqayıt qaz istismar sahəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü ıl tarixli ******* saylı akta əsasən 3110,40 manat " (sayğacın zavod nömrəsi **********403, abonent kodu **********00008) cərimə borcu yazılmışdır. Əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə iddiaçıya 3110,40 manat manat cərimə yazmışdır. Guya xəttə müdaxilə olmuşdur. Onun tərəfindən heç bir müdaxilə olmamışdır. “Azəriqaz İB-nə hal-hazırda heç bir borcu yoxdur. Hesab edir ki, həmin cərimə qanunsuzdur və əsassız olduğu üçün silinməlidir. Vaxtlı- vaxtında azəriqaz sərfiyyatına olan borcu kartla ödəyir. Heç bir borcu yoxdur. “Azəriqaz1' İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* nömrəli akta görə yazılmış 3110,40 manat manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə təsdiq edilmiş qaz sərfiyyatının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaz sərfiyyatının istifadəsinə görə mövcud qərarların müvafiq maddəsinə əsasən qaz təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş qaz sərfiyyatına görə ödəniş alır. Cavabdeh təşkilat isə onun istifadə etmədiyi qaz sərfiyyatına görə ödəniş tələb edir. Yuxarıda qeyd olunanlardan da görünür ki, qaz sərfiyyatına görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılmalı, bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunmalı həmçinin Qaz təchizatı müəssiəsinin istehlakçıdan yalnız istifadə olunmuş qaz sərfiyyatına görə ödəniş tələb etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edirək bildirdi ki, sayğaca tərəfindən qoşulma olmuşdur. Lakin cəmi 5 gün istifadə etmişdir, lakin yazılmış borc 12 ayın borcudur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca hər ay baxış keçirilmişdir. 2023-cü ilin dekabr ayında iddiaçıya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilərkən kənar xətt aşkarlanmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar rezin boru birləşməsi edərək qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. - Cavabdeh İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2023-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 3110,4 m3 müəyyən olunmuşdur. - Fotoşəkillər və videogörüntülərdən görünür ki, abonent sayğacdan kənar qeyriqanuni qazdan istifadə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsinin fikirlərindən məlum olur ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evində sayğaca cavabdeh təşkilatın əməkdaşları tərəfindən hər ay baxış keçirilmişdir. xx.xx.2023cü il tarixində keçirilən baxış zamanı iddiaçının sayğacdan kənar xətdən istifadə etdiyi məlum olmuş, bunun əsasında xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya 3110,4 manat cərimə hesablanmışdır. Göründüyü kimi 12 ay ərzində keçirilən baxış zamanı sayğacdan kənar xətt aşkar olunmuş olsa idi cavabdeh tərəfindən bu hal məlum olar və cərimə hesablanardı. Lakin həmin cərimə dekabr ayında olan baxış zamanı aşkar olunmuşdur. Eyni zamanda iddiaçı özü də cəmi 5 günlük sayğacdan kənar xətdən istifadə etdiyini etiraf edir. Odur ki, iddiaçının abonent hesabına hesablanmış 12 aya görə 3110,40 manat (25920 m3 x 0,12=3110,4) cərimə yazılması əsassızdır. Lakin aşkar olunan kənar xəttin dekabr ayında (1 ay) qoşulması qənaətinə gəldikdə, 3110,4 manat cərimədən 259,2 manat çıxılmalı, 2851,2 manat cərimə iddiaçıya məxsus abonent hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 2851,2 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 48,52 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə (Abonent: **********00008) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 2851,2 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə (Abonent: **********00008) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış cərimənin 2851,2 manatı silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilməli olan 48,52 manat Cavabdeh İB-dən alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3027/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3027/2024
01.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver