Məhkəmə qərarları › İş №2(060)-303/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-303/2022

17.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-303/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən "təbii X4nın pozulması haqqında" 25.12.2019-cu il tarixli, ******* №-li akta əsasən qeyd edilən 216 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64.67 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanında yerləşən, 19 saylı evin, 35 nömrəli mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda həyat yoldaşı X1 adı qeyd edilmişdir. Mərhum həyat yoldaşı 09 mart 2020-ci ildə vəfat etmişdir. Hal-hazırda sözügedən mənzilin mülkiyyətçisi odur. Bunu 01.10.2020-ci ildə verilmiş Çıxarış təsdiq edir. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən onun mənzilinə xidmət edən mexaniki tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni smartkart tipli qaz sayğacı quraşdırmışlar. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” 07.11.2019-cu il tarixli, ******* №-li Akt tərtib olunmuşdur. Mənzildən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X5 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və 24.12.2019cu il tarixli, MSK-29/1710-03507 saylı akta əsasən müəyyən edilmişdir ki, “Sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsildiyindən” sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. "Təbii X4nın pozulması haqqında” 25.12.2021-ci il tarixli, 224418 №-li Akt tərtib edilmişdir. Sözügedən akta əsasən sayğacın dəyərinə görə 64,67 manat borc hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmiş və Aktları imzalamamışdır. Qaz sayğacı mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o günahkar deyil. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, sayğacın dəyəri iddiaçıdan tutulmalıdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 arasında Ordubad rayonunda 02.07.1978-ci il tarixdə akt qeydləri kitabında 13 nömrəli qeyd aparılmaqla rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 16 mart 2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 19 saylı evin, 35 nömrəli mənzili İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı, 25.12.2019-cu il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 19 saylı evin, 35 nömrəli mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilmiş rəyə görə Sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. İş materiallarında olan 30.12.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 19 saylı evin, 35 nömrəli mənzilinə 2160 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan 01/01MS-11-932 nömrəli, 05.08.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 19 saylı evin, 35 nömrəli mənzilinə yeni quraşdırılmış sayğacın dəyəri olan 64.67 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X4”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, 19 saylı evin, 35 nömrəli mənzilinə quraşdırılmış sayğacın qorunub saxlanmasına məsuliyyət daşımadığından, həmin mənzilə dair tərtib edilmiş 25.12.2019-cu il tarixli, ******* №-li akta əsasən qeyd edilən 216 manat borc və sayğacın dəyərinə görə hesablanmış 64.67 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 11-ci mikrorayon, 19 saylı evin, 35 nömrəli mənzilinə (abunə kodu: **********00350) hesablanmış 216 manat borc və sayğacın dəyərinə görə tələb edilən 64.67 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar