Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-303/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, iddiaçı Məhərrəmova Gülçöhrə Abuzər qızının cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhərrəmova Gülçöhrə Abuzər qızı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25-də yerləşən 11 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25də yerləşən 11 saylı mənzil 3 otaqdan ibarətdir. Mənzilin kirayəçisi X1 olmuşdur. İddiaçı Allahverdi Məhərrəmovla xx.xx.2004-cü ildə nikaha daxil olmuşdur və həmin mənzildə yaşamışdır. Allahverdi Məhərrəmov xx.xx.2009-cu ildə vəfat etmişdir. Lakin, hələ də mənzilin kirayə müqaviləsi Allahverdi Məhərrəmovun adınadır. Cavabdehlərdən Cavabdeh1 Allahverdi Məhərrəmovun gəlini, Feyruz, Fəridə, Leyla və Aydan isə onun nəvələridir. Cavabdeh1 və onun oğlu Feyruz 2008-ci ildən həmin evi tərk edərək Corat qəsəbəsində yaşayırlar. Cavabdeh5 ailə həyatı qurmuş və Abşerona gəlin köçmüşdür. Cavabdeh3 isə xarici ölkəyə gəlin köçmüşdür. Cacabdehlərin mənzildə qeydiyyatda qalmaları iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Mənzilin bir otağı iddiaçıya verilsə də, cavabdehlərin yaratdığı məhdudiyyətlər iddiaçıya hüquqlarını həyata keçirməyə imkan vermir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Nümayəndə və Cavabdeh7 iş üzrə cavabdeh kimi cəlb edilmələri, ilkin iddia tələbi ilə yanaşı iddiaçının mübahisəli mənzilin istifadəsində olan 17,3 kv.metr sahəsi olan otağına köçürülməsi, mənzilin çöl giriş-çıxış qapısının açarının cavabdehlərdən alınaraq ona verilməsi, mənzilin kommunal sahələrindən istifadəsinə cavabdehlər tərəfindən qoyulmuş məhdudiyyətin onlara qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25-də yerləşən 11 saylı mənzildə qeydiyyatdadır. xx.xx.1969-cu il tarixli, 10/516 saylı orderə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25-də yerləşən 11 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) Allahverdi Məhərrəmova verilmişdir. Orderdə icarədarın ailə üzvləri kimi onun həyat yoldaşı,üç oğlu və bir qızı göstərilmişdir. 9 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli, 792 saylı arayışında göstərilmişdir ki, mübahisəli mənzildə iddiaçı ilə yanaşı cavabdehlər də qeydiyyatdadırlar. Mənzil dövlət fonduna aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin arayışları ilə cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olduqları müəyyən edilir. Nikah haqqında şəhadətnaməyə əsasən iddiaçı ilə Allahverdi Məhərrəmov arasında nikah xx.xx.2004-cü ildə bağlanmışdır. Ölüm haqqında şəhadətnaməyə əsasən Allahverdi Məhərrəmov xx.xx.2009-cu ildə vəfat etmişdir. 9 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası X3, əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25-də yaşayan şəxslər X4 və X2 tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli mənzildə qeydiyyatda olsalar da orada yaşamırlar. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş Sumqayıt XDS İcraiyyə Komitəsinin xx.xx.1969-cu il tarixli iclas protokolundan çıxarışa əsasən müəyyən edilir ki, mübahisəli mənzil həmin tarixli qərarla 6 nəfərlik ailə tərkibinə əsasən Allahverdi Məhərrəmova verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-1225/2011 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh7 cavabdeh Nümayəndə və qeyrilərinə qarşı kirayə kirayə müqaviləsinin dəyişdirilməsi barədə iddiası təmin edilmiş, mübahisəli mənzilə dair kirayə müqaviləsinin Cavabdeh7 adına bağlanması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil 1969-cu ildə order əsasında Allahverdi Məhərrəmova verilmişdir. Mənzil hələ də dövlət fonduna aiddir. İddiaçı 2004-cü ildə Allahverdi Məhərrəmovla nikaha daxil olaraq mübahisəli mənzilə köçmüşdür. Bu səbəbdən hazırkı mübahisəyə icarə münasibətlərinin tənzimləndiyi xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi iddiaçı 2004-cü ildə Allahverdi Məhərrəmovla nikaha daxil olaraq icarədarın ailə üzvü kimi mübahisəli istifadə hüququ əldə etmişdir. Hazırkı iş üzrə cavabdehlər Allahverdi Məhərrəmovun uşaqları, nəvələri və gəlinidir. Eyni zamanda mübahisəli mənzilin Allahverdi Məhərrəmova verilməsi haqqında orderdə cavabdehlər Nümayəndə və Cavabdeh7 adları da icarədarın ailə üzvləri kimi qeyd edilmişdir. Yəni, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları vardır. Eyni zamanda xx.xx.2011-ci il tarixli, 2(060)-1225/2011 saylı qətnaməsi ilə mübahisəli mənzilə dair kirayə müqaviləsi dəyişdirilərək Cavabdeh7 adına bağlanmışdır. Yəni, artıq mübahisəli mənzilin icarədarı dəyişmişdir. Yeni icarədar olan Cavabdeh7la iddiaçı arasında isə hər hansı ailə münasibətləri mövcud deyildir. Bu səbəbdən iddiaçının mübahisəli mənzilin icarədarı ilə olan ailə münasibətlərinə əsaslanan mənzildən istifadə hüququ aradan qalxmışdır. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzillə bağlı hər hansı hüquqa malik olmadığı üçün onun həmin mənzillə bağlı iddia qaldırmaq hüququ da yoxdur. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məhərrəmova Gülçöhrə Abuzər qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Nümayəndə və Cavabdeh7 Allhverdi oğluna qarşı cavabdehlərin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25-də yerləşən 11 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddiaçının həmin mənzilə köçürülməsi və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-303/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-303/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver